525.Az

Qələmi ilə keşikdə dayanan ədibimiz - Qalib Şəfahətdən yubiley yazısı


 

RÜSTƏM KAMALIN 60 İLLİYİNƏ

Qələmi ilə keşikdə dayanan ədibimiz - <b style="color:red"> Qalib Şəfahətdən yubiley yazısı</b>

Rüstəm Kamal illərdi saf ürəklə ədəbiyyatımızın və ədəbi tənqidimizin keşiyində dayanıb. Bu yazıda məqsədim müşahidə etdiyim, duyduğum bəzi məqamları dilə gətirməkdir. Onun üslub baxımından fərqli yanaşma tərzi var. Onu da qeyd edim ki, Rüstəm Kamal təhlil etdiyi bədii mətndə elə düşüncəyə dalır ki, əsərdə olanları deyil, bəzən olmasını istədiklərini də dilə gətirir.

Bədii əsərlərini təhlil etdiyi müəllifin hansısa şeirinin, yaxud nəsr əsərinin zəif və ya güclü olması barədə mülahizə yürütmür və buna da qətiyyən öz işi kimi baxmır. Müəllifə lazımi məsləhətini verir. Fikri lakonik, yığcam olur, müəllifin onun fikirlərindən düzgün nəticə çıxarmasını öz öhdəsinə buraxır.

Düzdü, Rüstəm müəllim xaricdə təhsil alıb. Avropa-rus ədəbiyyatını dərindən bilir. Bu da onun bir üstün cəhətidir. Bir çoxları onun qeyri-adi intellekt səviyyəsini xaricdə oxuması və ya Avropa ədəbiyyatını mükəmməl bilməsi ilə əlaqələndirir. Bu, fikrimcə, yanlış yanaşmadır, onun Azərbaycan tənqidindəki yeri, gətirdiyi yenilikləri yalnız mükəmməl Avropa təhsili almasında yox, Rüstəm müəllimin fitri istedadında və şəxsi keyfiyyətlərində arayıb-axtarmaq lazımdır. Böyük Çin filosofu Konfutsinin bir kəlamı yada düşür: "Hər bir insanın daxili aləmi onun xarakterini və həyat fəaliyyətini tənzimləyir".

Söz yox, bu faktı da danmaq olmaz, amma təkcə Avropa-rus ədəbiyyatını oxumaq, yaxud hər hansı bir Avropa dilini dərindən bilmək əsas şərt deyil. Milli ruhun, milli düşüncənin daşıyıcısı olmalısan. Milli düşüncə ilə bəşəri düşüncə arasındakı ortaq nöqtədə durmaq üçün qeyri-adi intellekt səviyyəsinin olmasının mühüm əhəmiyyəti var.   

Bəlkə də, yol yoldaşı olmasaydıq, bunun fərqinə vara bilməzdim. Onu da deyim, Rüstəm müəllimin ədəbiyyat haqqında söhbətlərini saatlarla dinləsən belə, vaxtın necə keçdiyini hiss etməzsən. Fərqli bir düşüncəyə malikdir. Düşüncə tərzi fərqli olduqda o, səni özünə daha çox bağlaya bilər. Bəlkə də Rüstəm müəllimin danışdıqları ayrı-ayrılıqda yazılsaydı, daha böyük ədəbiyyat yarana bilərdi.

Bir məqamı da çatdırım, şeir haqqında düşüncəsi tam fərqlidir. Poeziyanı daha çox sevir, poeziyanı milli ruhun sirri-sehri kimi qəbul edir. Rüstəm Kamal obrazın poetik tarixini açıb göstərərək bizi bədii mətnin başlandığı yerə - ruhun, mənəviyyatın tarixinə aparır. Şübhəsiz ki, böyüyüb boya-başa çatdığı Qazax ədəbi mühiti də onun yaradıcılığına öz təsirini göstərib.

Bu, bəlkə də, bir filoloq, ədəbiyyatşünas alim üçün təbii haldır. Hansı tərəfdən baxırsa, gördüyünü eyni görə bilər. Bu, onun dərin müşahidəsi, düzgün və dəqiq təhlil qabiliyyətindən irəli gəlir desəm yanılmaram. Bunu bir neçə dəfə söhbətində və yanaşma tərzində müşahidə etmişəm. Baxış bucağı itidir, yanaşma tərzi səmimidir. Mətnlərin ilk baxışda görünməyən alt qatları onu daha çox maraqlandırır. Təhlil etdiyi mətnlərdə elə nüanslara, mətləblərə toxunur ki, müəllifi belə heyrətə gətirir.

