525.Az

Cüneyt Arkın, uşaqlığım və Azərbaycan - Orxan Aras yazır


 

Cüneyt Arkın, uşaqlığım və Azərbaycan - <b style="color:red">Orxan Aras yazır</b>

İlk dəfə kinoya on-on bir yaşımda İğdırda getmişdim. İbtidai sinif müəllimimiz bizi mükafatlandırmaq üçün İkinci Dünya müharibəsindən bəhs edən bir filmə aparmışdı. Toplar partlayanda, pulemyotlardan atəş açılanda qorxudan yan üstə uzanırdıq. İki nəfərlik motosikletlərlə bizə tərəf sürətlə gələn nasist əsgərlərindən qaçmaq üçün oturacaqların altında gizlənirdik. Hərdən kinoteatrda şəhər uşaqları bizə baxaraq gülürdülər.

Kinoteatrdan çıxanda qorxudan gözlərimiz yaşla dolmuşdu.

İğdırda orta məktəbə başlayanda bu dəfə dayım məni kinoya aparmaq istədi, amma çox da həvəsli deyildim. Onun təkidi ilə İğdırdakı iki kinoteatrdan biri olan Aras kinoteatrına girdik. Bilet iki lirə idi. Film başlamazdan əvvəl səsgücləndiricidə bütün ığdırlılara növbəti filmin reklamını səsləndirdilər. İstanbul türkcəsinin o melodik tonu küçələrə yayıldıqca İstanbula gedəcəyimizi düşünür, həyəcanlandıq.

Dayımla girdiyimiz filmin adı "Arım, balım, peteyim" idi. Filmin aktyorları haqqında mənə ilk məlumatı dayım verdi. Aktrisanın adı Türkan idi və bu ad İğdırda tanış bir ad idi. Amma kişi aktyor Cüneytin adı mənə çox fərqli səsləndi. Daha əvvəl belə bir ad eşitməmişdim. Filmdə çox yaraşıqlı kişi ilə iri qara gözlü qadın ilk dəfə gördüyüm dəbdəbəli yerlərdə bir-birini sevərək vaxt keçirirdilər.

O vaxtdan bəri hər həftə çıxan yeni filmi görmək üçün can atırdım. Bəzi günlər pulum olmurdu. Həmin vaxt kinoteatrın qarşısında bir az dayanıb dinamikdən çıxan səsə qulaq asardım.

Bir gün məktəbdə bir nəfərlə dava etdim. Dava etdiyim dostum Mələkli kəndindən idi və çoxlu tanışları vardı. Həmin tanışlarla birlikdə məktəbin qarşısında məni döydülər, ən pisi də təzə pencəyimi ortasından cırıb apardılar. Həm onlardan, həm də məktəbdən incimişdim. On gün dərsə getmədim. Pulum çatanda kinoya gedirdim. Təbii ki, o filmlər Cüneyt Arkının filmləri idi. Bir gün kinoteatrdan çıxanda atam məni tutub bir neçə şillə vurdu. On gündür məktəbə getmədiyimi öyrənib İğdıra gəlib hara getdiyimi öyrənmişdi. Bu dəfə kinodan atamın şillələri ilə incidim, amma Cüneyt Arkın yenə də mənim ən böyük qəhrəmanım idi. Hərəkətlərini təqlid edib yaxşı karateçi olmağa çalışardım. Dostum Novruzla karate hərəkətləri edirdik, vaxtaşırı bir-birimizə vurur, incidirdik. Cüneyt Arkının hər filmdə sevgilisinə dediyi sözlərin çoxunu əzbərləmişəm. Bir gün İstanbuldan bir sevgilim olanda mən də onun kimi sevgilimə utancaq baxıb göz qırpacaqdım.

