525.Az

"Çimərliklərdə təhlükəsizliklə bağlı bir konsepsiya olmalıdır”


 

"Çimərliklərdə təhlükəsizliklə bağlı bir konsepsiya olmalıdır”<b style="color:red"></b>

İnsanların ən çox yay fəslini sevmək səbəblərindən biri də çimərliklərdir. Yayda çimərliklər ən çox gedilən istirahət mərkəzi sayılır.  Çimərlikdə təhlükəsizlik qaydaları düzgün tənzimləndiyi deyilir, ancaq təəssüflər olsun ki, hər il yay mövsümündə bir çox insanın boğulma xəbərini eşidirik. Doğrudur, bəzən insanların ehtiyatsız davranışları da onların həyatı bahasına başa gəlir. Dəniz özü dalğalı və çılğın olsa da, insanların çılğınlığını bağışlamır. 

Paytaxtdakı çimərliklərin bir çoxunun ödənişli olması və pullu xidmət göstərməsi heç də bütün vətəndaşların maddi vəziyyətinə uyğun deyil. Ona görə də onlar çimərliklərdə qadağan olunmuş ərazilərə üz tuturlar. Belə yerlərdə isə gigiyenik qaydalar ürəkaçan deyil. Nəticədə bu, insanların səhhhəti üçün birmənalı şəkildə ziyandır. 

Biz də son zamanlar aktual olan mövzudan yan keçmədik. Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev 525.az-a danışdı.

Ekspertin sözlərinə görə, qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Çimərlik varsa, həmin yerdə təhlükəsizlik tədbirləri görülməlidir. İnsanların istirahəti üçün şərait yaradılmalıdır: 

“İnsanlar var ki, illərlə eyni çimərliyə gedir. Bakı ətrafı ərazilərdə elə çimərliklər var ki, qadağan olunmuş ərazilər sayılır. Lakin buna baxmayaraq, insanlar uzun illərdir həmin çimərliklərə üz tutur. Boğulma halları daha çox qadağan olunmuş ərazilərdə baş verir. Çünki orada təhlükəsizlik tədbirləri görülmür. Düşünürəm ki, bu məsələyə ümumi bir yanaşma olmalıdır. Bütün çimərliklərdə təhlükəsizliklə bağlı bir konsepsiya olmalıdır. İlkin xilasetmənin olmadığı yerlərdə məlumdur ki, bədbəxt hadisələr qaçılmaz olur”

Elmar Nurəliyev deyir ki, qadağan olunmuş çimərlik təkcə boğulma təhlükəsi deyil, həm də bakteriya mənbəyidir. Bu da birbaşa insanların sağlamlığına ziyandır: 

“Çimərlik mövsümü başlamazdan əvvəl bu ərazilərə sualtı baxışlar keçirilir. Məhz bu tədbirlər nəticəsində bəzi çimərliklər qadağan olunmuş ərazilər sayılır. Burada yarğanlar və sualtı axınlar ola bilər. Bu ərazilərdə su dibinin relyefi çimmək üçün uyğun olmaya bilər. Bu məsələ ilə ciddi məşğul olmaq olar. Belə ərazilərin sayı elə çox deyil. Çimərliklər kimi qeyri-çimərliklər də nəzarətə götürülməlidir.

Demək olar ki, bütün qadağan edilmiş ərazilərdə xəbərdarlıq lövhələri var. Düşünürəm ki, hər il aidiyyatı qurumlar əhalini məlumatlandırırlar. Bu məsələdə insanların da üzərinə məsuliyyət düşür . İnsanlar qadağan olunmuş ərazilərdə çimməkdən çəkinməlidir. Çünki bu, onların həyatı üçün ciddi təhlükə yarada bilər”.

Əntiqə Kərimzadə

 





30.06.2022    çap et  çap et