Rüstəm müəllim təkcə tənqidi yazılarla deyil, həm də bədii yaradıcılıqla da məşğul olur. Söz yox, gözəl şeirlər, yaxud iri həcmli nəsr əsərləri yazmaq üçün Rüstəm müəllimin çox böyük potensialı var. Amma Rüstəm müəllim pritçalara üstünlük verir. Onu da deyim ki, bu pritçalar Azərbaycan nəsrində yenidir və yanaşma tərzi fərqlidir. Onun "Ədəbiyyat qəzeti"ndə "Yurd yerinin əlifbası" adı ilə 32 hekayə-pritçası yayımlanıb.
"Gecə öyküsü..." hekayə-pritçasının əsas məğzini xatırladım:

"Əmim qızı gözünün suyu ilə, iki uşaq yanında ata evinə gəlir. Arvad əmimi ot tayasının yanına çəkib dedi ki, bəs bilməzsənmi, qız əri ilə dalaşıb... Qudası öz qaynı olur. Sumqayıtda yaşayırmış. Qərara alır ki, məsələyə aydınlıq gətirmək üçün elə günü sabahdan Sumqayıta yola düşsün. Arvad axşamdan yoluna kotlet qızardıb hazırlayır. Əmisi onu da fikirləşir ki, qaynına nə deyəcək. "Ayə, nətər olur, 30 ildir sənin bu qara bacının zıppıltısına dözürəm, sən balamı yola aparmırsan?"

Xoruz banlamamış yola düşür.

Arvad dalınca səslənir: "Dava eləmə, xoşluqla başa sal. Qardaşıma da de ki, a qurumsaq, bə bacını haraya qoydun?

Qaranlıqda hiss edir ki, ayağına nəsə yumşaq bir şey sürtünür. Bu qorxulu təmasdan əti ürpənir. İlan-koramal olduğunu düşünüb cəld kənara sıçrayır. Yolun o üzünə keçib və dönüb geri baxır. Bu, pişik idi. İki həftə öncə üç balası ilə torbaya salıb azdırdığı pişik.

Onda arvad demişdi ki, "a kişi, qan-qarğışdılar. Güllər cijin yun əyirəndə pişik ətəyinin üstündə yatırdı. Pişik özü qalxıb gedənə kimi rəhmətlik onu narahat etmirdi. Allahın heyvanı sənə neyləyib? Nolsun ki, doğub törəyir..." Arvad bu əməlin suç olduğunu desə də, içkili vaxtında pişikləri torbaya salıb "QAZ-53"ün kuzovuna atmışdı. Xalası oğlu şofer Astandan xahiş etmişdi ki, Ceyrançölə qoyun fermalarına gedəndə bunları da yol qırağındakı kafelərin, restoranların birində açıb buraxsın: "Yenə oralarda yeməyə bir şey taparlar..."

Yolun ortasında çömbəldi, sumkasını açıb, kotletlərin ikisini pişiklərin qabağına qoyub, pişikləri sığallaya-sığallaya dedi ki, "yəqin acsınız".
Əmisi pişiyin balasını qucağına alıb və deyir: "Gəl gedək evimizə, qorxma, anan da dalımızca gəlir..."

Bu mətndən göründüyü kimi, onun mətni rasionaldır, həm də mistik-magik düşüncələr üzərində qurulub, mistik dünya ilə reallığın sintezini yaradır. Ayrı-ayrı obraz və motivlər mətnin şüuraltı fonundan, leksik-semantik strukturundan çıxarılıb əyaniləşdirilir, yenidən mənalandırılır. Daha çox mətnin fəlsəfi-estetik enerjisinin gözə görünməyən yönlərini canlandırılıb təsvirə çevirir.

Bu pritçalar Rüstəm Kamalın dərin müşahidəsinin və şüuraltı axının sintezindən yaranıb. "Dərviş heybəsindəki pritçalar" adı ilə çoxlu pritçalar müəllifidir. Birini diqqətinizə çatdırım: 

"Oğlu dərvişə dedi:

 - Uşaq vaxtı evimizin arxasından təpə böyük görünürdü. İndi isə baxıram, sanki kiçilibdi. 

Dərviş dedi:

 - Əsas ruhun böyüməsidir, oğlum. Ruh böyüyəndə bütün hər şey səninlə bərabər böyüyür". 
Arada fikirləşirsən, görəsən, Rüstəm Kamalla haraya qədər, elə ədəbiyyatda da, həyatda da yol yoldaşlığı edə bilərsən? Sual mürəkkəb ola bilər, amma sadə cavabı da var. "Haraya qədər bacarırsan, elə oraya qədər".

Bəlkə də bir təsadüfdü, babası onun adını Rüstəm qoyub. 60 il bundan əvvəl dünyaya gələn bir körpəni Rüstəm Zal kimi görmək istəyib. Amma zənni onu aldatmayıb. Belə bir deyim var: "Qılıncla fəth edərlər, qələmlə əldə saxlayarlar". Rüstəm Kamal qılıncı yox, qələmi əlinə götürdü. Görünür, qələmə daha çox ehtiyac duyulan bir zamandır. Ona görə də Rüstəm müəllim zəmanəmizin Rüstəm Zalı yox, Rüstəm Kamalı oldu.

Rüstəm müəllim, qələminizi həmişə əlinizdə möhkəm tutun, 60-dan sonra da!
 

 





30.06.2022    çap et  çap et