525.Az

Jurnalistlər "güzəştli" ipoteka kreditindən necə yararlanacaqlar? - Sosial şəbəkədə yazılanlar


 

Jurnalistlər "güzəştli" ipoteka kreditindən necə yararlanacaqlar? - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Gülnarə İlham, jurnalist:
- Ya xidməti müqavilə ilə işləyənləri adam yerinə qoyun, onların əmək fəaliyyətinin də rəsmi olaraq nəzərə alınma mexanizmini hazırlayın, ya da şirkətlərə, müəssisələrə imkan verməyin ki, illərlə xidməti müqavilə ilə əməkdaş saxlasınlar.

İnsanlar ömürlərinin neçə ilini işçi olur, amma dövlətlə üzbəüz sənədləşməyə gələndə qarşısına bu qədər əngəl qoyurlar. 
Nə qədər jurnalistin stajı rəsmi sayılmır, halbuki 15-20 il mütəmadi işləyənlər var.

Bu jurnalistlər "güzəştli" ipotekadan necə yararlanacaqlar, yaxud neçə nəfəri yararlana biləcək? Ən yaxşı halda 800-1000 manat əməkhaqqı alan jurnalistdən ilkin ödəniş tələb etmək isə ümumiyyətlə absurddur. Birdəfəlik deyin, paraşüt vermirik.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Nə üçün beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə Prezident təqaüdü verilmir? 

Prezident hər il qəbul imtahanlarından sonra ən yüksək bal toplayanlara Prezident təqaüdü təyin edir. 

Hazırda mövcud qaydalara görə, hər il ixtisas qrupları üzrə yüksək bal toplayan 102 abituriyentə 250 manat məbləğində Prezident təqaüdü təyin olunur.

Maraqlıdır ki, bu qaydalar yalnız konkret ixtisaslar üzrə yüksək nəticə göstərənlərə şamil olunur. 

Amma beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə bu qayda tətbiq edilmir. 

Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulsa da, Prezident təqaüdünün verilməsi nəzərdə tutulmur.
Düşünürəm ki, bu, doğru olmayan, ədalətsiz yanaşmadır. 

Əgər bu təqaüd dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunursa, onda elə ilk növbədə həm də beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə şamil olunması doğru və məntiqli olardı. 

Yəni əgər məktəbli hansısa fənn üzrə olimpiada qalibi olubsa, bu o anlama gəlir ki, onun bu fənn üzrə bilik səviyyəsi imtahandan 700 bal toplayandan da yüksəkdir.

Xatırladıram ki, hazırda ölkəmizdə olimpiadalara hazırlıqla bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi mərkəzlər formalaşdırılıb. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunur.
Bildiyim qədər indiyədək məktəblilərimiz tərəfindən 500-dən çox qızıl, gümüş və bürünc medal ölkəmizə gətirilib.

Fikrimcə, indiki anda bu tip şəxslərə dövlət dəstəyini davam etdirmək daha məntiqli və milli maraqlarımıza uyğun olardı.

Ümid edirəm səlahiyyətli qurumlar bu məsələni diqqətdə saxlayacaq və növbəti mərhələdə beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri də Prezident təqaüdü ala biləcəklər.

Vahid Qazi, publisist
- İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması İsveç parlamentinin partiyasız (müstəqil) üzvü, kürd əsilli, PKK sevdalısı olduğu iddia edilən Əminə Kakabavahı özündən çıxarıb. "Aftonbladet" qəzetinə açıqlamasında müqavilə bağlanan günü "qara gün" adlandıran siyasətçi hakimiyyəti kürdləri qurban verməkdə ittiham edib. 

Xatırladım ki, hazırkı hakimiyyət məhz onun səsi hesabına parlamentdə lazım olan 1 səs üstünlüyü ilə çoxluğu qazana bilib. Səsini geri çəkəcəyi halda ölkədə hakimiyyət böhranı yaşana bilərmi? Fikrimcə, Maqdalena Andersonun hakimiyyəti payızda keçiriləcək seçkilərə qədər Kakabavahın təhdidlərinə tab gətirə biləcək.

Azər Qəribov, bloger:
- Bu günlərdə viza məsələləri ilə bağlı İtaliya səfirliyi haqda məlumat əldə etmək istədim və çox xoşagəlməz bir vəziyyət ortaya çıxdı. 
İnsanlar İtaliyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlaya bilmirlər, mail-lara aylarla (!!) cavablar verilmir, telefonla danışıqlarda sadəcə məsələnin həllindən boyun qaçırılır, biganəlik nümayiş etdirilir.

Bəzi sualları qabaqlayaraq onu da əlavə edim ki, mənim 2024-cü ilə qədər etibarlı olan Şengen vizam var. Amma elmi konfranslara ezam edilənlər, təhsil almağa gedənlər, turist qismində səyahət etmək istəyənlər, sadəcə İtaliya vurğunları - sən demə, İtaliya səfirliyi dillər əzbəri olub və bu səfirlikdən viza üçün görüş almaq praktiki olaraq mümkünsüzdür. 

