525.Az

Məmməd Yolçuyevin "Drezdendə görüş" kitabı


 

Məmməd Yolçuyevin "Drezdendə görüş" kitabı<b style="color:red"></b>

"Drezdendə görüş" kitabı fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Məmməd Yolçuyevin bədii yaradıcılığında nəşr olunan ikinci kitabıdır. "Drezdendə görüş" "Füyuzat" nəşriyyatında çapdan çıxıb. Nəşrin redaktoru Araz Fərzəliyevdir.

Kitabda "Müəllim", "Bazarkom", "Əks səda", "Deyəsən xəstəyəm", "Xəstə həkim", "Qocanın arzusu", "Minnətdarlıq", "Ağır eşidirəm", "Klip" adlı bir-birindən maraqlı hekayələri və "Drezdendə görüş" adlı povesti yer alıb.

Hekayələr və povestdə müxtəlif xarakterli insanlar arasındakı münasibətlərdən bəhs olunur. Nəşrdə gənclərin məhəbbətləri, elmə, təhsilə maraqları, Vətənə, torpağa bağlılıqları və s. cəhətdən qabarıq şəkildə verilib. Müəllifin "Drezdendə görüş" adlı povesti isə xüsusi olaraq diqqət çəkir.

Kitabda yer alan hekayə və povestlər müəllifin mənəvi aləminin, məqsəd və məramının nədən ibarət olduğunun, oxucu ilə nəyi  bölüşmək istədiyinin təqdimatıdır. Yeni nəşrin geniş oxucu auditoriyası qazanmasını şərtləndirən əsas amil də məhz bu  özəlliyi qoruması, yeni mövzu ilə diqqəti çəkməsidir.

Qeyd edək ki, Məmməd Yolçuyev 1937-ci ildə Ağdam rayonunun Muğanlı kəndində anadan olub. 1955-ci ildə Şıxbabalı kənd orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Fizika fakültəsinə daxil olub. 1960-cı ildə universiteti bitirdikdən sonra üç il öz doğma Şıxbabalı kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olub. 1972-ci ildə həmin institutun "radiofizika" laboratoriyasında apardığı elmi tədqiqat işinin nəticəsi olaraq görkəmli fizik, akademik Lətif İmanovun rəhbərliyi altında dissertasiya müdafiə edib. Fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsi alıb.

1974-cü ilə qədər orada işləyib. Sonra müxtəlif illərdə Odessa Dəniz Donamması Mühəndisləri İnstitutunun Bakı filialında dosent, dekan müavini, Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Neft Akademiyası Energetika fakültəsinin "Elektrotexnika və neft sənayesinin energetikası" kafedrasında dosent vəzifəsi tutmaqla "Fizika", "Elektrotexnika", "Elektrotexnika və elektronika", "Elektrotexnika və radiotexnika", "Elektronika və elektrik ölçmələri" fənlərindən Azərbaycan və rus dillərində mühazirələr oxuyub. Məmməd Yolçuyev elmi kitabın və 70-dən çox elmi məqalənin müəllifidir. 
 

 





29.06.2022    çap et  çap et