525.Az

Taliban avqustda hücuma keçəcək? - Xaqani Cəfərlinin yazır


 

Taliban avqustda hücuma keçəcək? - <b style="color:red"> Xaqani Cəfərlinin yazır</b>

Rusiyanın Ukraynaya hərbi təcavüzündən bir neçə həftə əvvəl Taliban hərəkatının güclü və yaxşı silahlanmış hərbi qüvvələrini Tacikistan və Özbəkistan sərhədinə göndərdiyi haqqında məlumat yayıldı.

Taliban Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fasihuddin Fitrat bəyan etmişdi ki, hərəkat 10 min silahlısını ölkənin şimalına göndərib. Əfqanıstanın şimalı Tacikistan və Özbəkistanla həmsərhəd olan Bəlx, Gündüz, Taxar və Bədəxşan əyalətləridir. Diqqəti çəkən məqamlardan biri də Taliban ordusunun Əfqanistan hökumətindən miras qalmış döyüş təyyarələrini də ölkənin şimalına göndərməsi idi. Məhz bu məqam Talibanın hansısa müdaxiləyə hazırlaşdığı qənaəti yaratmışdı. Sovet-Əfqanıstan müharibəsi zamanı 40-cı Orduya komandanlıq edən general-polkovnik Boris Qromov Talibanın hərəkətini Əfqanıstanın daxili siyasi vəziyyəti ilə bağlı olduğunu bildirmişdi. General Qromov Talibanın təcavüzə cəsarət etməyəcəyi və Rusiya ilə münaqişəyə girmək istəməyəcəyi ilə bağlı əminliyini ifadə etmişdi.

Rusiyanın ən təcrübəli hərbçilərindən biri sayılan general-polkovnik Boris Qromov bu fikirlərini bəyan edən zaman bölgədə fərqli vəziyyət mövcud idi. Ona görə də general Qromov haqlı idi. İndi isə vəziyyət kəskin dəyişib. Rusiya Ukraynada sonu görünməyən çox ağır müharibə aparır. Bu müharibədə Rusiya ordusu çox ağır itkilər verir. Belə məlumatlar var ki, müharibənin bir günü Rusiya büdcəsinə təxminən bir milyard dollara başa gəlir. Ağır itkilər nəticəsində Rusiya ordusunun canlı qüvvə çatışmamazlığından əziyyət çəkdiyini sübut edən çoxlu məlumatlar var. Eyni zamanda Rusiya ordusunun texnika, xüsusilə artileriya sarıdan problemlə üzləşdiyi haqqında əsaslı fikirlər yayılıb. Ukrayna ordusunun son zamanlar Qərbdən güclü silah alması Rusiyanın daha çox itki verməsinə səbəb olacaq. Ukrayna ordusunun avqustda müdafiədən hücuma keçəcəyi haqqında fikirlər səslənir. Bu məlumatların yayıldığı bir zamanda Talibanın da avqust ayında Rusiyanın müttəfiqi Tacikistana hücum edəcəyi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Belə görünür ki, fevral ayının əvvəlində Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyən Taliban avqust ayında əlverişli vəziyyət yaranacağını düşünür.

Müasir Əfqanıstanın Öyrənilməsi Mərkəzinin eksperti Andrey Serenko bir neçə müddət öncə bildirmişdi ki, Taliban hökumətində daxili işlər naziri olan Siracuddin Haqqani Mərkəzi Asiyaya hücum planı hazırlayır və Rusiyaya qarşı ikinci cəbhə açmağa hazırdır. Ekspert bildirmişdi ki, bu ssenarinin gerçəkləşəcəyi halda Rusiya Ukraynadakı qoşunlarının bir hissəsini Tacikistana köçürməyə məcbur qala bilər. Andriy Serenko hesab edir ki, bu, ukraynalılar üçün ciddi dəstək olar.

Son məlumatlara görə, Siracuddin Haqqani "Ənsarullah" qruplaşmasına bağlı cihadçıları Əfqanıstanın şimal əyalətlərinə göndərməyə başlayıb. Tacikistana qarşı avqustda başlayacağı ehtimal olunan müdaxilənin də məhz "Ənsarullah" və İŞİD-in bayrağı altında həyata keçiriləcəyi ehtimal olunur. İŞİD-in də, Əfqanıstan qruplaşmasının da əsas qüvvələrini Tacikistanla sərhədə göndərdiyi haqqında məlumatlar yayılır. Rusiyalı ekspertlər iddia edirlər ki, Haqqani ABŞ-la razılığa gəlib və indi Orta Asiyanı işğal etməyi planlaşdırır. Ekspertlərə görə Talibanı şirnikləndirən əsas məqamlardan biri də Rusiya ordusunun döyüş qabiliyyətinin çox aşağı olmasının üzə çıxmasıdır. Uzun müddət Rusiya ordusunun qüdrəti haqqında təbliğat aparılıb və bu təbliğat müəyyən nəticə də vermişdi. Amma Ukraynada say və texnika üstünlüyünə baxmayaraq Rusiya ordusunun ciddi uğur qazana bilməməsi effektli təbliğatın yaratdığı təəssüratı tamamilə dağıdıb. Rusiya ordusunun ən yüksək döyüş qabiliyyətli bölmələrinin Ukraynada çox ağır itkilər verməsi də artıq heç kimə sirr deyil. Bütün bunlar da Talibanı Rusiyanın müttəfiqlərinə qarşı təcavüzə sövq edəcəyini ehtimal etməyə əsas verir.  

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bir neçə gün öncə bəyan edib ki, avqust ayından başlayaraq müəyyən hadisələr baş verəcək və bütün dünya bir dönüş nöqtəsinin gəldiyini görəcək. Budanovun bu açıqlaması hazırda çox müzakirə olunmaqdadır. Belə ehtimal edilir ki, Budanovun hansısa bilgiləri var. Əgər bütün bu məlumatlar həqiqət olsa, o zaman avqust ayında Rusiya iki istiqamətdə müharibə aparmaq məcburiyyətində qalacaq. Rusiya Tacikistanı müdafiə etməsə, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı iflas edəcək. Rusiya ətrafında vəziyyət ciddi şəkildə dəyişir və bu, Talibanı şirnikləndirir. Rusiyada isə qorxurlar ki, Talibanın hücumu ölkə daxilindəki "hücrə"lərin oyanmasına səbəb ola bilər. Rusiya təhlükəsizlik orqanları radikal islamçı qruplara bağlılığı ehtimal olunanların hələlik ciddi fəallıq göstərmədiklərini bildirirlər. Lakin hər kəsə aydındır ki, Ukraynada müharibə uzandıqca Rusiya "qan" itirir və bu, ölkənin sərhədlərinə nəzarətin zəifləməsinə, radikal qrupların fəallaşmasına səbəb olacaq. Əgər ehtimal olunan kimi avqust ayında Taliban hücuma keçsə, bölgədə tamamilə yeni vəziyyət yaranacaq.   
 

 





29.06.2022    çap et  çap et