525.Az

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib


 

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib<b style="color:red"></b>

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.

Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məlumat verilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnstitutun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Nəzakət Mehdiyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəblərin ibtidai sinif metodbirləşmə sədrləri və ibtidai siniflər üzrə direktor müavinləri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva çıxış edərək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışıb.

Təhsil İnstitutunun direktoru R.Əzizov sertifikatlaşdırma prosesi ilə bağlı beynəlxalq təcrübənin araşdırıldığını diqqətə çatdırıb, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru N.Mehdiyeva, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru N.İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçıları məlumatlandırıblar.

Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

 





01.07.2022    çap et  çap et