525.Az

Şagirdlər üçün "Yay məktəbi" faydalı ənənəyə çevrilir


 

MÜTƏXƏSSİSLƏRİN FİKRİNCƏ, MƏKTƏBLİLƏRİN ASUDƏ VAXTLARININ SƏMƏRƏLİ TƏŞKİLİ BAXIMINDAN "YAY MƏKTƏBİ" ÇOX ÖNƏMLİDİR

Şagirdlər üçün "Yay məktəbi" faydalı ənənəyə çevrilir<b style="color:red"></b>

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə Təhsil Nazirliyi tərəfindən iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla "Yay məktəbi" təşkil olunub. "Yay məktəbi" ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. "Yay məktəbi"ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinə ödənişsiz və  könüllü əsaslarla iştirak etmək şansı yaradılıb. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.

"Yay məktəbi" ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər təşkil edilib. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun sözlərinə görə, ötən ildən etibarən Təhsil Nazirliyi tərəfindən şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" təşkil olunur. Ödənişsiz və könüllü əsaslarla təşkil olunan "Yay məktəbləri"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak ediblər. "Yay məktəbi" zamanı şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilib, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunub: "Yay məktəbi" çərçivəsində ekskursiyalar da təşkil olunur. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir. Muzeylərə ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar. Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir. Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılır, müxtəlif dövrlərə aid eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir".

Vəfa Yaqublu bildirib ki, "Yay məktəbi" Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir: "Qəbul etməliyik ki, öyrənmənin fəsli və qeyri-münbit dövrü olmur. Hər birimiz də bilirik ki, məktəb uşaqların ünsiyyət və öyrənməsi üçün ən yaxşı məkandır. Tez-tez istinad etdiyimiz inkişaf etmiş ölkələrdə şagirdlər artıq may ayından yay tətilini necə keçirəcəkləri, hansı müəllimlə məşğul olacaqları və hansı kitab klublarına yazılacaqları barədə məlumatlı olurlar. Uşaqlar oxuyub yazmağı, xarici dil öyrənməyi, rəqəmsal alətlərlə işləməyi, şəkil çəkməyi daha çox istəyirlər". 

"Yay məktəbi"ndə iştirak edən şagird Sona Həsənli ondan razı qaldığını  bildirib: "Vaxtımı burada daha xoş, daha səmərəli keçirdim. Yay məktəbində özümə yeni dostlar tapdım. Burada birlikdə olmağı, çətin zamanlarda nə etməli olduğumuzu öyrətdilər. Öyrəndiklərim düşünürəm ki, gələcəkdə mənə çox lazım olacaq".  Şagird "Yay məktəbi"ndə çoxlu məlumatlar əldə etdiyini, bilmədiyi şeyləri öyrəndiyini də dedi: "Burada bir çox Azərbaycan filmləri izlədim ki, həmin filmləri ilk dəfə idi görürdüm. Bundan başqa, yol hərəkəti qaydaları, özündən böyüklərlə necə davranmalı olduğumuzu da bizə yaxşı başa saldılar. "Yay məktəbi"ndə keçirdiyim günlər mənim üçün çox yaddaqalan oldu". 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyir ki, Təhsil Nazirliyi tərəfindən irəli sürülən "Yay məktəbi" təşəbbüsü uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından çox əhəmiyyətlidir: "Yay məktəbi"nin şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib". 

İdarə müdiri "Yay məktəbi"ni şagirdlərin sosial fəaliyyətlərə cəlb olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu qeyd edib: "Məlumat üçün bildirim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində "Yay məktəbi"nin fəaliyyət göstərib". 

Dünya ölkələrinin təcrübəsindən bəhs edən İdarə müdiri "Yay məktəbi"nin uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özünəinam duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynadığını diqqətə çatdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov yay məktəblərinin təşkilinin zəruri olduğunu vurğulayıb: "Yay məktəbində şagirdlər bir-biri ilə əyani təmasda olurlar. Bundan başqa, mühit də dəyişir. Onu da qeyd edim ki, qavrama prosesində mühitin dəyişməsi önəmli məsələdir. Ən əsası şagirdlərimiz nə qədər çox sosial hadisələrin iştirakçısı olarlarsa, bir o qədər də kamilləşərlər. Təhsil Nazirliyinin "Yay məktəbi"nin təşkili ilə bağlı qərarını dəstəkləyirəm".

Ş.Əsgərov deyir ki, müəyyən fənlər vardı ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər: "Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından "Yay məktəbi" çox faydalıdır.  Çünki burada şagirdlər həm əylənir, həm də öyrənirlər. "Yay məktəbi" təkcə şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə deyil, pandemiyada  məsafədən təşkil edilən müəllim-şagird münasibətlərinin yenidən, daha isti, daha sıx qurulmasına şərait yaradır.Valideynlər də yay məktəblərinin könüllü və ödənişsiz olmasından razıdırlar. Bu, onlara seçim etmək imkanı yaradır".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, şagirdlər üçün "Yay məktəbi"nin mütəmadi olaraq təşkili nəinki lazımdır, hətta vacibdir: "Məktəbin vəzifəsi öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət deyil.  İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var.  Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu kimi düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratlarını yoldaşları ilə bölüşürdülər, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Çünki istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri sosiallaşma ilə yanaşı, yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir".
Sevinc QARAYEVA

 





01.07.2022    çap et  çap et