525.Az

Bir ocağın dan ulduzu


 

Bir ocağın dan ulduzu<b style="color:red"></b>

Onu çoxdan tanıyıram, lap çoxdan. Sayəsində ziyasından nur ələnən işıqlı ocağın bir üzvünə də çevrilmişəm. Ayrı-ayrı yollarla eyni məktəbə gəldik və eyni sinifdə qarşılaşdıq. İllər bir-birini qova-qova aramızdakı ünsiyyəti isindirdi və sonda bu günə qədər gələn bir dostluğun təməli oldu. Onunla müsahibə hazırlamaq həmişə istəmişəm. Əslində səbəb də çox olub, məqam da. Amma di gəl ki, həmişə bir cavab eşitmişəm: "Sən elə gördüyümüz işləri, tədbirləri işıqlandır, yetər". Bilirdim ki, yenə də etirazla qarşılanacaq istəyim. Amma bu dəfə bərkindən yapışdığımda çox qərarlı olduğumu görüb, razılaşmaqdan savayı çarəsi qalmadı. Əvvəldən belə bir şərt qoydum: "Biz bir-birimizi tanımırıq, ilk dəfədi üz-üzə gəlmişik". Amma alınmadı...  Və beləcə, qəzetimizin bugünkü qonağı Əməkdar mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar  İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadədir.


- Özün haqqında danışmağı sevməsən də, bu gün müsahibimsən. Tanımayanlar səni tanıtmaqla başlayaq söhbətimizi.
 

- Ötən əsrdə qalan bir ilin bugünkü tarixində Bakı şəhərində anadan olmuşam. Zamanın ən qabaqcıl təhsil ocağı olan 190 saylı məktəbdə doqquz il oxuya bildim, çünki təhsilimi musiqi sahəsi üzrə davam etməyə qərar verdim. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və indiki Bakı Musiqi Akademiyasını bitirmişəm. 43 ildi Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışıram. Hazırda institutun "Musiqi tarixi və nəzəriyyəsi" şöbəsində aparıcı  elmi işçiyəm və görkəmli musiqişünas, akademik Zemfira Səfərovanın elmi yaradıcılığı mövzusunda  doktorluq işi üzərində çalışıram. Eyni zamanda, babam Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoruyam. Məncə tanışlıq üçün yetər.

- Məncə, yetməz, çünki hələ başlanğıcdayıq.

- Ziyalı bir ailədə böyümüşəm. Atam akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib, ədəbi tənqid tarixi adlı bir məktəbin əsasını qoyanlardan biri olub. O, atası A.Şaiqin yaradıcılığını, irsini yorulmadan təbliğ edən, yaşadaraq, bir övlad borcunu ödəməyə çalışıb. Atamın bütün yaradıcılığının, əsərlərinin, fəaliyyətinin ana xətti azərbaycançılıq olub. İxtisasca filoloq olan anam Rəfiqə Talıbzadə pedaqoq kimi fəaliyyət göstərib. Bir müddət 132 saylı orta məktəbdə, daha sonra indiki BDU-da dərs deyib. Şərqşünas qardaşım Şaiq Talıbzadə ilə aramıza vaxtsız əcəl adlı bir ayrılıq girdi.

- Bələd olduğum bu kiçik ailə ziyalı bir ocağın  parçasıdı. Həmin ziyadan danışaq.

