525.Az

Kollektiv təhlükəsizlik NATO-nun prioritetinə çevrilib


 

Kollektiv təhlükəsizlik NATO-nun prioritetinə çevrilib<b style="color:red"></b>

Məlum olduğu kimi, bir neçə gün əvvəl NATO-nun Madrid sammitində Şimali Atlantika Alyansının 30 üzvü tərəfindən yeni strateji konsepsiya təsdiq edilib. Sənəddə bəndlərin böyük hissəsi NATO-nun Ukraynada hərbi əməliyyatların təsiri altında qarşılaşdığı yeni reallığa həsr olunub.

Xatırladaq ki, NATO-nun 12 il əvvəl qəbul edilmiş strateji konsepsiyasında "NATO ilə Rusiya arasında həqiqi tərəfdaşlıq"dan söhbət gedirdi. 2010-cu il alyansla Moskva arasında əməkdaşlıqda əlamətdar hadisə oldu. Belə ki, Rusiya-NATO Şurasının iki iclası və alyans rəhbərinin Moskvaya səfəri baş tutdu.

Təxminən on ildə bir dəfə NATO Şimali Atlantika Müqaviləsindən sonra təşkilat üçün ikinci ən vacib sənəd olan strateji konsepsiya qəbul edir.Orada alyans dünyada təhlükəsizliyin vəziyyətini qiymətləndirir və mövcud durumda necə hərəkət etməli olduğunu göstərir. Cari onillik üçün planlar NATO-nun iyunun 29-da Madriddə keçirilən sammitində təsdiq edilib.

Madrid strateji konsepsiyası daha əvvəl Lissabonda qəbul edilmiş sənəddən əsaslı şəkildə fərqlənir. 2010-cu ildə Şimali Atlantika Alyansı əminliklə təsdiq edə bilərdi ki, Avro-Atlantik regionu sülh şəraitində yaşayır və NATO ərazisinə konvensional hücum təhlükəsi azdır. Yeni konsepsiyada sülhün yoxluğu qeyd olunur, vurğulanır ki, NATO dövlətlərinə hücum ehtimalını qiymətləndirməmək olmaz.

2010-cu ildə NATO Moskva ilə münasibətlərdə problemlərə işarə etsə də, Rusiya Federasiyası ilə "əsl strateji tərəfdaşlıq" arzusunu ifadə etmişdi. İndi isə nəticə birmənalıdır: "Rusiya Federasiyası NATO-ya üzv dövlətlərin təhlükəsizliyinə, eləcə də Avro-Atlantik regionun sülh və sabitliyinə ən əhəmiyyətli və birbaşa təhdiddir. O, məcburiyyət, təxribat, təcavüz və ilhaq yolu ilə birbaşa təsir dairələri yaratmağa çalışır. Bu düşmənçilik siyasəti və hərəkətləri fonunda biz Rusiya Federasiyasını öz tərəfdaşımız hesab edə bilmərik. Bununla belə, riskləri idarə etmək və azaltmaq, eskalasiyanın qarşısını almaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqə kanallarını açıq saxlamaq niyyətindəyik. NATO Rusiya Federasiyası ilə qarşıdurmaya can atmır və ona təhdid yaratmır. Rusiya ilə münasibətlərdə istənilən dəyişiklik Moskvanın özündən asılıdır. Yəni aqressiv davranışını dayandırmalı və beynəlxalq hüquqa tam əməl etməlidir".

Madrid sənədində Rusiyanın əsas təhlükə kimi tanınacağı gözlənilən idisə, Çinlə bağlı qeyri-müəyyənlik var idi. Məlumat üçün qeyd edək ki, Lissabon sənədində Çinin adı ümumiyyətlə, qeyd olunmayıb. Madrid konsepsiyasında isə Pekin diqqəti üzərinə  çəkib. NATO ölkələrinin Çinə münasibəti bir qədər fərqlidir. Buna görə də, konsepsiyada vurğulanır ki, Çinin elan edilmiş ambisiyaları və onun məcburetmə siyasəti alyansın maraqlarına, təhlükəsizliyinə, dəyərlərinə meydan oxuyur. ÇXR qlobal təsirini artırmaq və gücünü göstərmək üçün öz strategiyası ilə bağlı aydınlıqdan qaçmaq üçün geniş siyasi, iqtisadi və hərbi alətlərdən istifadə edir. Eyni zamanda, strategiyası, niyyətləri və qoşunların artırılması ilə bağlı məsələyə  aydınlıq gətirməkdən qaçır.

Belə çağırışlardan biri Pekinin əsas texnologiya və sənaye sektorlarına, kritik infrastruktura və strateji əhəmiyyətli resurslara nəzarəti ələ keçirmək cəhdləridir. Bununla belə, alyans qeyd edir ki, NATO Çinlə "konstruktiv qarşılıqlı əlaqəyə" açıq qalır.  Konsepsiyada Çin və Rusiya arasında strateji tərəfdaşlığın dərinləşməsi ilə bağlı təəssüf ifadə olunur. Hər iki ölkənin beynəlxalq nizamı pozmaq cəhdləri NATO dəyərlərinə və maraqlarına zidd adlandırılır.

Ekspertlər hesab edirlər ki, yeni strateji konsepsiyada Rusiya müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid adlandırılsa da, sənəd hələ də 3 əsas  vəzifəyə əsaslanır - müdafiə və çəkindirmə, böhranın qarşısının alınması və idarə edilməsi, kollektiv təhlükəsizlik.

Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fabris Potier əmindir ki, onlardan biri hazırda Rusiyanın Ukraynaya hücumundan sonra ön sırada dayanır.

Eksper xarici mediaya bildirib ki, son hadisələrlə bağlı bərabərhüquqlu vəzifələr sırasında kollektiv müdafiə birinci yerdə dayanır: "Bu, indi əsasdır, onun çərçivəsində isə digərləri - müdafiə və çəkindirmə, böhranın qarşısının alınması və əməkdaşlıq vasitəsilə təhlükəsizlik həyata keçirilir.

"Beləliklə, NATO rəhbərliyi hələ də təsdiqləyir ki, onların üç əsas vəzifəsi var, lakin indi onların hamısı bir məqsədə - alyansın kollektiv müdafiəsini təmin etməyə tabedir.

Təcrübədə bu, Ukraynaya hərbi və maliyyə yardımı göstərməklə bağlı uzunmüddətli öhdəlik deməkdir, baxmayaraq ki, tənqidçilər NATO-nun Ukrayna ordusunu silahla təmin etmək və təlimlərdə daha da irəli gedə biləcəyini deyirlər".

Onun sözlərinə görə, İsveç və Finlandiyanın da sıralarına daxil olması ilə təşkilat daha da güclənəcək. Və Türkiyənin bu iki ölkəyə etirazını aradan qaldırması alyansa üzv dövlətlərin əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Yeni konsepsiyanın digər əsas məqamı isə Çin tərəfindən yaradılmış sistemli çağırışların qeyd edilməsidir. O vurğulayıb ki, Pekin bunu qəbul etmədi və dərhal ÇXR-ə "böhtan atmaq cəhdlərinə" etirazını bildirdi.

PƏRVANƏ

 

 





02.07.2022    çap et  çap et