525.Az

"Eşqdən anlamayan adam" -  Qurban Səid - Orxan Aras yazır


 

"Eşqdən anlamayan adam" -  Qurban Səid - <b style="color:red"> Orxan Aras yazır</b>

Birinci yazıda Hollandiyada Qurban Səidin tədqiqatçısı Hans Yurgen Mauerdən bəhs etmişdim.
Ertəsi gün günortadan sonra Hollandiyanın paytaxtı olan Den Haaqdan həyəcanla Utrextə yola düşdüm. Hans Yurgenlə axşam saat 4-də görüşməli idik.

Den Haaq ilə Utrext arasındakı məsafə təxminən əlli kilometrdir. Magistral yollarla birləşən iki şəhər tarlalar, su kanalları və böyük sera bağları ilə doludur. Yol boyu zaman-zaman heyvan fermaları da gözə çarpırdı. Yolun hər iki tərəfində bol südlü məşhur holland inəklərini görmək mümkündür.

Hans Yurgenin gecələdiyi Utrext şəhərində orta əsrlərə aid tarixi binalar var. Katolik kilsəsinin ali təmsilçisi olan arxiyepiskop da Utrextdə yaşayır. 1636-cı ildə qurulmuş bir universitet də var.

Hans Yurgenin səhər göndərdiyi mesajlarda ikimizi də sevindirən xəbərlər var idi. Hollandiyalı tədqiqatçı Hans Mulderin həyat yoldaşı və oğlu onu evlərinə şam yeməyinə dəvət etmişdilər. Deməli, əziz dostum orada Hans Mulderin illər ərzində topladığı Qurban Səidlə bağlı sənədləri yaxından görəcəkdi. Mən ondan daha həyəcanlı idim.

Qurban Səidin tədqiqatçısı Hans Mulder də maraqlı insan imiş. O, İkinci Dünya müharibəsinin sonunda - 1945-ci il martın 26-da anadan olub. Atası o, hələ iki həftəlik körpəykən, əlində silah dolu çamadanla yaxalanmış və nasist əsgərləri tərəfindən vurulmuşdu. Bu hadisə Hans Mulder böyüdükdən sonra da həyatında dərin təsir yaratmış və o, həmişə zülmə qarşı mübarizəyə sadiq qalmışdır. Universitetdə incəsənət tarixi üzrə təhsil alıb. Daha sonra siyasi karikaturalar toplayaraq, müxtəlif yerlərdə sərgilər açıbmış.

Digər tədqiqatçılar kimi Qurban Səidin də həyatına marağı onun "Əli və Nino" romanı ilə tanışlığından sonra yaranıb. Hətta  eyni roman  həyat yoldaşı ilə tanışlığına da vəsilə olmuşdu. Berlin və Vyana kimi Qurban Səidin yaşadığı yerlərdə araşdırmalar aparan Mulder 1991-ci ildə "Het Oog" jurnalında bu mövzuda "Əli və Nino roman"ı, Qurban Səidin sirri" adlı məqalələr dərc etdirib. Məqalədə Tom Reisin səhvləri və Qurban Səidin Vyanadakı dostu Rolf (Omar) fon Ehrenfelsin sonuncu həyat yoldaşı Mirey Abeille ilə söhbətlərindən bəhs edən tədqiqatçı, xüsusən də məqalənin sonunda maraqlı fikirlər irəli sürüb. "İstanbullu qız" romanının makina ilə yazılmış vərəqlərdəki dəst-xətti Qurban Səidin dəst-xətti ilə müqayisə edən Hans Mulder əsərin kəsinliklə Qurban Səidə aid olduğunu yazıb. "İstanbullu qız" romanının türk nüsxəsinin olduğuna inandığını da yazan Mulderin bu sözləri Hans Jurgen Mauer tərəfindən ciddi qəbul edilməməkdədir.

Utrext şəhərinə çatmamış Hans Yurgendən mesaj aldım. O, Utrext məscidinin qarşısında məni gözlədiyini yazırdı. Utrextdə o qədər tarixi əhəmiyyətli binaların olduğu halda niyə məscidin qarşısında məni gözlədiyini başa düşə bilmədim. Hans Yurgenin belə qəribə halları var. Frankfurtda olarkən: "Gəlin, gedək bir türk restoranında köftə yeyək"- demişdi. Görünür, o, Azərbaycan və türk xörəklərinin dadını yaxşı bilirmiş. Utrextdəki məscidə yaxınlaşanda məscidin yanında türk restoranının olduğunu gördüm və məni niyə ora dəvət etdiyini başa düşdüm. Gözəl görüşdən sonra türk restoranında ləzzətli nahar etmək istəyibmiş.

Hans Yurgeni incə uzun minarənin kölgəsində əliboş gördüyümdə ürəyim sıxılmışdı. Əvvəlcə sənədləri ala bilmədiyindən şübhələnərək pis oldum. Amma maşına əyləşən kimi sevinərək telefonunu göstərdi. "Mən 250-yə yaxın sənədin surətini çıxarmışam", dedi. İndi qarşıda duran uzun yolun yeganə mövzusu Hans Mulder, Qurban Səid və ondan qalan fotoşəkillər, əlyazmalar və məlumatlar olacaqdı.

Qurban Səidin ölümündən əvvəl titrək və qarışıq dəst-xəttlə yazdığı "Eşqdən anlamayan adam" romanından  günümüzədək narahat və axtarış içərisində olan ruh, artıq həyatda olmayan bir hollandiyalı ilə bir türkün və almanın yollarını birləşdirmişdi. 

Almaniyaya doğru sürətləndikcə, maşında bizdən çox Qurban Səidin varlığı var idi. Ömrünün son saatlarına kimi onun "Bakı, Bakı" deyə sayıqlayan səsi sanki qulağımıza çatırdı.
 

 





29.06.2022    çap et  çap et