525.Az

Ədəbiyyat İnstitutunda "Vərəqlərin günahı" kitabının təqdimatı keçirilib


 

Ədəbiyyat İnstitutunda "Vərəqlərin günahı" kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalidə Nurayın "Vərəqlərin günahı" şeirlər kitabının təqdimatı keçirilib. 

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, "Vaqif həkimin təqdimatı ilə bu kitabın əlyazması ilə tanış oldum. Gördüm ki, Xalidə Nurayın şeirləri bir çox cəhətdən poeziyanın tələblərinə cavab verir. Adətən, qadın şeirlərində ictimai motivlər az olur. Xalidə xanımın isə aydın, obyektiv azərbaycançılıq mövqeyi var. İctimai məzmunlu şeirlərdə hətta ən peşəkar şairlərdə bədiilik baxımından tam tarazlıq yarada bilmirlər. İdeya ön planda olur, sənətkarlıq xüsusiyyətləri arxa plana keçir.

İlk dəfə qadın dünyasının özünəməxsusluğu haqqında əsl poetik şeiri Xalidə Nurayın əsərlərində gördüm. Bütövlükdə bu kitab mənə imzasını az tanıdığım, özünü heç tanımadığım yeni bir şairin aydın obrazını tanıtdı. Kitaba ön söz yazdım, çünki Xalidə Nuray Azərbaycan şeirinə bu kitabla öz imzasını qoyub. Özünün fərqli və fərdi sənətkar simasını meydana qoya bilib. Deyə bilərəm ki, Xalidə Nurayın timsalında Azərbaycan ədəbiyyatındakı qadın şairlərimizin sırasına yetkin, ideya cəhətdən azərbaycançı, bədiilik baxımından özünəməxsus, amma obrazlı, səmimi  bir şair gəlir. Mən müəllifi təbrik edirəm, uğurlar arzu edirəm".

Sonra Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, Türkiyənin ictimai xadimi Mehmet Erdagöz, Özbəkistan Respublikasından şair-tərcüməçi Gülzira Şaripova, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış ediblər.
Tədbirdə Şərur rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Vaqif Babayev, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, filologiya elmləri doktoru Salidə Şərifova, şair-publisist Nəcibə İlkin, şair İbrahim Yusifoğlu, filologiya üzrə fəlsəfə doktorları Səkinə Bayramova, Yeganə Qəhrəmanova, Müşfiq Borçalı, Elyar İslam, şairlər Rəfiqə Abbasova, İlham Qurbanoğlu çıxış edərək müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. 

Sonda müəllif Xalidə Nuray çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.


 

 





30.06.2022    çap et  çap et