525.Az

Dövlətin mediaya növbəti dəstəyi


 

ELÇİN MİRZƏBƏYLİ: “BU, MEDİA SEKTORUNDA HƏYATA KEÇİRİLƏN İSLAHATLARIN TƏRKİB HİSSƏSİDİR”

Dövlətin mediaya növbəti dəstəyi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, 16 qəzet və 39 onlayn mediaya yardım ayrılıb. Qəzetlərdən 6-ı həftədə 5 dəfə, 10-u isə bir dəfə dərc ediləcək.  

Qeyd olunmalıdır ki, Agentlik yarandığı vaxtdan çap və onlayn medianın inkişafı, onlara maliyyə dəstəyi göstərilməsi, eyni zamanda jurnalistlərin bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr, eyni zamanda mediaya maliyyə dəstəyinin göstərilməsi, qəbul edilmiş yeni qanun və orada əksini tapan müddəların həyata keçirilməsi heç şübhəsiz ki, ümumilikdə Azərbaycan mediasının inkişafı, yeni və müasir çağırışlara cavab verməsi  baxımından əhəmiyyət kəsb edir. Aparılan işlər gələcəkdə medianın iqtisadi dayaqlarının yaranmasında, reklam bazarının formalaşmasında da bir təkan olacaq.

Mövzu ilə bağlı “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “525”ə bildirib ki, Medianın İnkişafı Agentliyinin çap və onlayn mediaya növbəti maliyyə yardımı şübhəsiz ki, həm sözügedən resursların ayaq üstə qalmasına imkan yaradır, həm də bu proses mahiyyət etibarilə bütövlükdə media sektorunda həyata keçirilən islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir: “Çünki paralel olaraq bir sıra mühüm addımlar atılıb. Məlum olduğu kimi, artıq qanunvericilik bazası formalaşdırılıb və qanunvericilik bazasından çıxış edərək müvafiq qaydada qərarların qəbul edilməsi gözlənilir. Digər tərəfdən, bəlli olduğu kimi, vergi güzəştləri faktiki olaraq media üçün nəzərdə tutulur, kağız və kağız məhsulları üzərində olan əlavə dəyər vergisi aradan qaldırılıb. Bu maddi müstəvidə mediaya mahiyyət etibarilə verilən dəstəkdir”.

E.Mirzəbəyli əlavə edib ki, digər istiqamətdə ayrı-ayrı sahələr üzrə jurnalistlərin peşəkarlığının artırılması üçün davamlı olaraq treninqlər keçirilir və Azərbaycan mediasında ixtisaslaşma probleminin aradan qaldırılması üçün müvafiq layihələr icra edilir: “Bu aspektdən düşünürəm ki, prosesə kompleks şəkildə yanaşsaq, daha doğru olar. Bütün bunlar ölkədə media sektorunda həyata keçirilən islahatların tərkib hissəsidir. Dövlətimizə dəstəyə görə təşəkkür edir, MEDİA-ya və həmkarlarıma uğur diləyirəm”.

“Qol.az” idman saytının baş redaktoru Aydın Bağırov isə “525”ə deyib ki, əvvəllər, yəni KİVDF dövründə maliyyə dəstəyi göstərilən zaman adətən ictimai-siyasi mediaya üstünlük verilirdi. Müraciət edəndə isə imtina cavabı gəlirdi: “Məsələn, “Futbol+” qəzetinə dəfələrlə imtina cavabı verilmişdi, maliyyələşmədən kənarda qalırdı. Ötən ilin iyun ayından onlayn mediaya da maliyyə ayrılmağa başlayanda, artıq idman mediası da nəzərə alındı. İlk gündən MEDİA 7 idman saytına maliyyə ayırıb və bu proses davam edir”. 

A.Bağırov hesab edir ki, maliyyənin ayrılmasından sonra idman mətbuatında inkişaf, canlanma hiss olunmaqdadır: “İctimai-siyasi mətbuatdan fərqli olaraq idman mətbuatı həmişə belə yardımlardan kənarda qalırdı. Əsasən futbol klublarının, bəzi təşkilatların cüzi reklamlarından gəlir əldə edilirdi. Dövlət tərəfindən maliyyə ayrılandan sonra isə 7 saytın hər biri əməkdaşları ilə rəsmi qaydada müqavilə bağlayıb, bir çox saytlar var ki, əlavə əməkdaşlar cəlb edib. İdman mediasında inkişaf, canlanma xeyli dərəcədə hiss olunur. Əgər bu saytalar əsasən futboldan yazırdılarsa, indi idmanın digər növlərini də əhatə edirlər. Yəni müsbətə doğru bir proses gedir”.

“Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri arasında “Yeniçağ.Az” saytı da var. Bu əməkdaşlıq və yardım sadəcə media qurumuna deyil, həm də bu media qurumlarında çalışan jurnalistlər üçün ciddi dəstəkdir”. Bu fikirləri “Yeniçağ.Az” saytının baş redaktoru Aqil Ələsgər bildirib. Onun sözlərinə görə, məsələnin maddi tərəfini bir kənara qoysaq, bu günlərdə müzakirə mövzusuna çevrilən staj problemi də avtomatik Agentliyin tələbi ilə öz həllini tapır: “Nəzərə alsaq ki, son illərə qədər bu məsələ ilə bağlı hüquqları ən çox pozulan və görməzdən gəlinən media mənsubları idi. Əgər araşdırma aparılsa, təkcə adıçəkilən 39 saytda deyil, bir çox saytlarda da bu məsələdə leqallaşma əvvəlki illərə nisbətdə xeyli artıb. Bütün bunlar isə jurnalistin maraqlarının qorunması baxımından çox mühümdür. 

Öncəlikl, bütün qalibləri təbrik edir. Qalib olmaq arzusunda olanlara gələcək müsabiqələrdə müvəffəqiyyət arzulayıram. Heç bir müsabiqəyə qatılmayıb, ancaq həmişə narazılıq edən dostlara isə arada bilet almağı məsləhət görürəm”. 

PƏRVANƏ

 





01.07.2022    çap et  çap et