525.Az

Lavrovun Bakı səfəri və Laçın dəhlizi məsələsi - Sosial şəbəkədə yazılanlar


 

Lavrovun Bakı səfəri və Laçın dəhlizi məsələsi - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanlı, jurnalist:
- Lavrov Bakıda olanda Laçın atəşə tutuldu: bu, delimitasiya prosesi və dəhliz marşrutunun dəyişməsi ilə Laçın şəhərinin təhvil verilməsi məsələsində pərdəarxası savaşın nəticəsidir.
lll 
- Paşinyan da bəyan etdi ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək: Ermənistan hökuməti Laçın şəhəri və Zabuxda yaşayan erməniləri mənzillə təmin edəcəklərinə dair söz verib;
Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər.
Birincisi, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər: çatlaq səslər artıq eşidilir, lakin razılaşma var və Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir, bununla yanaşı, bu məsələ Rusiyaya üçtərəfli razılaşmada "irəliləyiş" olduğunu göstərmək baxımından lazımdır;
İkincisi, çıxmaq istəməyən, lakin məcbur edilən ermənilər geridə qalanları məhv edəcək: müharibədən sonra evlərə od vurduqlarını görmüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil;
Üçüncüsü, çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır, Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə: Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır; mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır, hərçənd, Qarabağa - separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil, xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür;
Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb, "Qarabağ erməniləri" deyil (Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin də sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir). Misal üçün, Zabuxun qondarma "icma rəhbəri" Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. 
Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır.

Etibar Məmmədov, rejissor: 
- "Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi" - Zakir Həsənov.
"Biz hələ ki, Şuşa əməliyyatını ictimaiyyətə tam şəkildə çatdıra bilmirik. Burada bir məxfilik amili var". Bunu AzTV-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. 
Nazir müsahibəsində Şuşa əməliyyatı barədə də danışıb. General-polkovnik bu əməliyyatın bəzi detallarını açıqlayıb: "Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Əməliyyatı hazırlayandan sonra cənab Prezidentə məruzə etdik. Təbii ki, o da fikirlərini söylədi, düzəlişlər etdi. Bilin ki, düşmən bizi ayrı istiqamətdən gözləyirdi. Birinci istiqamət o idi ki, onlar bizi həmişə Ağdam tərəfdən gözləyirdilər. Son günə kimi orada güclü bir qrup saxlayırdılar. Onlar da sonda mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, orada Ermənistan ordusu böyük itki verəcəkdi. İkinci ehtimalları o idi ki, onlar bizi Qırmızı bazar istiqamətindən gözləyirdi. Orada da güclü müdafiə qurmuşdular. Ancaq bizim qəhrəman Mühəndis qoşunlarımız bir gecədə yol açdı. İndi Zəfər yolu ilə neçə saata gedirsiniz? Bax bu yolu bizim qəhrəmanlar bir gecədə açdılar. O yol torpaq yolu idi. Yağış yağırdı, yollar palçıq idi. Yəni əməliyyatın hazırlıq ərəfəsində bizim topçular, havaçılar, raketçilər həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində düşmənin hərəkətinin qarşısını aldı. Düşmənə imkan vermədik ki, Şuşanın müdafiəsində iştirak etsinlər. Bu əməliyyatın növbəti mərhələsində bizim qəhrəman xüsusi təyinatlılar Şuşaya daxil oldular və Şuşanı işğalçılardan azad etdilər.
Xüsusi qeyd etmək istəyərdim ki, əməliyyatın hazırlığında möhtərəm Prezident qəti qadağan etdi ki, Şuşa əməliyyatında artilleriyadan istifadə edilməsin. Birmənalı şəkildə dedi ki, bu, bizim tarixi şəhərimizdir, gərək bunu nəzərə alasınız. Adi döyüşlərdə təbii ki, artilleriyadan istifadə edirdik. Şuşa döyüşlərində nə artilleriyadan, nə də təyyarələrdən istifadə etdik. Şəhərə ağır zərbələr vurmadıq. Təbii ki, bu da düzgün idi. Nəticədə bizim qəhrəman xüsusi təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdi".

Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Bu gün şəhərimizdə Monolit adı ilə tanınan binanın qarşısından keçirdim. Fasaddakı məşhur sakinlərlə bağlı xatirə lövhələri diqqətimi çəkdi. Tanınmış hərbçilərimizin - general-mayor Akim Abbasovun, general-mayor Şəmsi Rəhimovun, general-leytenant Hüseyn Rəsulbəyovun xatirə lövhələri batelyef tipli və yenidir. Amma təəssüf ki, bu lövhələrdə də heç bir prinsip gözlənilməyib. Birində soyad əvvəldə, şəxs adı sonda, digərində isə tam tərsinə yazılıb. Heç birinin doğum və ölüm illəri, Akim Abbasov istisna edilməklə bu binada yaşadıqları tarix qeyd olunmayıb. Eyni diqqətsizlik rütbələrlə bağlı da nəzərə çarpır. Mədəniyyətimizin sərkərdəsi Üzeyir bəyin bəxti isə heç gətirməyib. Onun indi istifadədən çıxmış kiril əlifbası ilə yazılmış xatirə lövhəsində bir orfoqrafik səhv ("evdə" əvəzinə "evda" və üç durğu işarəsi səhvi var. Azərbaycan və rus mətnləri adekvat deyil. Azərbaycan mətnində "dahi bəstəkardır", rus mətnində isə sadəcə "böyük bəstəkardır" ). Və ümumiyyətlə, Üzeyir bəyin adına, şəxsiyyətinə, xidmətlərinə layiq deyil. Akademik Heydər Hüseynovun xatirə lövhəsi sanki candərdi vurulub, Mərziyə Davıdovanın lövhəsi isə nədənsə yalnız rus dilindədir. Yaxşı olardı ki, bu "raznoboya" son qoyulsun və bütünlükdə xatirə lövhələrindəki mətnlərin unifikasiyası aparılsın. "Şuşa İli"ndə Üzeyir bəyin tarixi və mənəvi cəhətdən köhnəlmiş, səhvlərlə dolu xatirə lövhəsini yeniləmək isə bir şərəf borcu olmalıdır.
P.S. Bakının beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsi nəzərə alınaraq xatirə lövhələri mətnlərinin Azərbaycan və ingilis dillərində tərtibi daha məqsədəuyğun olardı.

Azər Qəribov, bloger:
- İtaliyaya olan sevgimizin səbəbləri sırasına müasir Azərbaycanın tarixində yeni səbəblər əlavə olundu. 
Bu ölkə həmişə Azərbaycan dövlətinə isti münasibət göstərib, həmişə dəstəkləyib, Avropanın digər bəlli ölkələrin tırkasına getməyib, bizə qarşı addımlar atmayıb. 
Bu dəfə İtaliyada olanda beynəlxalq aləmdə ənənəvi olan "Where are you from?" sualına xüsusi qürurla cavab verirdim ki, "I am from Azerbaijan" və ən sevindirici o oldu ki, söhbət etdiyim 5 nəfərdən ən azı 4-ü "Bilirik, siz müharibədə qalib gəlmisiniz" dedi.
Qalan bir nəfər isə "Qarabağ" və "Qəbələ" futbol klublarını tanıdı.
Ordumuz başımızı uca tutdu, 23 fevralı yaddaşımızdan sildi və bizə Qələbə bəxş etdi. 
Bayramımız mübarək olsun!

Rauf Qərib Alagöz, yazar:
- Rusiya əvvəl 20 dollara başa gətirdiyi nefti 40 dollara satıb 20 dollar qazanırdı.  İndi Çin və Hindistana 80 dollara satıb 60 dollar qazanır. Əvvəl satdığının yarısını satsa belə, əvvəlkindən daha çox qazanmış olur.
Qərbin sanksiyalarının təsirindən Rusiya varlanır, Avropa özü baha neft-qaz alaraq kasıblayır. 
Əvvəl 40 dollara aldığı nefti 120 dollara, 200-300 dollara aldığı qazı 1000-1500 dollara alır...
Proseslər 2-3 il belə davam etsə, Avropa parçalanacaq.
Tələsməlidirlər, ya da nəsə etməlidirlər. 
İndiki gedişat uğurlu deyil!