- Muzeyə gələnə qədər şeirləri ilə böyüdüyüm babam Abdulla Şaiqi bir də yazıçı və klassik uşaq yazarı kimi tanımışam. Yalnız muzeyə gələndən sonra həqiqətdə onun kim olduğunu bildim. Böyük türkçü olan babam, eyni zamanda, millət təəssübkeşi, xalqının, yetişməkdə olan gəncliyin tərəqqisi uğrunda çalışan bir şəxsiyyət olib. Bildim ki,  A.Şaiq şair, yazıçı, dramaturq, tərcüməçi, müəllim, ictimai xadim, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri kimi Vətəninə ürəklə xidmət edib. O, bütün ömrünü savadlı, sağlam düşüncəli gəncliyin yetişməsi uğruna sərf edib. Tiflisdə Rüştiyyə məktəbində oxuduğundan rus dilini, Xorasanda təhsil aldığı üçün fars və ərəb dillərini mükəmməl bilib. Dünya və rus klassiklərinin əsərlərini tərcümə edərək tərtib etdiyi dərsliklərə salırdı ki, türk balaları onları tanısın, gənclərin dünyagörüşü artsın. İctimai xadim olaraq, iki çağırış SSRİ Ali Sovetinin deputatı kimi Ü.Hacıbəyli və digər görkəmli şəxsiyyətlərlə ölkəsini təmsil edib. A.Şaiq yüksək insani keyfiyyətlərə malik olub. Çox sədaqətli, dostcanlı olduğundan, ətrafında özü kimi insanlar onu əhatə edib. Atamın babamla bağlı bir söhbəti mənim üçün əsl sədaqət nümunəsidi. Amansız repressiya illərinin bir günü babamgilə naməlum bir şəxs gəlib deyir ki, bəs Hüseyn Cavid vağzaldadı onu Sibirə aparırlar. İsti əyin-baş lazım olduğunu demək üçün məni sizə göndərib. Babam həmin an atamı Cavidin evinə göndərib. Xəbəri eşidən Müşkünaz xanım dərhal bir bağlama hazırlayaraq, babamgilə gəlib. Vağzala tək gedən A.Şaiq neçə saat gözləsə də, heç kəs gəlməyib. Sonra məlum olub ki, bu, babamın qara siyahıya salınması üçün hazırlanmış bir oyun olub. Hadisədən bir neçə gün sonra Yazıçılar İttifaqında bu məsələnin müzakirəsi ilə bağlı iclas çağırılır, lakin babamın sadiq tələbələri onu xilas etməyə müvəffəq olur. O zaman xalq komissarı olan Ruhulla Axundov müəllimini nəzərdən yayındırmaq üçün Şuşaya dərs deməyə göndərir. M.İbrahimov isə babamın əsərlərini çap etdirib və yazdığı ön sözdə A.Şaiqin layiqli sovet yazıçısı olduğunu xüsusi vurğulamaqla onu repressiyanın caynağından xilas edə biliblər. Haqqında eşitdiklərim, oxuduqlarım, əlimizdə olan sənədlərlə özlüyümdə babama aid  mükəmməl təsəvvür yarada bilmişəm.

- Bu ocağın ilki və sonralar Şaiq yaradıcılığının böyük təbliğatçısı olan mərhum akademik Kamal Talıbzadə...

- O mənim üçün  kiçik yaşlarımda övladlarını sevən, onların qayğısına qalan bir ata idi. Atamı illər sonra faliyyətinə yavaş-yavaş bələd olduqca daha dərindən tanımağa başladım. Ailəsinə, valideynlərinə çox bağlı olan Kamal Talıbzadə, eyni zamanda işinin vurğunu idi. Evdə az-az olardı, bütün ömrünü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna həsr etmişdi. Kamal müəllimin vəfatından sonra "Kübarlıq məktəbi" adlı bir kitab hazırladıq. Tanınmış şəxsiyyətlərin, iş yoldaşlarının, dostlarının, tələbələrinin xatirələrindən ibarət bu kitabda hamının işlətdiyi bir cümlə var - Kamal müəllim mənə kömək edib. Atamın gənclərin  yetişməsində müstəsna xidmətləri var.Düşünürəm ki, bu, kökdən gələn xüsusiyyətdi. Yadımdadı, onun dissertantları adətən, evə gələrdi. Qapısı bağlı qonaq otağında atam saatlarla onlarla məşğul olardı. O zamanlar mən artıq tələbə idim və onlara qibtə edərək düşünürdüm ki, kaş mənim də belə elmi rəhbərim olaydı. Pedaqoq olan anam yaxşı tələbələrini atamın yanına yönəldərdi, Kamal müəllim də öz növbəsində onları yetişdirərdi. Namizədlik işimi müdafiə edəndən sonra atam ürəklə yaratdığı və ona çox bağlı olduğu muzeyə məni dəvət eləyib dedi: "Lazımdı ki, bu ocaqda başladığım işi biri davam etsin və o davamçının sən olmağını istəyirəm". Mən onun istəyinə qarşı heç vaxt çıxa bilməzdim, çünki bu, Kamal müəllimin lazım bildiyi bir məsələ idi. Bu gün məni muzey işinə yönəldən atama çox minnətdaram və həyatda tutduğum düzgün mövqeyə görə ona borcluyam.

- Növbə çatdı muzeyə...

