525.Az

AYB-də türkiyəli professor Özkan Hüseynlə görüş olub


 

AYB-də türkiyəli professor Özkan Hüseynlə görüş olub<b style="color:red"></b>

İyunun 30-da "Vektor" Beynəlxalq  Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Fəxri Mədəniyyət Səfiri Özkan Hüseynlə görüş keçirilib.

Görüşdə media nümayəndələri, yazıçılar, professorlar, alimlər, şairlər və başqaları iştirak ediblər.

Tədbir zamanı Akademiyanın Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının kitablarının təqdimatı olub və görüş iştirakçılarına kitablar hədiyyə edilib.

Görüşü giriş sözü ilə şair, elm xadimi, professor Elçin İsgəndərzadə açıb. O, bildirib ki, Azərbaycan Elmlər Akademiyasının başlatdığı gözəl bir yolun 22-ci dayanacağındayıq: "Allah bütün şairlərə, yazıçılara cansağlığı versin. Əslində kainat əbədidir. Məsələn, Səməd Vurğun əsla ölməyib, Məmməd Araz, Rəsulzadə hələ də ölməyiblər. O zaman onlar ölə bilər ki, sonuncu türk bu dünyadan köçsün".

Daha sonra Ş.Əkbərzadə haqqında danışan professor Elçin İsgəndərzadə böyük bir Şahmar Əkbərzadə mükafatı laureatları kitabxanası yarandığını və bu günə qədər 75 kitab çap etdiyini vurğulayıb. O, həmçinin, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Fəxri Mədəniyyət Səfiri Özkan Hüseyinlə bağlı görüş iştirakçılarına məlumatlar verib, Türk və Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Görüşdə həmçinin, bir sıra elm adamı və yazarlar Türk ədəbiyyatında xüsusi roluna və xidmətlərinə görə mükafatlandırılıblar. Yazıçı-publisist Yunus Oğuz, şair Arzu Nehrəmli, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov, şairlər Nazim Əhmədli, Yusif Nəğməkar və başqaları Türk Dünyası Ədəbiyyatına Xidmət diplomuna layiq görülüblər. Eləcə də Özkan Hüseyn Türkiyə-Azərbaycan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanına, şair Şəfəq Sahibli isə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin təşkilinə görə Birlik tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılıblar.

Həmçinin, görüşdə gənc rəssam Nəsibə Quliyeva Beynəlxalq diplomla təltif olunub.

Görüşün sonunda gənc rəssam Nəsibə Quliyevanın Şuşa ilinə həsr olunmuş əsərlərinin satış sərgisi keçirilib. 

Şahanə MÜŞFİQ

 





02.07.2022    çap et  çap et