525.Az

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası


 

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə onlayn platforma üzərindən XIV Karyera Yarmarkası təşkil olunub. Azərbaycanda ilk dəfə onlayn platforma üzərindən təşkil olunan  Karyera Yarmarkasında iştirak edən müəssisə və təşkilatlar virtual platformada stendlər qurub, öz vakansiyalarını və təcrübə proqramlarını UNEC-in tələbə və məzunlarına təqdim edə biliblər.


UNEC rektoru professor Ədalət Muradov ilk dəfə olaraq onlayn keçirilən yarmarkanın gələcəkdə hər ay təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.  Rektor məzunların işlə təmin edilməsinin UNEC-in strateji inkişafının əsas hədəflərindən biri olduğuna diqqət çəkərək, onların əmək bazarında layiqli yer tapmasının universitetlərin keyfiyyət göstəricilərindən biri olduğunu deyib.

Ədalət Muradovun sözlərinə görə, bu il UNEC-dən 3478 bakalavr, 1678 magistr olmaqla, 5165 tələbə məzun olacaq. Ümumilikdə isə UNEC, Zaqatala filialı, UNEC nəzdindəki kolleclərdən 5674 məzun əmək bazarına vəsiqə alacaq. Rektor iş dünyasına təqdim edilən "UNEC2B" platformasından da söz açıb: "Platformaya əsasən, UNEC məzunlarına keyfiyyət zəmanəti verir, belə ki, məzunlar işə götürüldüyü halda, zəif tərəfləri aşkarlanarsa, universitet üç il ərzində onlara iş dünyasının tələbinə uyğun olaraq təlimlər keçəcək. Həmçinin, iş müsahibəsi zamanı UNEC tələbələrinin zəif cəhətləri aşkar olunarsa, məzun olana qədər həmin zəifliyinin aradan qaldırılmasını da UNEC öz üzərinə götürür".
Ə.Muradov keçən ilki məzunların 66 faizinin işlə təmin edildiyini, bu rəqəmin artırılması üçün kifayət qədər potensialın olduğunu deyib. UNEC-in ötən il 31 şirkətlə görüşlər təşkil etdiyini, 9 qurumla əməkdaşlıq müqaviləsi imzalandığından söz açan rektor,  Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Agentliyin bazasında olan məlumatların UNEC-in elektron universitet modelinə inteqrasiya olunacağını vurğulayıb.

Rektor bu il keçirilən onlayn Karyera

 Yarmarkasında 3722 tələbə və məzunun qeydiyyatdan keçdiyini, ölkənin aparıcı şirkətləri tərəfindən 702 vakansiya, 54 təcrübə proqramının təqdim olunduğunu qeyd edib. O, Karyera Yarmarkasının faydalı olacağından əminliyini ifadə edərək, nəticələrin ictimaiyyətə açıqlanacağını vurğulayıb. 

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev UNEC-in son illərdəki inkişafını, eləcə də məzunların məşğulluğu ilə bağlı həyata keçirdiyi yenilikləri yüksək qiymətləndirib. Komitə sədri Karyera Yarmarkasının onlayn keçirilməsinin üstünlüklərindən danışıb, yeniliyin tətbiqinin gələcəkdə beynəlxalq şirkətlərin bu işə cəlb olunmasına böyük imkanlar yaratdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli UNEC-in daim yeniliklərlə çıxış etdiyini bildirərək, virtual karyera yarmarkasını uğurlu platforma kimi qiymətləndirib. Agentlik sədri təhsil və məşğulluğun əsas hədəflərini açıqlayıb, əmək bazarının tələb və təkliflərindən, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən söz açıb.
Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nərgiz Nəsrullayeva Müdüroğlu təmsil etdiyi qurumun gənclərin məşğulluğundakı rolundan və layihələrindən danışıb. AmCham-ın UNEC-lə əməkdaşlığı çərçivəsində tələbə və məzunların palatanın tərkibinə daxil olan şirkətlərdə işə cəlb olunduqlarını və təcrübə proqramlarında iştirak etdiklərini diqqətə çatdırıb, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın UNEC-in iş dünyası ilə sıx əməkdaşlıq istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirdiyini yüksək qiymətləndirib. O, onlayn Karyera Yarmarkasının məzunların məşğulluğunda, karyera qurmalarında faydalı olacağından əminliyini ifadə edib.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, UNEC yeni növ ali məktəb formasını təqdim etdi: "UNEC-də həm idarəetmə, həm təhsilin məzmunu, həm də struktur baxımından yenilikləri çoxdur. Nəticə olaraq universitetdə klassik fakültə, dekan, rektor strukturu tamamilə dəyişib. Bütün bu yeniliklərə görə UNEC çox müasir universitet kimi təqdim edilir, nümunəvi ali təhsil müəssisəsidir. Digər universitetlərimiz də UNEC nümunəsindən faydalana bilərlər. Bu ali təhsil müəssisəsi elmi tədqiqatlara, yeni ideyalara çox açıqdır. Bəzi rektorlar var ki, bir çox təklif verilir, ancaq heç birini qəbul etmir. Amma elələri də var ki, bütün yeni ideyaları həvəslə nəzərdən keçirirlər".

