525.Az

Böyük qayıdışa sarsılmaz əminlik - Aslan Mehdiyev yazır


 

Böyük qayıdışa sarsılmaz əminlik - <b style="color:red"> Aslan Mehdiyev yazır</b>

Aslan MEHDİYEV
Binəqədi rayon İcra Hakimiyyəti 
yanında İctimai Şuranın sədri

Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Prezident cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bu fəaliyyətdən irəli gələrək dövlət başçısının  dəfələrlə çıxışlarında dayanıqlı inkişafın vacibliyini bildirməsi vətəndaşlarımız üçün motivasiya mənbəyinə çevrilib.

Ölkə başçısının qətiyyətli addımları hər bir soydaşımıza mənəvi güc verir. Müzəffər Ali Baş Komandanın diplomatik çevikliyi və Milli Ordumuzun əzmi sayəsində Qarabağ işğaldan azad olundu. Azərbaycan xalqı milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə birləşib düşmənlə mübarizə aparmaq gücünü ortaya qoydu. Bu gün dünya azərbaycanlıları bu şanlı Zəfərlə qürur duyurlar.

Ölkə başçısının işğaldan azad olunan rayonlara etdiyi səfərlər də hər birimizin böyük sevincinə səbəb olub. Bu rayonlarda Azərbaycan bayrağının qaldırılması müasir tariximizin ən şanlı səhifələrindəndir. Cənab Prezidentin bu yerlərə səfəri və orada dünyaya zəruri mesajlar verməsi hər birimizi qürurlandırır. Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik. Bu gün dövlətin dəstəyi ilə işğaldan azad olunan torpaqlarımızda infrastruktur yenidən bərpa olunur, sistemli quruculuq işləri aparılır. Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxışında dediyi fikirlər bizdə böyük qayıdışa bir daha əminlik yaratdı. Ölkə başçısı qeyd etdi ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyətlə sürəti birləşdirməkdir: "Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir".

Bütün bunlardan sonra dünya bir daha Qarabağın həm tarixi, eləcə də iqtisadi olaraq Azərbaycanın tərkib hissəsi olduğunu görəcək. İnfrastrukturunun yenidən qurulması, müasir şəhərsalma prinsipinə uyğun quruculuq işlərinin aparılması Qarabağın güclü iqtisadi mərkəzə çevriləcəyindən xəbər verir. Erməni vandalizminə məruz qalan şəhərlərimizin yenidən həyata qayıtması hər birimizə böyük sevinc bəxş edir. 

Prezident cənab İlham Əliyevin Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında dediyi bir çox fikirlər həm də dünyaya verilən həmrəylik mesajı idi: "Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib".

Bununla cənab Prezident Qarabağda yenidənqurma işlərində beynəlxalq həmrəyliyin bərqərar olmasını nümayiş etdirir. Artıq Azərbaycan Qarabağı sülh və əməkdaşlıq regionuna çevirməklə geopolitik gücünü göstərir. Bütün bunlar isə dövlətimizin daxili və xarici siyasətinin düzgün qurulduğunun göstəricisidir. Bu, özünü xalq-iqtidar birliyində də hər zaman büruzə verir. İkinci Qarabağ müharibəsində qələbəmizin əsas səbəblərindən biri də həmin günlərdə xalqın Prezidentə, Prezidentin isə xalqa arxalanması oldu. Böyük Zəfəri də bizə məhz bu birlik bəxş etdi.
 

 





30.06.2022    çap et  çap et