525.Az

"Böyük yeddilər" Putini hədəf aldı


 

"Böyük yeddilər" Putini hədəf aldı<b style="color:red"></b>

Rusiya ordusu bir neçə gündür ki, Ukraynada raket hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib. Kiyev rəsmiləri Rusiyanın hər gün Ukrayna ərazisinə 60-dan 80-ə qədər uzaqmənzilli raket atdığını qeyd edirlər. Bu zaman Rusiya ordusunun malik olduğu bütün raket arsenalından istifadə edilir. Rusiya ordusu Ukraynaya  "Toçka-U", "X-22", "Oniks", "İskəndər", "Kalibr" və X-101 raketləri ilə zərbə endirir. Rusiyanın əsas hədəfi isə Jitomir, Çerniqov, Nikolaev, Xarkov, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləridir. Ötən bazar Rusiya ordusu Jitomir vilayətinin ərazisinə 30 raket zərbəsi endirib.

Almaniyanın Elmau şəhərində keçirilən "Böyük yeddilər"in sammitinin iştirakçıları Rusiyanın Ukraynaya raket hücumunu pisləyən bəyanat yayıblar. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin yaydığı bəyanatda G7 liderləri Kremençuq ticarət mərkəzində həlak olanlara və həlak olanların ailələrinə başsağlığı veriblər. G7 Rusiyanın qəddar hərəkətlərini pisləyib və bu faktları müharibə cinayəti kimi tanıyıb. Bəyanatda o da deyilir ki, bu vəhşilikdə əli olan hər kəs və şəxsən Rusiya prezidenti Putin cavab verməlidir.

ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Mario Draqi, Yaponiyanın baş naziri Fumio Kişida və ev sahibi -  Almaniya kansleri Olaf Şoltsla yanaşı, sammitdə Avropa Birliyinin rəhbərləri də iştirak ediblər.  

Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyini açıqlayan G7 liderləri Ukraynanın yanında olacaqlarını da qeyd ediblər. G7 liderləri bəyan ediblər ki, onlar Ukrayna ilə həmrəyliyə, Ukrayna hökumətini və xalqını öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etmək, dinc, firavan və demokratik gələcək uğrunda mübarizələrində dəstək verməklə bağlı öhdəliyə sadiqdirlər. Bundan başqa G7 liderləri Avropa Birliyinin Ukrayna və Moldovaya namizəd ölkə statusu vermək qərarını alqışlayıblar. Rusiyanı nüvə ritorikasından əsassız istifadə etməkdə ittiham edən G7 liderləri Moskvanı öz beynəlxalq öhdəliklərinə, o cümlədən, kimyəvi, bioloji və nüvə silahlarının istifadəsini qadağan edən öhdəliklərə əməl etməyə çağırıblar. "Biz Rusiyanı məsuliyyətli davranmağa, təmkinli olmağa çağırırıq və bir daha bildiririk ki, bu cür silahlardan istənilən istifadə qəbuledilməzdir və ölkə ağır nəticələrlə üzləşəcək".

G7 ölkələrinin liderləri Rusiyanın gəlirlərinin azaldılması istiqamətində fəaliyyətlərini davam etdirmək haqqında da razılığa gəliblər. Bunun üçün dünyanın aparıcı iqtisadiyyatları Rusiyanın dünyanın əsas sənaye resurslarına, xidmətlərinə və texnologiyalarına çıxışını daha da məhdudlaşdırmaq üçün məqsədyönlü sanksiyaları genişləndirmək niyyətindədir.

G7 liderləri həmçinin, Rusiyaya qarşı sanksiyalarının şərtlərinin icrasından yayınmağa çalışan Qərbdəki siyasi qüvvələrə və şirkətlərə qarşı mübarizəni davam etdirəcəyini vəd ediblər. Aydın görünür ki, G7 liderlərinin Almaniyanın Elmau şəhərində keçirilən sammitinin əsas gündəmini Rusiyanın Ukraynaya qarşı təcavüzü, onun doğurduğu nəticələr və buna görə Moskvaya qarşı tətbiq edilməli olan siyasətin mövzusu təşkil edib. Bu isə o deməkdir ki, Rusiyanın qlobal iqtisadiyyatdan kənarlaşdırılması prosesi davam edəcək. Sammit iştirakçılarının şəkil çəkdirdikləri zamanda da mövzu Rusiya prezidenti olub. G7 liderləri, xüsusilə Böyük Britaniyanın baş naziri Boris Conson və Kanadanın baş naziri Castin Trüdo Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyublar.

Elmauda keçirilən "Böyük yeddilər"in sammiti bir daha təsdiqlədi ki, Vladimir Putin Rusiyanın prezidenti qaldığı müddətdə Moskva ilə münasibətlər gərgin olaraq qalacaq.  
 

 





30.06.2022    çap et  çap et