Orta məktəbi bitirdikdən sonra Müəllimlik məktəbinin qalibi oldum. İndi İğdırdan uzaqda başqa bir şəhərə oxumağa gedirdim. Türkiyə siyasi olaraq iki yerə bölünmüşdü. Biz uşaqlar baş verənlərdən xəbərsiz idik, amma milli hisslər, xüsusən də Azərbaycan həsrəti içimizdə dərin idi. Evdə eşitdiyimiz "qaçaqaç", "o tay" əhvalatları, bölgədəki rusların zülmü bizi istər-istəməz Arazın o tərəfindəki qardaşlarımızın qayğısına qalmağa vadar edirdi. Bir gün dedilər ki, kinoteatra Azərbaycanla bağlı film gəlir. Həftə sonu kinoya getməyə can atırdıq. Filmin adı "Günəş nə vaxt doğacaq" idi. Baş rolda da Cüneyt Arkın vardı.

Şənbə günü kinoteatrın qapısına söykəndiyimiz zaman burada işləyənlər bu maraqlı izdiham qarşısında təəccübləndilər. Kinoteatr tələbələrlə dolu idi və çoxumuz oturmağa yer tapa bilməyərək ayaq üstə qalmışdıq. Filmdə sovetlərin zülmündən qaçan Yavuz Məmmədov (Cüneyt Arkın) və Alpgiray Nuriyevin (Baki Tamer) Türkiyədə baş verən hadisələrdən və başlarına gələn məyusluqlardan bəhs edilirdi. Filmin əvvəlində göstərilən sovet vəhşiliyi və işgəncələri hamımızı göz yaşlarına boğmuşdu. Filmin musiqisi, "Çırpınırdın Qara dəniz", "Gözəl Türküstan" və başqa Qafqaz melodiyaları bizi xayalimizdə o torpaqlara aparmışdı. Film krımlılardan bəhs etsə də, mənim gözümdə ora Azərbaycan idi. Hamımız atlara minib,  gənc ürəklərimizlə Araz çayını keçməyə hazır idik.

İndi artıq Cüneyt Arkın mənim üçün sevgilisini gözəl İstanbul türkcəsi ilə ovsunlayan yaraşıqlı bir gəncdən daha çox qəhrəman idi. O qəhrəman gah Karaoğlan, gah da Fatehin Fədasi Kara Murat idi.

Sonradan öyrəndim ki, o, təkcə bizim qəhrəmanımız deyil, həm də Azərbaycanda insanların qəlbində qəhrəman kimi yaşayırmış. Naxçıvan Universitetində yaşlı bir xanımla tanış olanda "Cüneyt Arkına xoş gəlmisiniz" deyəndə təəccübləndim, sağa-sola baxdım. "Sənə deyirəm" deyəndə daha çox təəccübləndim. "Mən ona heç bənzəmirəm" dedim. O mehriban xanım gülümsəyərək "Mənim gözümdə hər türk kişisi Cüneyt Arkındır" dedi. İlahi, mən o an necə fəxr etmiş və xoşbəxt olmuşdum!

Cüneyt Arkın Xocalı faciəsi ilə bağlı bir neçə mesaj paylaşmışdı. İkinci Qarabağ müharibəsi başlayanda həvəslə mesajlar verirdi: "Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizədə ürəyimiz Azərbaycanla döyünür".

10 noyabr 2020-ci ildə göndərdiyi mesajda daha bir sevinc var idi: "Qələbə bizim qələbəmizdir, sevincimiz sevincimizdir, əziz azərbaycanlı!

Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanındır".

Bu gün onun dünyadan getməsi xəbərini eşidəndə həmişə qəhrəmanlar haqqında dediyim sətirlər dilimdən töküldü: 

"Sızlasa da gönüller düşenlerin yasından
Koşar adım gitmeli onların arkasından.
Kahramanlık; içerek acı ölüm tasından
İleriye atılmak ve sonra dönmemektir".

Ruhun şad olsun, milyonların qəhrəmanı!..


 

 





30.06.2022    çap et  çap et