525.Az

Aydın Mirzəzadə: "İqtidarla müxalifətin qarşıdurmasında həqiqət yaranır"


 

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadənin "525"ə müsahibəsi

Aydın Mirzəzadə: "İqtidarla müxalifətin qarşıdurmasında həqiqət yaranır"<b style="color:red"></b>

-Aydın müəlllim,Azərbaycana intensivləşən  rəsmi səfərlər fonunda bir məsələ daha çox aydın sezilməkdədir,  yəni, əvvəlki illərlə müqayisədə, son aylar Azərbaycana səfər edən yüksək çinli rəsmilər, dövlət rəhbərləri Azərbaycanın müxalifət liderləri ilə görüşürlər. Qeyd edək ki, bu da bəzi iqtidar hakim partiya mənsubları tərəfindən narazılıqla qarşılanır. Sizcə, burada iqtidar hakim partiya mənsublarını qıcıqlandıran, narazı salan məqamlar nədən ibarətdir, ümumiyyətlə, bu görüşlərdə təhlükəli məqamlarmı var?

-Ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artdığına görə xarici dövlətlərin Azərbaycanla münasibətlərə marağı da artıb bu baxımdan,  qarşılıqlı səfərlərin sayı da durmadan  artmaqdadır. Bunların içərisində Avropanın dünyanın aparıcı, inkişaf etmiş ölkələri var. Onların səfərləri zamanı bəziləri Azərbaycanda müxalifət dairələrin nümayəndələri ilə görüş keçirirlər. Bu, əlahiddə bir şey deyil olmayıb. Bu, onların siyasət praktikasından irəli gələn bir məsələdir, adi bir protokol qaydasıdır.

Azərbaycan müxalifəti isə bunu böyük bir siyasi hadisə, onların fəaliyyətinə xaricdən böyük diqqət kimi qələmə verməyə çalışırlar. Ancaq Yeni Azərbaycan Partiyası bu məsələyə çox sakit yanaşır. Hər hansı bir reaksiya vermək fikrində deyil. Qanun çərçivəsində fəaliyyət göstərən siyasi qüvvələrin kiminlə görüşməsi, hansı məsələni müzakirə etməsi bu, onun daxili işidir. Ancaq bizim iradımız onadır ki, xarici ölkə nümayəndələri ilə görüşdə müxalifət dairələrinin təmsilçiləri Azərbaycanın ağrılı problemlərini qaldırmırlar.

Bir dəfə olsun belə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyon qaçqına-köçkünə dünyanın bəzən biganə qalması məsələsi  onların müraciətlərində, müzakirələrində  əsas yer tutmur. Qaldırdıqları məsələlər bir qayda olaraq şikayət, özlərinin fəaliyyətsizliyində Azərbaycan iqtidarını tənqid etməkdir. Digər tərəfdən onların görüşlərində bir milli təəssübkeşlik hissi nəzərə çarpmır. Mən inanmıram ki, xarici ölkələrin siyasi dairələri qonaqlarla söhbətlərində öz ölkəsinin hökumətindən şikayətə əsas yer versinlər. Yəni, demokratiyada, siyasətdə bütün məsələlər cəmiyyətə müraciətlə həll olunur.

Əgər kimsə hansısa məsələni, strategiyanı qarşısına qoyursa, həmin o məsələlərin həllini cəmiyyətdə axtarmalıdır, cəmiyyətə müraciət etməlidir, onunla görüş keçirməlidir. Öz proqramını ortaya qoya bilməlidir. bu ya digər xarici ölkənin nümayəndələri ilə görüşən müxalifət dairələrinin bir dəfə olsun Azərbaycan cəmiyyəti ilə işləməsi, regionlara getməsi, ziyalılarla görüşməsi faktına biz rast gəlmirik. Onların fəaliyyətləri ancaq xarici səfirliklərlə görüş, beynəlxalq təşkilatlara müraciət xarici ölkə nümayəndələri ilə qapalı görüşlərdən ibarət olur.

Aydın məsələdir ki, hakimiyyət iddiasında olan insanların bu tipli görüşlərdə hansı məsələni qaldırması görüşlərini niyə gizli keçirməsinə cəmiyyətin çox ciddi sualları ola bilər. Belə olan təqdirdə ,  onların xaricilərlə görüşmə məsələsinə  cəmiyyətin vaxtaşırı reaksiya verməsinə həmin qüvvələrin qıcıqlanmasının mənası başa düşülmür. Cəmiyyətə hesabat vermək lazımdır. Edilən söhbətlərin məzmunu açılmalıdır. Həmçinin, Azərbaycanın bu günü, sabahı ilə bağlı məsələlər bu ya digər ölkənin prezidenti ilə deyil, Azərbaycan insanı ilə, Azərbaycan ziyalısı, Azərbaycan dövləti cəmiyyəti ilə  müzakirə edilməlidir. Yəni, bu baxımdan, iqtidarın, hakim siyasi qüvvənin nümayəndələrinin ünvanladıqları suallara müxalifətin verdiyi cavablar həddən artıq zəif olur. "Kimsə onların partiyasının qapısını açmırsa, artıq buna cəmiyyət günahkar deyil, həmin o siyasi qüvvəni rəhbərlərin günahkardır" 

-Müxalifətçilər öz növbəsində iddia edirlər ki, hakimiyyət, daxili auditoriya onların şikayətlərini, tənqidlərini, təkliflərini dinləmədiyi üçün öz narazılıqlarını, irad təkliflərini  xaricilərlə bölməyə üstünlük verirlər ya məcbur olurlar...