Yəni biri var sənin viza müraciətinə rədd cavabı versinlər, biri də var sən o müraciəti heç verə bilmirsən.

İnsanlar məcbur olurlar İtaliyaya getdikləri halda digər səfirliklərə müraciət etsinlər və bu problemi həll etmək üçün müxtəlif çətinliklərlə üzləşirlər.
Güman edirəm ki, belə vəziyyət heç bir halda Azərbaycan-İtaliya dostluq və tərəfdaşlıq münasibətlərinə yaraşmır, turizmin inkişafına süni maneələr yaradır və xalqlarımız arasında səmimi əlaqələrə kölgə salır. 

Ümid edirəm, İtaliyanın Azərbaycandaki səfiri cənab Claudio Taffuri sözügedən problemə şəxsən müdaxilə edəcək, Azərbaycanın Xarici İşlər Nazirliyi isə Azərbaycan vətəndaşların narahatlığını həmin səfirliyə çatdıracaq. 

İlhamiyyə Rza, jurnalist:
- Həftəsonu İrada İbrahimova, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin dəvətilə Hirkan qoruğuna səfər etdik. Əvvəla, dəvətə görə minnətdarlığımı bildirirəm. Səfərdən gəldiyim qənaətləri sizinlə də paylaşmaq istərdim:
1. Hirkan qoruğu UNESCO-nun təbii sərvət
lər siyahısına salınmalı və ciddi şəkildə qorunmalıdır. Nadir ağac növləri böyük buzlaşma dövrünün məhv edə bilmədiyi qədim bitkilərdəndir və bizim buz kimi soyuq münasibətimiz buzlaşmanın edə bilmədiyini edə bilər.
2. Xanbulan su hövzəsi öz gözəlliyi ilə dünya turistlərinin diqqətinə layiqdir. Əmma...
3. Əmmaya gəlincə, ölkəmizdə yerli turizmin inkişafına şübhəm var. Həm yol boyu, həm də elə hər yerdə normal tualetlər olmayınca, turizm söhbətini qavqarmaq, yəni qapatmaq lazımdır. 
4. İnsanların məişəti, iş yeri, istirahət yerləri SİVİL, MƏDƏNİ, TƏHLÜKƏSİZ olmalıdır.
5. Presturlar təşkil edən qurumlar mövzuya uyğun fəaliyyəti olanları dəvət etməlidirlər. Yalnız bu halda səfərin effekti olacaq (Bu səfər, məhz belə oldu).
6. Yol yoldaşlarının adekvat, maraqlı və mədəni olması, səfərdən zövq almağın ən birinci şərtidir.
7. Nazirliklərin, dövlət qurumlarının insan simaları olmalıdır, bununçün birbaşa ünsiyyətdə olmaq gərəkdir. Yəni ki, məsələn, Ekologiya Nazirliyi deyincə, tək mətbuat katibi deyil, nazir özü, müavinləri Vüqar bəy və Firdovsi bəy, nazirliyin sektor müdiri Tural Məmmədov, biomüxtəliflik xidmətinin rəis müavini Arzu Babayeva ağıla gəlməlidir.

Firudin Allahverdi, bəstəkar:
- Audio/video sahəsində texniki keyfiyyət artıq çoxdandır bədii keyfiyyətə də diktə edir. Beynimiz, texniki tərəfdən keyfiyyətli multimedia məhsuluna öyrəşdikcə, aşağı keyfiyyətlini qəbul etmək istəmir. Müasir insan deyir: "mənə zir-zibil göstər, amma 4k keyfiyyətində elə - baxacam. Amma bədii keyfiyyəti, məzmunu yüksək nə təklif edirsən et, HD ya FullHD-dən aşağı eləmə - maraqlı deyil". Özü də bu bəyanat çox vaxt tamaşaçının/dinləyicinin təhtəlşüurunda səslənir, yəni bu məsələyə neyronlar özləri qərar verirlər. Haqlıdılar-haqsızdılar, bunu uzun-uzadı ləzzətlə müzakirə edə bilərik; amma bu müzakirələrin reallığa təsir imkanı demək olar ki, yoxdu.

Yutubdakı bəzi blogerlərin dediyinə görə, hətta səs keyfiyyəti görüntü keyfiyyətindən daha mühüm imiş və insanlara daha çox təsir edirmiş. 
Türkiyə TV-lərində canlı ifa edilən musiqinin səslənməsinə qulaq asın, bir də bizim TV-lərdəkinə. Bizim fenomenal musiqi ifaçılarımız var, amma onların TV-lərdəki çıxışına qulaq asanda toyxana kimi səslənir. Yaxşı musiqiçinin əziyyətini pis səslənmə ilə heyif eləmək ən azından etik deyil. 

