525.Az

Təhsildə inkişaf və innovasiyalar


 

Təhsildə inkişaf və innovasiyalar<b style="color:red"></b>

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

Müsabiqə zamanı təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkilinə dair məsələlər əhatə olunur. 

"Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nə  "Ümumi təhsil müəssisələri kateqoriya"sı üzrə 230, "Fərdi kateqoriya" üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında "Ümumi təhsil kateqoriya"sı üzrə 47, "Fərdi kateqoriya üzrə" 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi  V Qrant müsabiqəsində "Ümumitəhsil" kateqoriyasında "Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar konfransının keçirilməsi" layihəsi ilə qalib gəlib. Məktəbin direktoru Nasim Abışov qeyd edir ki, layihənin məqsədi istedadlı şagirdlərimizin diqqətini dahi Nizaminin ölməz əsərlərini dərindən öyrənərək, onun mütərəqqi elmi fikirlərini araşdıraraq tədqiqat aparmağa yönəltməkdir: "Layihəmiz üçün feysbuk sosial şəbəkəsində səhifə yaradıldı. Konfransda iştirak üçün respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dəvət olundu. Şagirdlərin onlayn qeydiyyatdan keçməsi üçün onlayn portal yaradıldı və ümumilikdə respublikanın 30-a yaxın şəhər və rayonlarından 400-dən çox şagird qeydiyyatdan keçdi. Layihəmizdə fəaliyyət göstərmək üçün 1 nəfər təlimçi və 4 nəfər ekspert seçildi. Mütəmadi olaraq layihəmizin məqsədi, vəzifələri və görüləcək işlər barəsində sosial şəbəkədə məlumatlar paylaşıldı. 
Qeydiyyatdan keçmiş şagirdlər və onların müəllimləri ilə təlimçi və ekspertlərin feysbuk sosial şəbəkəsi üzərindən təşkil olunan onlayn görüşlərdə dahi Nizami Gəncəvinin əsərlərində müxtəlif elm sahələrinə aid materiallar, məqalənin necə yazılması, məqaləyə verilən texniki və elmi tələblər, qiymətləndirmə meyarları haqqında geniş məlumatlar verildi, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Şagirdlərin hazırladıqları məqalələr elektron poçt vasitəsilə qəbul olundu, ekspertlər tərəfindən həmin məqalələr müxtəlif parametrlər üzrə qiymətləndirildi və 40 şagirdin məqaləsi yekun tura buraxıldı. Məqalələr slaydlar vasitəsilə təqdim olundu. Sonda 14 şagird  I,  17 şagird II və 9 şagird III yerə layiq görüldülər. Pandemiya şəraitini nəzərə alaraq, qalib gəlmiş şagirdlərə müxtəlif vaxtlarda müvafiq diplomlar və hədiyyələr təqdim olundu. Layihənin sonunda fəaliyyətimizi qiymətləndirmək məqsədilə valideyn, şagird və müəllimlərlə onlayn sorğular keçirildi. Layihə ölkənin bir sıra məktəbləri tərəfindən maraqla qarşılandı. Layihə nəticəsində seçilmiş istedadlı şagirdlər arasında sağlam rəqabət və dostluq əlaqələri yarandı. Layihə şagirdlərdə tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirdi. Bu şagirdlərin gələcəkdə ölkə səviyyəsində keçiriləcək müxtəlif fənn müsabiqələrində, yarış və olimpiadalarda uğurla çıxış edəcəyinə inanırıq.  Şagirdlər, müəllimlər və valideynlər arasında aparılmış şifahi və onlayn sorğulara əsasən deyə bilərik ki, şagirdləri layihədə iştirak edən məktəblər arasında əlaqələr genişləndi və bu əlaqələr onların gələcəkdə birgə yarışlar, müsabiqələr, tədbirlər keçirməsinə səbəb olacaq. Valideynlər öz övladlarının təlim-tərbiyəsi ilə daha yaxından maraqlandılar, onların məktəbə və övladlarına olan inam hissi artdı.Şagirdlərdə özlərinə inam hissi daha da gücləndi, yazılı və şifahi nitq qabiliyyətlərinin inkişafına səbəb oldu, olimpiada, müsabiqə və yarışlarda iştirak etmələri üçün motivasiya yarandı. Müəllimlərin öz fənləri üzrə yaxın məktəblərdə tədris aparan digər müəllimlərlə əməkdaşlığı genişləndi. Müəllimlər gələcəkdə belə layihələrdə qalib olmaları üçün öz işlərinə daha ciddi yanaşacaqlar. Hesab edirəm ki, layihəmiz məktəb və liseylərdə dahi Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi prosesində müsbət bir addım oldu və şagirdlərimizin təqdim etdiyi ən məzmunlu elmi-tədqiqat işləri ilə tanış olduq".

Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Həsənova V Qrant müsabiqəsində "Daha gözəl həyat üçün-Antibullinq Psixoloji Dəstək Mərkəzi" layihəsi ilə qalib gəlib:  "UNESCO-nun 2019-cu ilin əvvəlində yaydığı məlumata əsasən, dünya üzrə məktəblərdə hər üç şagirddən biri qısnamaya, yəni digər şagirdlər tərəfindən təkrarlanan zorakı davranışa məruz qalır. UNICEF-ə görə, bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Şagirdlərə qarşı aqressiv davranışların qarşısının alınması üçün  maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ciddi ehtiyac var. Müasir dövrdə istənilən fəaliyyətin və insan münasibətlərinin səmərəliliyi psixoloji biliklərin tətbiqinə əsaslanır. Bu baxımdan fəaliyyət məramından, məqsədindən asılı olmayaraq bütün sahələrdə psixoloji xidmətin təşkili olduqca vacibdir. Bu aktuallıq məktəb mühitindən də yan keçmir. Təhsilin keyfiyyətinin, şagirdlərin təlim motivlərinin və nailiyyətlərinin yüksəldilməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn, icma-məktəb münasibətlərinin daha da yaxşılaşdırılması işində məktəbdə təşkil edilmiş psixoloji işin mühüm əhəmiyyəti vardır.

Layihənin əsas məqsədi məktəbdə 5-9-cu sinif şagirdlərinin əhatə olunduğu bullinq situasiyasının əsas səbəblərinin araşdırılması və onun nəticəsindən asılı olaraq zorakı davranışın həll yollarının təklifi və müəllim-psixoloq heyətlə birgə müzakirə edilməsi, məktəbdə informativ mühitin yaradılmasına nail olmaqdır".

Nüşabə Həsənovanın dediyinə görə, layihənin vəzifələrinə şagirdlərin bullinqə səbəb olan halların araşdırılması üçün sorğu şkalalarının qurulması; araşdırmanın keçirilməsi üçün online sorğuların təşkili və məlumatların yığılması; məlumatların təhlili; alınmış nəticələrin əsasında bullinq və qısnama davranışının həll yollarının təklifi; müəllim və məktəb psixoloq heyəti ilə online müzakirələrin təşkili; nəticə və müzakirələrə əsasən məktəb mühitində "Şagirdin sosial-psixoloji təhlükəsizliyi siyasətinin" yaradılması və bu siyasətin sinif otaqları və dəhlizlərdə vizual-informativ olaraq dəstəklənməsi daxildir: "Bununla bağlı Sumqayıt şəhər psixoloqlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə "Daha gözəl həyat üçün - Antibullinq Psixoloji Dəstək Mərkəzi" yaradılıb, müəllim, psixoloq, şagird və valideynlər maarifləndirilib. Layihədə əsas dəstək təşkilat kimi bu sahə üzrə böyük təcrübəsi olan "Demokratik Gənclər" İctimai Birliyi, uşaq hüquqları üzrə beynəlxalq təlimçi-ekspert Ramil Süleymanov cəlb edilmişdir. Hazırda məktəbimizin peşəkar psixoloqları və könüllü işçiləri tərəfindən uğurla davam etdirilən layihə ərzində V-IX sinif şagirdləri arasında Renessans Sosioloji Sorğu Mərkəzi sosioloji sorğular keçirib.  Layihəmizin ən böyük uğuru müəyyən psixoloji problemi olan şagirdlərimizin aşkar olunması olub. Psixoloq, müəllim və valideynlərimiz üçün "Demokratik Gənclər" İctimai Birliyi, "Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzi"nin peşəkar komandası tərəfindən hazırlanmış Beynəlxalq Təlim modulu da layihənin  davamlılığı üçün olduqca uğurlu nəticədir.

Layihə məktəbdə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi mühitinin yaranması məqsədilə 11-15 yaşlı yeniyetmələr arasında bullinq/qısnama probleminin həlli yolunda bu davranışın səbəblərini müəyyən etməyə əsaslanır. Nəticə etibarı ilə məktəb mühitində həm 5-9-cu sinif şagirdlərinin zorakı davranışının səbəbləri aşkarlanacaq, bu səbəblərə fokuslanan həll yolları təklif olunacaq, həm də müəllim və məktəb psixoloqları bu davranışın effektiv həllində pozitiv və etibarlı rol oynayacaqlar. Bundan əlavə, məktəbdə sosial-psixoloji mühitin vurğulanması və dayanıqlığı üçün şagird, müəllim eləcə də valideynlərin daim görə biləcəyi şəraitdə destruktiv davranış modellərinə dair vizual-informativ vəsait yer alacaqdır. Sorğunun nəticələri bullinq davranışının səbəblərini müəyyən etməklə yanaşı, aparılacaq işləri düzgün istiqamətləndirəcək, müəllim və psixoloqların problem haqda məlumatlılığını artıracaq. Şagirdlərlə aparılacaq işlər onlarda bullinqə qarşı davranış modellərinin formalaşması üçün müvafiq vizaul-informativ vəsaitin yaranmasına, eləcə də məktəb mühitinin daha təhlükəsiz məkana çevrilməsinə təkan verəcəkdir. Şagirdlərin məktəbdə aparılan işlərə cəlb olunması motivasiyası da artmış olacaqdır. Müəllim və psixoloqların məktəb mühitində şagirdlərin destruktiv davranış modellərilə bağlı məlumatlılığı, bu spesifik davranışın müəllim-şagird-valideyn üçbucağına dayanaraq effektiv həll yollarının mənimsənilməsi və tətbiq olunmasına yardımçı olacaq. Ümumilikdə, şagirdin sosial-psixoloji təhlükəsizliyinin təmin olunması və dəstəklənməsi müəllim və pedaqoji heyətin bu istiqamətdə biliyinin artırılması, şagirdlərin pozitiv aktivliyinin vurğulanması və bununla bağlı xüsusi biliklərinin formalaşmasına xidmət edəcək".
 

Sevinc QARAYEVA
 

 





29.06.2022    çap et  çap et