525.Az

ADMİU-nun tələbələri Qırğızıstanda Beynəlxalq Forumda iştirak ediblər


 

ADMİU-nun tələbələri Qırğızıstanda Beynəlxalq Forumda iştirak ediblər<b style="color:red"></b>

İyunun 20-24-də Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində MDB-nin 2022-ci il "Xalq Yaradıcılığı və Mədəni İrsi İli"nə həsr olunmuş Gənc İntellektualların Beynəlxalq Forumu (İssık-Kul Forumu) keçirilib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin IV kurs geyim-dizayn ixtisaslaşması və bədii toxuculuq ixtisaslaşması üzrə təhsil alan tələbələri tarix üzrə fəlsəfə doktoru, dosent Məlahət Fərəcovanın rəhbərliyiylə MDB Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun may ayında göndərdiyi dəvətlə forumda iştirak ediblər.

İyunun 21-də İssık-Kul şəhərində Çingiz Aytmatov adına "Rux Ordo" mədəniyyət mərkəzində Forumun açılış mərasimi keçirilib. Mərasimdə təşkilatçılar və iştirakçı ölkələrin nümayəndələri salamlama nitqi ilə çıxış ediblər. 

Həmin gün keçirilən "Xalq yaradıcılığı dünyanı dərk etmənin mədəni ənənə və mədəni təcrübəsi kimi" adlı plenar iclasda dosent M.Fərəcova "Mədəniyyət, tarix və arxeoloji abidələrin "İçərişəhər" Muzey Mərkəzinin vahid məkanına inteqrasiyası" adlı məruzə və fototəqdimatla çıxış edib. 
İyunun 22-də ADMİU-nun tələbələri Nizaminin "Xəmsə"si əsasında hazırlanmış "Yeddi gözəl" mövzusundakı geyim dəstlərini nümayiş etdiriblər.

Nümayişə əsasən, xalq yaradıcılığında qobelen işi, milli elementlərdən istifadə və s. haqqında məruzə edilib. Həmçinin, milli geyim dizaynerlərinin işi üzrə ustad dərsləri də təqdim edilib.

 





30.06.2022    çap et  çap et