525.Az

BDU Jurnalistika fakültəsinin mini teleradio studiyası


 

BDU Jurnalistika fakültəsinin mini teleradio studiyası<b style="color:red"></b>

Ceyran CƏFƏRLİ
BDU Jurnalistika fakültəsinin magistrantı


Bakı Dövlət Universiteti Azərbaycanımızın və eləcə də bu tədris müəssisəsinə həvəslə üz tutan bir sıra xarici tələbələr üçün yüksək səviyyəli kadrlar hazırlayan mərkəz rolunu oynamaqdadır. Universitetin çoxsaylı fakültələri sırasında fəaliyyətinin 80 illiyini qeyd etmiş Jurnalistika fakültəsi də xüsusi yer tutur. Bu fakültədə Azərbaycanın yüzlərlə ünlü jurnalisti təhsil almış və hətta onlar dövlətə, vətənə sevgi xidmətilə özlərinin də məktəblərini yaratmışlar.

Fakültənin tarixinə dair nəşrlərə diqqət etdikcə bu tədris bölməsinə BDU rəhbərliyinin hər zaman hər cür qayğısının şahidi oluruq. Bu qayğılar və bu diqqət sırasında bir ildən sonra fəaliyyətinin 40 illiyini qeyd edəcəyimiz Tədris- teleradio studiyasının işi ayrıca maraq doğurur.
Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən Tədris teleradio studiyası 1983-cü ildə ilk televiziya verilişləri hazırlamaqla fəaliyyətə başlayıb. Studiyanın yaradılmasında əsas məqsəd tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərin işdə tətbiqinə yardımçı olmaq, yaradıcılıq və peşə vərdişlərinin formalaşmasına köməklik göstərməkdir.

2000-ci ildə YUNESKO-nun dəstəyi ilə Tədris teleradio studiyası yenilənmiş, yeni avadanlıqla təchiz edilmişdir. 2006-cı ildən studiyanın nəzdində radio bölməsi açılmışdır və o da yeni texniki avadanlıqlarla təchiz edilmişdir. Studiya fəaliyyəti dövründə çoxlu sayda televiziya və radio verilişləri, süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlamışdır.

2016-cı il may ayının 26-da Universitetin vəTürkiyə Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən TİKA-nın maliyyə dəstəyi ilə Tədris tele-radio studiyası yenidən təmir olunmuş və müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmişdir. Fəaliyyət müddətində tələbələrin nəzəri, praktik və fərdi biliklərinin artırılması məqsədi ilə studiyada televiziya və radio verilişləri hazırlanıb və yayımlamışdır.

2019-cu ildən studiyanın nəzdində foto studiya fəaliyyətə başlamışdır.

Hazırda studiyada universitetdə həftə ərzində keçirilən tədbirlər və konfranslar haqqında Azərbaycan, rus və ingilis dillərində xəbərlər bloku hazırlanır. Bu xəbərlər "BDU XƏBƏR", "BSU TV NEWS",  "BQU Novosti" adı altında "YOUTUBE" kanalında və sosial şəbəkələr vasitəsi ilə yayımlanır.

Xəbərlərin hazırlanmasında aparıcı, müxbir, reportyor və operator olaraq Jurnalistika fakültəsinin tələbələri aktiv iştirak edirlər.
Televiziya və radio studiyasında analitik, maarifləndirici, idman verilişləri hazırlanıb və yayımlanmaqdadır. Müxtəlif sayda qısametrajlı sənədli filmlər, videodərslər, videoçarxlar tələbələrə dərs vəsaiti rolunu oynayır.

2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsiylə bağlı və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda davam edən haqq mübarizəmizə həsr olunan "Şuşa bizi gözləyir", "Xarıbülbül", "Həsrətinə qovuşduq, Xudafərin" adlı süjet və vıdeoçarxları tələbələrimizin vətən sevgisinin ifadəsidir. "BDU VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ" adlı sənədli film tariximizin video salnaməsi kimi qəbul edilə bilər.

"BDU TV" və "BDU RADİO" da hazırlanan video və radio materiallar tanınmış peşəkar jurnalistlər tərəfindən yüksək qiymətləndirilir və universitetin imicinin yüksəlməsində önəmli rol oynayır.

Tələbələrin praktik vərdişlərinin artırılması məqsədi ilə və peşəkar jurnalistlərin dəstəyi ilə studiyada video montaj, operatorluq, aparıcılıq, rejissorluq, müxbirlik təlimləri keçirilir.

Studiyanın tələbələrə göstərdiyi praktik yaradıcılıq işi BDU rəhbərliyinin daimi maraq dairəsindədir.

Artıq sözün həqiqi mənasında mini televiziya və radio studiya kimi formalaşmış bu məkan jurnalist tələbələrin hər gün dərs keçdikləri maraqlı bir auditoriyadır. Studiyanın direktoru Ramin Rzayev teleradio fənləri üzrə aparılan dərslərin səfərbər olunmasına şərait yaradır.

 Fakültədə fəaliyyət göstərən Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli teleradio tədris studiyasında tələbələrə bu sahənin praktik vərdişlərinin öyrənilməsi işinin yüksək səviyyədə aparılması üçün həm özünün çox illik teletəcrübəsini tətbiq etmək, həm də respublikada fəaliyyət göstərən teleradio qurumlarının peşəkar jurnalistlərini tədrisə cəlb etməklə səmərəli iş görməkdədir.

Tələbələr Aztv-də fəaliyyət göstərən Televiziya akademiyasının məşğələlərində də fəal iştirak edirlər.

Peşəkar telejurnalistlər Rövşən Məmmədov, Mirşahin Ağayev, Rafiq Haşımov...

Tədris teleradio studiyasında jurnalist tələbələrə yadda qalan dərslər keçirlər. Elə bunun nəticəsidir ki, jurnalist tələbələr hələ aşağı kurslardan ayrı- ayrı telekanallara işə qəbul edilirlər. Təkcə belə bu faktı qeyd etmək kifayətdir ki, REAL televiziya fakültənin 3-4- cü kurslarından birbaşa 6 tələbəni reportyor kimi işə cəlb etmişdir.

Fakültənin teleradio fənləri ilə bağlı dərs deyən müəllimlərinin, demək olar ki, hamısının peşəkar teleradio jurnalistləri kimi təcrübələri var. Bu mənada professor Qulu Məhərrəmlini, professor Allahverdi Məmmədlini, dosent Aynur Nəsirovanı, Sevil Həsənovanı, Sevinc Tofiqqızını və başqalarını misal göstərmək olar. Bu müəllimlər təkcə tədris prosesində deyil, həm də tələbələri televiziya, radio verilişlərinin yüksək səviyyədə hazırlamalarına öz köməklərini göstərirlər. Jurnalistika fakültəsində fəaliyyət göstərən bu studiyanın qapıları günün bütün saatlarında müəllim və tələbələrin üzünə açıqdır.

 





30.06.2022    çap et  çap et