525.Az

Qalanı xatirədir...


 

Qalanı xatirədir...<b style="color:red"></b>

Bilmirəm, nədəndir, amma Bakı Dövlət Universiteti (BDU) haqqında danışanda, yazanda həmişə həyəcanlanıram. Eyni ilə indi olduğu kimi...
Bu günlərdə doğma BDU- nun Milli Gimnastika Arenasında keçirilən Məzun günündə idim. Tədbirdə həm bakalavr, həm də magistrlər vardı. Magistratura təhsil pilləsini başa vurduğum üçün tədbirdə mən də iştirak edirdim.  

Ali məktəbin fərqlənən məzunlardan biri və Jurnalistika fakültəsinin ən yüksək ortalama bala sahib magistrantı kimi belə möhtəşəm tədbirdə iştirak etmək ikiqat fərəhləndirici idi. Nəyə görə "möhtəşəm?" Çünki hər kəs sevinirdi. Tanıdı-tanımadı hər kəs bir-birini təbrik edirdi. Şübhəsiz, bu, Cənubi Qafqazın ən böyük ali məktəbi olan, 103 yaşlı BDU-nun məzunu olmağın verdiyi qürurla bağlı idi. Şəxsən mən üzərimdəki xüsusi geyimin - mantiyanın ağırlığını, məsuliyyətini hiss edirdim. Yəqin, mənim kimi digər məzunlar da bunu duyur və anlayırdılar ki, gələcəkdə bu ali məktəbə layiq ixtisaslı kadr olmalıdırlar. 

Hələ tədbir hazırlıq getdiyi bir vaxtda zalda sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyevlə rastlaşdıq. Cəmi bir dəfə görüşməyimizə rəğmən, məni tanıdı. Səmimiyyətlə "Hələ indi məzun olursan?" deyə soruşdu. Mən də gülümsəyərək "Bu, ikincidir. Magistraturanı bitirirəm" dedim. 

Ətrafı müşahidə edirdim. Məzunlar qrup yoldaşları ilə, müəllimləri ilə xatirə fotoları çəkirdilər.

 Biologiya fakültəsindən olan bir xanım hansı ixtisasa yiyələndiyimi soruşdu. Cavab verdim, sonra da mən maraqlandım: "Məzun olduğunuza görə sevinirsiniz?". "Əlbəttə" dedi. Mən isə hələ bu barədə qərar verməyə çətinlik çəkirəm...

 Saat altı tamamda tədbirin rəsmi hissəsi başladı. Əvvəlcə dövlət himni səsləndirildi. Ardınca isə rektor Elçin Babayev çıxış edərək bütün məzunları təbrik etdi, bizə uğurlar arzuladı. Yeri gəlmişkən, qeyd edim ki, Elçin müəllimin rəhbərliyi dövründə bu ali təhsil müəssisəsində çox ciddi islahatlar aparılıb. Bunun ən bariz nümunəsi isə BDU-nun daha da müasirləşməsi, yeni standartlara uyğun fəaliyyət göstərməsidir. 

Elçin Babayevdən sonra rəsmi şəxslər, o cümlədən, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov məzunlara öz arzularını çatdırdılar. Hər iki nazir Azərbaycan gəncliyinə inamını ifadə etdi. Şübhəsiz ki, bu, çox böyük etimaddır. Və müasir gənclik mütləq bu etimadı doğrultmalıdır. 

Sonra universitet üzrə fərqlənən məzunların təltifolunma mərasimi başlandı. Adımı eşidəndə istər-istəməz həyəcanlandım və səhnəyə qalxdım. Gözüm müəllimlərimi axtarırdı. Rəşad müəllimi gördüm - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi. Onu müəllimlərimi tanıdığım vaxtdan tanıyıram. Yəni altı ildən çoxdur. Rəşad müəllim, "525" mənim jurnalist kimi formalaşmağıma çox töhfə verib. Odur ki, elə müəllimlərimdən biri ilə göz-gözə gəldiyimi düşündüm və həyəcanım qismən azaldı. 

Təltifetmə zamanı fərqlənən məzunlara xatirə hədiyyələrə təqdim olundu. Hərçənd, BDU ilə bağlı hər birimizin o qədər xatirəmiz var ki...
Bundan sonra mərasimin qeyri-rəsmi hissəsinə start verildi. Tədbirə dəvət almış müğənnilər öz ifaları ilə ortamı bir az da yaddaqalan etməyə çalışdılar. 

Birdən müəllimlərimi, o cümlədən, dekanımız Vüqar Zifəroğlunu gördüm. O da, digər müəllimlərim - Esmira Rövşənova, Gülnarə Sadıxova da məni təbrik etdilər. Esmira xanım xatirə fotosu çəkməyi təklif etdi. Yenə də xatirə...

Vüqar müəllim fikirli olduğumu görüb soruşdu: "Nə olub?" Cavab verdim ki, sabah dissertasiya müdafiəmdir, onu düşünürəm. Təbəssüm etdi. Nə demək istədiyini anladım. 

Düzü, doğrudan da, narahat idim. Bu narahatlığımın səbəbi isə Vüqar müəllimə dediyim kimi, dissertasiya müdafiəm deyildi. Universitetimdən, fakültəmdən ayrılmağım məni, doğrudan da, qorxudur. Çünki ötən altı il ərzində bu əziz məkanda çox şey yaşamışam. Çox yaxşı müəllimlər, dostlar qazanmışam. Kitablarım çıxıb. Müəllim kimi auditoriyaya daxil olmuşam. Tələbənin imtahandan uğurla keçmə sevincini tələm-tələsik müəllimi ilə bölüşməyinin verdiyi qəribə duyğunu yaşamışam. Ümumiyyətlə, həm peşə, həm də şəxsi həyatımda bir çox ilklərim məhz BDU ilə, Jurnalistika fakültəsi ilə bağlıdır. 

Dünən "İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatının fəaliyyəti" mövzusunda  magistr dissertasiyamı müdafiə etdim. Müəllimlərim - elmi rəhbərim professor Cahangir Məmmədli, opponentim, professor Akif Rüstəmov, fakültəmizin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, kafedra müdiri Xatirə Hüseynova və başqaları yenə yanımda idilər. Yenə etimad göstərdilər. Müdafiədən maksimum balla çıxdım. Sonra da müəllimlərimin hər birinə təşəkkür etdim. "Çox sağ olun" dedim. Xatirə xanım, Esmira xanım dedilər ki, biz səninlə sağollaşmırıq. Bilirəm, gözləyirlər. Mən də gözləyirəm. Doktorantura pilləsi üçün imtahan vermişəm. Yəqin, qarşıdakı günlərdə nəticəsi çıxar. Əgər müsbət olsa, məni jurnalist edən ailəmə üçüncü dəfə qovuşacam. Əks halda isə... Bu barədə sonra yazaram. Hər halda müəllimlərimə hər şeyin yaxşı olacağı barədə vəd vermişəm. Olmasa da, onsuz da qalanı xatirədir...
 

Kənan NOVRUZOV BDU-nun Jurnalistika fakültəsinin məzunu

 





01.07.2022    çap et  çap et