525.Az

"Şuşa İli"nə həsr olunmuş "Mədəniyyət: problemlər və perspektivlər" adlı Beynəlxalq elmi Konfrans keçirilib


 

"Şuşa İli"nə həsr olunmuş "Mədəniyyət: problemlər və perspektivlər" adlı Beynəlxalq elmi Konfrans keçirilib<b style="color:red"></b>

İyunun 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2022-ci il "Şuşa İli"nə həsr olunan "Mədəniyyət: Problemlər və Perespektivlər" adlı doktorant və gənc tədqiqatçıların XV Beynəlxalq elmi Konfransı keçirilib. Mövcud pandemiya qaydalarına əsasən konfrans onlayn platformada gerçəkləşdirilib. 

"Şuşa, sən azadsan!" deviziylə baş tutan konfransın plenar iclasını giriş sözü ilə ADMİU-nun prorektoru, dosent Sədaqət Əliyeva açaraq, rektor Ceyran Mahmudovanın salamlarını konfrans iştirakçılarına çatdırıb, rektorun və rəhbərliyin adından gənc tədqiqatçılara uğurlar arzulayıb. O qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var. Həmçinin, prorektor xalqımızın böyük Qarabağ qələbəsinə toxunub və Şuşanın azadlığının dövlətimiz, xalqımız və bütün Türk dünyası üçün önəmindən danışıb. 

Eyni zamanda, S.Əliyeva elmi konfransa Qazaxıstan, İran, Türkiyə və başqa xarici ölkələrdən, eləcə də müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə daxil olduğunu, bu məqalələrin hər birinin həmin sahənin mütəxəssisləri tərəfindən diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə qəbul olunan məqalələrin bölmə iclaslarında təqdim olunacağını bildirib.
Sonra söz qonaqlara verilib. 

AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, Turan Akademiyasının akademiki Qasım Hacıyev Şuşanın tarixi və xalqımız üçün əhəmiyyətindən danışıb. 

Tarix elmləri doktoru, BDU-nun professoru, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev də keçirilən konfransın önəmindən danışıb və Şuşanın tarixinin, mədəniyyətinin, maddi-mənəvi sərvətlərinin gənc tədqiqatçılar tərəfindən araşdırılmasının vacib olduğunu vurğulayıb. 

Daha sonra Dublin Universitetinin doktorantı Baha Əhməd Yılmaz, Ukraynadan qatılan professor, sosial kommunikasiyalar üzrə elmlər doktoru Anastasiia Bessarab, Əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Eteri Cəfərova və başqaları müxtəlif sahələrdə məruzələrlə çıxış ediblər.

Sonra konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri sədr, həmsədr və digər mütəxəsisslər tərəfindən dinlənilib, suallar verilib və iştirakçıların məruzələri qənaətbəxş hesab edilib.


Şahanə MÜŞFİQ

 





28.06.2022    çap et  çap et