- Hə, həyatımda ən önəmli olan bir sahə... A.Şaiqin Mənzil-Muzeyinin öz özəlliyi var. Bu, nə ədibin şəxsi əşyaları, nə də ondan qalan mirasdı. Bu özəllik A.Şaiqin uşaqlara, gənclərə olan xüsusi münasibətində, zəmanəsinin şəxsiyyətləri, ictimai xadimləri, ziyalıları, müəllimləri olan şəxsi münasibət və ünsiyyətindədi. Görün kimlər bu evin qonağı olub - Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Hümmət Əlizadə, Atababa Musaxanlı, Məhəmməd Hadi, Mikayıl Rzaquluzadə və kimlər, kimlər. Bura təşrif buyuran hər kəs etiraf edir ki, muzey dövrünün abu-havasını hələ də yaşatmaqdadı. Bu divarlar arxasında boya-başa çatan, evin bütün incəliklərinə bələd olan Kamal müəllim muzeyi yaradarkən o mühiti qoruyub saxlamağı bacarıb. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, bu ev yalnız yaradıcı söhbətlərin, diskussiyaların məkanı olmayıb. Bu divarlar çal-çağır da görüb, toy-büsat da. Folklorşünas Hümmət Əlizadə babamın şagirdi olub və bir müddət də onlarda yaşayıb. Günlərin birində A.Şaiq öyrənir ki, o bir qıza aşiq olub, amma qızın valideynləri buna qarşıdı. Babam özü elçi gedir, ailənin razılığını alır və bu evdə iki gəncin toyu olur.Toyda dövrün tanınmışları, qələm sahibləri iştirak edir. Onların arasında Səməd Vurğun da olur və bütün toy ərzində nənəm Şahzadə xanıma köməklik edən gənc bir qızdan gözlərini çəkmir. Bu gənc qız atamın xalası Xavər xanım olub. Bir müddətdən sonra Abdulla Şaiq baldızına elçi gedir, onu Səməd Vurğuna alır və bu evdə onların da toy məclisi keçirilir. İndi Mənzil-Muzeyi olan bu divarlar babamın, Hümmət Əlizadənin, Səməd Vurğunun və sonda atamın toyuna şahidlik edib. Bir zamanlar xeyirxah sakinləri olan, parlaq zəka sahibləri kimi qonaqları olan bu ev indi muzey olsa da, isti səmimiyyətini, mühitinin nəfəsini hələ də saxlayır.

- Bir az da nəvə Ülkər danışsın...

- İki yaşım olub babam dünyasını dəyişəndə. İlk nəvəsi olaraq məni çox sevibmiş. Şaiq yaradıcılığında Ülkər ulduzu azadlıq rəmzi olub və ona müraciətlə şeir də yazıb. Mən anadan olanda babam düşünmədən bu adı mənə verib və ölümündən bir il əvvəl mənə "İstəkli nəvəm Ülkərə" adlı şeir ithaf edib. İki yaşlı bir körpə nə xatırlaya bilər ki... Lakin valideynlərim, daha çox da anam babamla bağlı xeyli xatirələr danışıb mənə, çünki Rəfiqə xanım babamın sevimli gəlini kimi onunla daima ünsiyyətdə olub. Yaxşı xatirimdədi məktəbdə oxuduğum illərdə müəllimlər məni göstərib deyəndə ki, bu qız Abdulla Şaiqin nəvəsidi, çox utanardım, hətta ağlayardım da. Lakin illər keçdikcə Şaiq dünyasını anlayıb duyandan sonra bu addan utanan o məktəbli qızdan incisəm belə, sonra onu bağışladım. Başa düşdüm ki, bu şəxsiyyəti dərk etmək o zamanlar həmin məktəbli qızın anlamı daxilində deyildi. İndi həm nəvə, həm soyadı daşıyan və yaşadan, həm bir övlad olan Ülkər Talıbzadənin ona əmanət olunan bir ocağın ənənələrini layiqincə davam etdirmək kimi ümdə vəzifəni yerinə yetirməyə çalışır.    

P.S. İndi Ülkərlə 65 illik bir ömrün astanasında üz-üzəyik. Lakin danışdıqca anladım ki, Ülkər mənim üçün müsahib deyil. Onu dinlədikcə, yarım əsrlik bir zaman kəsiyindən geri qayıtdım. O zamanda 190 saylı hegemon bir məktəb vardı. 1964-cü ildə o məktəbin 1a sinfinə gələn, çantasına gücü belə, çatmayan bizlər vardıq. O bizlər illəri adladıq, məktəbin seçilən, fərqli bir sinfi olduq və sonda o məbəddən ayrıldıq. Ayrılmayan təkcə dostluğumuz oldu. Bizimlə bərabər yürüyən dostluğumuz. Sonda isə ancaq bunu demək istərdim: Ülkər, ad günün mübarək! 
Tamilla M-zadə

 





01.07.2022    çap et  çap et