Tural Bakuvi, jurnalist:
- Düşünürəm ki, hazırkı Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra, Zabuxdakı erməni əhalinin oranı tərk etməsinə imkan verilməməli, onlara pasport paylanaraq, Azərbaycan vətəndaşı kimi yaşamaları təmin edilməlidir. Bu, birgəyaşayış tezisimizin ilk praktiki reallaşması və ermənilərin "biz onlarla yaşaya bilmirik, bizi qırırlar" iddialarının məhv edilməsi olacaq. Bundan sonra Xankəndidəki separatçı rejimin ya bayrağımız altında yaşayacaqsınız, ya da gedəcəksiniz tələbi qarşısında manevr imkanları qalmayacaq.

Nəzakət Məmmədova, jurnalist:
- 1774-cü ildə rus-türk müharibəsində türklərin uduzmasından sonra indiyədək Osmanlının vassalı olmuş Krımın müstəqilliyi elan olundu. Krım xanı Sahib Geray oldu. 1777-ci ildə isə Şahin Geray noqayların və rusların köməyilə Krımı tutdu, Sahib Gerayı devirdi və xan oldu. Tarixi mənbələr onun fransız, rus, türk, italyan, yunan dillərini bildiyini, olduqca savadlı, geniş dünyagörüşünə malik bir şəxs olduğunu yazırlar. Şahin Geray dövlətdə islahatlar keçirməyə çalışdı, rus dövlət modelində dövlət qurmağa çalışdı. Bu, yerli zadəganların və ruhanilərin xoşuna gəlmədi, onun doğma qardaşı Bahadır Geray da daxil olmaqla bir neçə səraskər qiyam qaldırdı. Osmanlı emissarı Süleyman ağanın təhriki ilə ona qarşı noqaylar da qiyam qaldırdılar, ona tabe olmaqdan imtina edib yeni xan seçmək qərarı aldılar. 1781-ci ilin iyul ayında Krım mirzələri Şahinin guya qəddarlığından yalançı donoslarla Sankt-Peterburqa şikayətə getdilər. Lakin Çar hökuməti knyaz Potyomkinin başçılığı altında öz təyin elədiyi adamı müdafiə elədi. 1782-ci ilin mayında Krımda Şahin Geraya qarşı üsyan başladı. O, öz qvardiyasını üsyançıların üzərinə göndərsə də, qvardiyaçılar xəyanət edərək qiyamçıların tərəfinə keçdi. Şahin Geray Baxçasaraydan Kerçə qaçdı və rus qarnizonuna sığındı. Şahin Gerayın qardaşı Bahadırın başçılıq etdiyi üsyanda qiyamçılar Baxçasarayı tutub xan sarayını qarət elədilər. Bahadır xan elan olundu. Krımda rus qoşunlarına hücum nəticəsində 900 əsgər öldürüldü. Osmanlının dəstəyi ilə Mahmud Geray yeni xan elan olundu. Devrilmiş xan Şahin Geray Rusiyaya kömək üçün müraciət etdi. Onu devirən qardaşı Bahadır xan isə Osmanlı imperiyasından kömək üçün İstanbula nümayəndə heyəti göndərdi. Rusiya imperatriçası Yekaterina knyaz Potyomkinə Krım üsyanını yatırıb, yarımadanı Rusiyaya birləşdirməyi əmr elədi. 1782-ci ilin sentyabrında Petrovsk qalasında Şahin Gerayla görüşən knyaz Potyomkin Krım xanlığındakı qiyamı yatırmaq üçün iki piyada alayı yolladı. Suvorov da alaylardan birinin başında qiyamçı noqaylara qarşı hərəkət elədi. Ruslar Kubana qaçmağa çalışan Bahadırı əsir götürdü. Rusiya Krım əhalisinə üsyanı yatırmaqla bağlı çağırış edən fərmanlar göndərdi. Təhlükəli ərazilərə ordu göndərildi. 1782-ci ilin noyabrında artıq üsyan yatırılmışdı. Şahin Geray Baxçasaraya qayıdıb xan titulunu bərpa etdi. Öz oğlu Mahmudu edam edən Şahin qardaşları Bahadır və Arslanı da edam etməyə hazırlaşırdı. Lakin Rusiya müdaxilə edərək buna imkan vermədi və onları Xersonda həbsxanaya göndərdi. 1783-cü ilin aprelində Şahin Krım xanlığından əl çəkdiyini elan etdi, tatar ağsaqqalları Rusiyaya əbədi sədaqət andı içdilər, Krım Rusiyanın əbədi mülkü elan olundu. İmperatriça II Yekaterina Krımın Rusiya imperiyasının tərkibinə keçməsinə dair manifest imzaladı. Şahin Geraya Krımı tərk etmək tapşırıldı, ayda 200 min rubl təqaüd təyin olundu. Yekaterina ona Andreyevsk ordeni göndərdi, bildirdi ki, Türkiyədə heç kəsə bu qədər təqaüd verilmir. Bir müddət Rusiyada yaşayan Şahin Geray sonradan 1782-ci ildə Osmanlıya mühacirət etdi. Rodos adasına sürgün edilən Krımın sonuncu xanı Sultan I Əbdülhəmidin əmri ilə orada öldürüldü...
 

 





01.07.2022    çap et  çap et