- Azərbaycan cəmiyyəti onların mövcudluğundan xəbərdardır. Ancaq kimsə onların partiyasının qapısını açmırsa, artıq buna cəmiyyət günahkar deyil. Həmin o siyasi qüvvə siyasi qüvvənin rəhbərləri günahkardır. Deməli, cəmiyyətin dili ilə danışmırlar. Cəmiyyəti cəlb etmirlər. Cəmiyyətin bu gün narahat edən məsələləri özlərinin aktual məsələləri hesab etmirlər. Özlərinin düşüncələrini cəmiyyətin düşüncəsi kimi qəbul etdirmək isə, ümumiyyətlə, anormal bir şeydir. Hesab edirəm ki, bu gün özlərinin uğursuzluğunda bütün cəmiyyəti - 9 milyon yarım əhalini günahlandırmağın özü çox absurd görünür.

Həmçinin, Azərbaycan problemləri Azərbaycan daxilində həll edilməlidir. Əgər bunu Azərbaycanla deyil, xariclə müzakirə edib, xariclə onun çıxış yollarını axtarırlarsa, hesab edirəm ki, onlar nəylə məşğul olduqlarının fərqinə varmalıdırlar"Bu normaldır ki, müxalifət iqtidarı tənqid edir..." 

-Onlar əsas tənqid oxlarını cəmiyyətə deyil, daha çox iqtidara yönəltdiklərini iddia edirlər...

-Çox yaxşı. Bu normaldır ki, müxalifət iqtidarı tənqid edir. Normaldır ki, müxalifətlə razılaşmır. Ancaq biz bunun yönümündə eyni zamanda bir milli təəssübkeşlik, Azərbaycanın milli yüklü problemlərinin həllində müxalifətin çiynini yük altına salmasını gözləyirik. Ancaq bu, baş vermir. "Yeni Azərbaycan Partiyası onlara partiyaüzvümü verməlidir, yoxsa onların görüşlərinə minlərlə insanlarmı gətirməlidir?" 

-Müxalifət onu da iddia edir ki, iqtidar onun cəmiyyətlə, seçici ilə görüşməsində, bir araya gəlməsində maraqlı deyil bu baxımdan da, hər cür maneələr, əngəllər yaradır. Bu iddia dərəcədə əsaslıdır?

-Hesab edirəm ki, onların bu yöndəki ittihamları da əsassızdır. Yəni, Bakıda regionlarda görüşlər keçirmək olar. Ancaq onların görüşlərinə gələn yoxdur. Onlara maraq göstərən yoxdur. Onların bayraqlarının altında durmaq istəyənlər yoxdur. Varsa da, həddən artıq azdır. Yəni, Yeni Azərbaycan Partiyası onlara partiya üzvümü verməlidir, yoxsa onların görüşlərinə minlərlə insanlarmı gətirməlidir?

Cəmiyyətlə işləmək lazımdır. Siyasət ancaq qəzet səhifələrində şəkillərinin verilməsi deyil. Siyasət cəmiyyətin dili ilə cəmiyyətlə danışmaq, cəmiyyətin təmsilçisi olmaq hüququnu qazanmaqdır. "İqtidarın da, müxalifətin hər biri öz mövqeyini ortaya qoyur bunların qarşıdurmasında həqiqət yaranır" 

-Bildiyiniz kimi, qarşıdan iki mühüm siyasi tədbir gəlir- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası ATƏT Parlament Assambleyasının (PA) Bakı sessiyası. Bu iki mühüm tədbirə kimi daxili məsələlərlə, problemlərlə bağlı iqtidarla müxalifətin bir araya gəlməsi, dialoq masası ətrafında əyləşməsi anlaşması mümkündürmü?

-Əvvəla,  biz demokratik ölkəyik tənqidə açığıq. Məsələlərin açıq müzakirəsinə açığıq.  Azərbaycanda istənilən məsələ polemika mövzusu ola bilər. Eyni zamanda hesab edirəm ki, Azərbaycanda  hüquqi dövlətin əsas prinsipi qorunur, yəni,  hər bir kəsin fikrini açıq bildirmək imkanı var. Demokratiya budur.

Bu baxımdan, iqtidarın da, müxalifətin hər biri öz mövqeyini ortaya qoyur bunların qarşıdurmasında həqiqət yaranır. Bunların qarşıdurmasında cəmiyyət öz seçimini edir. 

Kamil HƏMZƏOĞLU

 





05.06.2014    çap et  çap et