Ələkbər Əliyev, yazıçı:
- Azərbaycanlıların əksəriyyəti Grammar Azi səhifəsinə nifrət edir. Birincisi, ona görə ki, "w" hərfindən istifadə edənləri, ümumiyyətlə, iqnor edir, adam yerinə qoymur. Grammar Azi "w" problemini çoxdan aşıb, onları heç görmür. Onlarla, bir növ, barışıb. Düzəliş təklif etmir. "Allah bəlanızı versin" deyir.
İkincisi, imkan vermir ki, Azərbaycan dili təhqir olunsun. "W" ilə kifayətlənmir və öz dillərini pis bildiklərini, yaxud heç bilmədiklərini azərbaycanlıların üzünə çırpır. 
Grammar Azi unikal və Don Kixot səhifədir. Allah köməyi olsun.

Elçin İlqaroğlu, jurnalist:
- NAXÇIVANDA GÖRÜNMƏMİŞ SOSİAL İNKİŞAF İNQİLABI
Bəlkə də inanmayacaqsınız, "belə şey ola bilməz, ələlxüsus da Naxçıvanda ola bilməz" deyəcəksiniz. Amma inanın! İnanın ki, yazacaqlarım real faktlardır və bütün bunlar Naxçıvanda baş verir.
Əmimqızı Afərim Allahverdiyeva aztəminatlı ailə hesab olunur. Ancaq hazırda 35 baş kiçikbuynuzlu malı var. 
Afərim qadın olsa da, çox kişilərdən comərddir. Bayaq deyirəm ki, əmiqızı, o quzulardan birini kəs yeyək. Qayıtdı ki, bunlar olmaz, istərsən əlavə iki-üç gün qal, bazardan birini alım, istədiyin qədər kabab, bozdama ye.
Təəccübləndim. Həyətində 35 baş qoyun-quzusu var, amma mənə qonaqlıq vermək üçün "quzunu bazardan alım" deyir. Səbəbini soruşdum. Əmiqızı məsələnin mahiyyətini danışanda şoka girdim. Əcəba, belə bir şey mümkünmü?
Deməli, şəxsən cənab Vasif Talıbovun göstərişi ilə aztəminatlı ailələrə dövlət tərəfindən yardım edilir. Edilən yardım şəxsin öz istəyinə uyğun təyin olunur - istərsən 10 baş yanıbalalı qoyun alarsan, istərsən də 1 baş yanıbalalı sağmal inək alarsan. 
Dövlət bu yardımı edərkən şərt qoyur: iki il ərzində onları sata və kəsib yeyə bilməzsən. İki il ərzində mal-heyvanın sayını artıracaqsan, müddət tamam olduqdan sonra hamısı sənindir, nə istəyirsən et. Bu müddət ərzində tələf olan malların yeri dövlət tərəfindən doldurulur, çünki onları sığortalayırlar. Əmiqızı dedi ki, gələn ilin fevralında dövlətin verdiyi müddət tamam olur, o zaman gələrsən qonaqlığını verərəm.
Bütün bunlardan iki məqsəd güdülür: 
- birincisi, aztəminatlı ailələrin maddi vəziyyətini yaxşılaşdırmaq;
- ikincisi, maldarlığın inkişafı.
Təsadüfi deyil ki, son iki ildə Naxçıvanda maldarlıq 35-40 faiz inkişaf edib, bundan sonra daha da inkişaf edəcəyi gözlənilir. Dostlar onu da dedilər ki, iki il ərzində 10 baş yanıbalalı qoyunların sayını 50-yə çatdıranlara dövlət əlavə yardımlar da edir. Bu, əsl inqilabdı - SOSİAL İNKİŞAF İNQİLABI!
Öz vətəndaşına bunu edən dövlətə nədən deməyəsən ki, VAR OL, ÇOX YAŞA, DÖVLƏT BABA!

Faiq Hüsiyev, jurnalist:
- Şamaxıda yerləşən Lama (Alpaça) fermasına baxmaq üçün giriş haqqı böyüklərə 35 manat, yeniyetmələrə isə 15 manatdır. Regional turizmin cəlbedici nöqtəsində belə qiymət, məncə, çox bahadır. Sahibkar yürütdüyü qiymət siyasətinə yenidən baxsa, daha yaxşı olar.
 

 





29.06.2022    çap et  çap et