Professorun sözlərinə əsasən, son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir. Rektor Ədalət Muradov UNEC-i tədqiqat universitetinə çevirmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. 

Şahlar Əsgərovun dediyinə görə, UNEC Azərbaycan universitetlərinə xas olan bir sıra mənfi xüsusiyyətlərdən, neqativ hallardan özünü qoruya bilib: "Əvvəllər "Narxoz" kimi tanınan universitetin bazasında UNEC kimi müasir bir ali təhsil müəssisəsi yaradıldı. Hazırda bu ali məktəbin beynəlxalq nüfuzu təqdirəlayiqdir. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti ali məktəblərin beynəlxalq reytinq siyahısında ölkəmizi önə çıxarıb. Rektor Ədalət Muradovun əsas hədəfi  "UNEC-100" İnkişaf Strategiyasına əsasən, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 ali məktəblərindən birinə çevirməkdir.  Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən biri olacaq. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə UNEC bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. UNEC-in dünya səviyyəli universitetə çevirmək üçün yetərincə potensialı da var. İnanırıq ki, Ədalət Muradovun əzmkarlığı sayəsində UNEC-in sədası daha mötəbər mövqelərdən gələcək".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universiteti aparılan islahatlar nəticəsində bölgənin ən öndəgələn, aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib: "Bu gün ölkəmizin gəncləri də UNEC-də təhsil almaq üçün bir-birilərilə rəqabət aparırlar. İllər öncəyə nəzər saldıqda biz görürük ki, universitetin fəaliyyətilə bağlı çox ciddi narazılıqlar mövcud idi. Burada həm təhsilin keyfiyyəti, həm də müxtəlif neqativ hallar vətəndaşlarımızı narahat edirdi. Amma bu gün UNEC ölkəmizdə ən keyfiyyətli təhsil verən universitetlərdən birinə çevrilib. Burada çalışan müəllimlərin əmək haqqı yaxşı səviyyədədir, tələbələrə yüksək keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılıb. Bütün bu islahatların nəticəsidir ki, UNEC sadəcə Azərbaycan ən yaxşı universitetlərindən biri deyil, eyni zamanda, dünya universitetlərin reytinq siyahısında da özünəməxsus yer tutur. Əlbəttə, qarşıda görülməli işlər çoxdur. Amma hesab edirəm ki, bu günə kimi qazanılan uğurlar da az deyil".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu günlərdə U-Multirank reytinq təşkilatı dünya universitetlərinin   2022-ci il üçün reytinqini açıqlayıb. UNEC 2020-ci ildə dünyada 950-ci yerdən bu ilki reytinqdə 251-300-cü yerə yüksəlib: "Bu il UNEC Asiya universitetləri arasında 18-ci ən yaxşı nəticəni göstərib.U-Multirank reytinqində UNEC İqtisadiyayt fənni (subject ranking) üzrə dünyada 151-200-cü yerdədir. Bu UNEC-in növbəti uğurudur. Qeyd edim ki, U-Multirank Avropa Komisiyasının təşəbbüsü ilə hazırlanır". 
 

Sevinc QARAYEVA
 

 





30.06.2022    çap et  çap et