525.Az

General: "Bu, Türkiyənin qazancıdır"


 

General: "Bu, Türkiyənin qazancıdır"<b style="color:red"></b>

Məlum olduğu kimi, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib. Türkiyənin "hə" deməsinə səbəb hər iki ölkənin Ankaranın şərtlərini qəbul etməsidir.

Bir neçə gün əvvəl Madriddə imzalanan memoranduma əsasən, İsveç və Finlandiya terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyərək PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı, terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər. İsveç təsdiq edib ki, yeni və daha effektiv "Terror Cinayətləri Qanunu" iyulun 1-dən qüvvəyə minəcək. Bundan əlavə, iki ölkə Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq. Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq. 

Sənədin imzalanmasından sonra NATO-nun Madrid Sammitində qəbul olunan bəyannamədə İsveç və Finlandiya rəsmən alyansa üzv olmağa dəvət edilib. 

Xatırladaq ki, İsveç və Finlandiya uzun illər neytral dövlət statusunda olublar, Rusiya-Ukrayna müharibəsi onların alyansa daxil olmasını gündəmə gətirib. Ekspertlərə görə, bu gün NATO-da hərbi gücünə, hərbi potensialına görə ikinci dövlət olan Türkiyənin İsveç və Finlandiyanın alyansa qəbuluna razılıq verməsi, Ankaranın istədiklərini əldə etdiyini göstərir. 

Mövzunu "525"ə şərh edən ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib ki, Türkiyə PKK, PYD və FETÖ terror təşkilatları ilə bağlı tezislərini yazılı şəkildə təqdim etdi və bu, sənəd kimi qəbul olundu: "İkincisi, Türkiyəyə qarşı hər iki ölkənin tətbiq etdiyi silah embarqoları kimi qadağaların aradan qaldırılması, terror təşkilatlarına maliyyə yardımı göstərilməsinin dayandırılması və onların fəaliyyəti ilə bağlı digər məsələlərdə əldə edilmiş razılıq təbii ki, ölkəmizin qazancıdır. Türkiyənin ilk dəfə FETÖ də daxil olmaqla qeyd edilən terror təşkilatlarına qarşı mübarizəni yazılı sənədlə təsdiq etdirməsi vacib məqamdır. Memorandumun imzalanmasından sonra NATO-nun Baş katibi Yens Stoltenberq bildirdi ki, alyans son 10 ilin ən böyük böhranını geridə qoydu. Başqa sözlə, Rusiya-Ukrayna müharibəsi, önümüzdəki dönəmdə kritik gözləntilər və qeyri-müəyyənlik ortamında bu məsələnin həlli lazım idi. Çünki Türkiyə prinsipial olaraq dirəniş göstərdi,  istədiklərini aldı, amma söhbət sadəcə İsveç və Finlandiyadan da getmir. Türkiyəyə qarşı NATO üzvü olan Almaniya, Fransa, ABŞ, Yunanıstan da İsveç və Finlandiyaya bənzər fəaliyyət sərgiləyirlər. Türkiyə isə prinsiplər üzərində getməyə davam etməkdədir". 

Generalın sözlərinə görə, verilən sözlər, imzalanan sənəd tətbiq edildiyi halda məntiqli olacaqdır: "Türkiyənin bu gün açıq qapı siyasəti çərçivəsində "hə" deməsi məsələnin tamamilə həlli demək deyil. Hər iki ölkənin üzvlüyünün qanunverici orqanında təsdiqedilmə prosesi var. Prinsipcə, onların NATO-ya qəbulu həyata keçirilir. Amma üzvlük prosesi üçün bir müddət lazımdır".

Onun sözlərinə görə, kimsə Türkiyənin geri addım atdığını deyə bilər, amma bunu söyləyənlər dünyada mövcud vəziyyətə baxmalıdırlar: "Hazırda dünya yeni bir təhlükəsizlik konsepsiyasına, dünya nizamına keçməkdədir. Bu mənada Türkiyənin də mövcud imkanlar daxilində dostları ilə bərabər əldə edəcəyi nailiyyətlər mühüm əhəmiyyət kəsb edir". 

Generala görə, İsveç və Finlandiya razılaşma ilə bağlı ikili standartlar tətbiq etdiyi təqdirdə, Türkiyə də lazım olan münasibəti göstərəcəkdir: "Mən memorandumu müsbət addım kimi dəyərləndirirəm, fəqət Qərbin ikili standartlardan çıxış etməsi, verilən sözləri yerinə yetirməməsi kimi "təcrübəsi"nin olduğunu bilirik. Türkiyə ikili standartlara son verilməsini, terrorla mübarizədə qəbul edilən razılaşmaya əməl edilməsini gözləyir".

PƏRVANƏ


 

 





01.07.2022    çap et  çap et