525.Az

Madrid sammiti NATO-nu necə dəyişdi? - Xaqani Cəfərli yazır


 

Madrid sammiti NATO-nu necə dəyişdi? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Madrid sammitinin NATO-nun tarixində yeni mərhələ açacağı haqqında söylənilənlər özünü doğrultdu. Şimali Atlantika Alyansı 12 il əvvəl, 2010-cu ildə qəbul etdiyi strateji konsepsiyasından imtina edərək yeni sənəd qəbul etdi. 12 il əvvəl qəbul edilmiş strateji konsepsiyasında Rusiya "strateji tərəfdaş" adlandırılmışdı. O zaman qəbul edilən sənəddə Çindən ümumiyyətlə bəhs edilməmişdi.

Madrid sammitində qəbul edilmiş strateji konsepsiyada isə Rusiya NATO-nun və Alyansın müttəfiqlərinin təhlükəsizliyinə "ən ciddi və birbaşa təhdid" kimi müəyyən edilib. Çinin siyasəti isə Qərbin müttəfiqlərinin "maraqlarına, təhlükəsizliyinə və dəyərlərinə" meydan oxumaq kimi dəyərləndirilib. NATO-nun yeni strategiyasının müəllifləri hesab edirlər ki, Rusiya zorakılıq, təxribat, təcavüz və ilhaq yolu ilə təsir dairəsini genişləndirməyə, qonşu ölkələr üzərində birbaşa nəzarət yaratmağa çalışır.

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünün yolunu açan anlaşmaya imza atması ilə Alyansın Şərqə doğru genişlənməsi sürətləndi. Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə Alyansın üzvlərinin sayı 32-yə çatdı. Finlandiya və İsveçin NATO-ya üzvlüyü Alyans üçün mühüm əhəmiyyət daşıyır. Bu iki ölkənin Alyansa üzv olması ilə Baltik dənizi NATO-nun daxili su hövzəsi halına gələcək. Bunun nəticəsində də Rusiyanın Baltik dənizindəki çox əsrlik hökmranlığına son qoyulacaq. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə Şimali Atlantika Alyansının hərbi strukturları Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun bir neçə kilometrliyinə qədər yaxınlaşacaq.

Madrid sammitini əvvəlkilərdən fərqləndirən məqamlardan biri də toplantıda Alyansa üzv olmayan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın dövlət və hökumət başçılarının iştirak etməsidir. Bu hal NATO-nun tarixində ilk hadisədir. Qərb bununla daha böyük birliyə sahib olduğunu nümayiş etdirib.

Madrid sammitinin özəlliklərindən biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi qonaq qismində Alyansın toplantısına qatılmasıdır.

Madrid sammiti Alyansın hərbi gücünün artırılması ilə bağlı da önəmli qərarlar alıb. NATO-nin Çevik Cavab Qüvvələrinin sayının 40 mindən 300 minə çatdırılması haqda qərar qəbul olunub. Bundan başqa, NATO-nun şərq cinahını gücləndirilməsinə qərar verilib. Estoniyadan Bolqarıstana kimi ərazidə yerləşdirilmiş səkkiz döyüş bölməsinin 3000-5000 nəfərdən ibarət briqadalara çatdırılması da gündəmdə olub.

NATO-nun hərbi qüvvələrinin artırılması ABŞ-ın iştirakı olmadan mümkün olmadığı üçün Birləşmiş Ştatlar Avropadakı hərbi mövcudluğunu ciddi şəkildə artıracaq. Vaşinqton Polşada ABŞ-ın 5-ci Ordu Korpusunun daimi qərargahının yaradılmasını planlaşdırır. Böyük Britaniyada əlavə iki F-35 eskadronun yerləşdirilməsi də Vaşinqtonun planlarına daxildir. Hər biri 24 ədəd beşinci nəsil F-35 qırıcılarından ibarət iki eskadronun münaqişə zamanı Rusiya Silahlı Qüvvələrinin qarşısını saxlaması və məhv etməyi asanlaşdırması nəzərdə tutulur. Avropada F-35-lərin cəmlənməsi ehtiyac yaranacağı halda ABŞ və müttəfiqlərinə Rusiya hava məkanına beşinci nəsil qırıcıların sürətli kütləvi hücumunu təşkil etməyə imkan verəcək. Rusiya Polşa, Finlandiya, Norveç, Danimarka, Niderland və hətta Böyük Britaniyada yerləşən qırıcıların hədəfidir. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra ABŞ Avropadakı hərbi kontingentinin sayını 100 minə çatdırıb. Belə görünür ki, yaxın illərdə bu rəqəm daha da artacaq.

ABŞ bundan başqa, İspaniyada Hərbi Dəniz Qüvvələrinə məxsus iki əlavə esmines yerləşdirmək niyyətindədir. Eyni zamanda, Almaniya və İtaliyada əlavə hava hücumundan müdafiə sistemləri, Rumıniyada əlavə rotasiya briqadası yerləşdirmək və Baltikyanı ölkələrdə rotasiyanı təkmilləşdirmək də Vaşinqtonun planlarına daxildir.

Konsepsiyanın mətnində NATO-nun Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirəcəyi öz əksini tapıb. NATO liderləri Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gəliblər. Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsinin dünyada təhlükəsizlik mühitini ciddi şəkildə pozmasına, eləcə də beynəlxalq humanitar hüququn normalarının dəfələrlə aşılmasına səbəb olub. Bu isə saysız-hesabsız dağıntılarla nəticələnib. Qeyd olunub ki, güclü, müstəqil Ukraynan Avroatlantik məkanın təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.

Bunun nəticəsidir ki, ABŞ prezidenti Co Bayden NATO sammitinə həsr olunmuş yekun mətbuat konfransında Ukraynaya hərbi yardımın yeni paketini açıqlayıb. Bayden bildirib ki, ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardım edəcək. Yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya və döyüş sursatları, düşmənin atəş mövqelərini aşkar edən və onlara qarşı atəşi yönəldən batareya radarı daxil olacaq.

Yeni strateji konsepsiyada NATO-nun fərdi azadlıqlar, insan hüquqları, demokratiya və qanunun aliliyinə sadiqlik kimi dəyərlərin ətrafında birləşmiş müdafiə təşkilatı olaraq qaldığı da öz əksini tapıb.

Rusiya ötən ilin dekabrında NATO-dan Alyansın hərbi strukturlarını 1997-ci il sərhədinə çəkməyi tələb etmiş, bunun ardınca fevral ayında Ukraynaya qarşı müharibəyə başlamışdı. Bütün bunlar isə NATO-nun Madrid sammitində Rusiyanın strateji tərəfdaşlıqdan çıxarılaraq ən ciddi və birbaşa təhdid kimi xarakterizə olunmasına səbəb oldu. Yaxın on ildə və bəlkə də bir neçə on illikdə NATO ilə Rusiyanın münasibətləri məhz bu baxış bucağından müəyyən ediləcək. Rusiyanı ən ciddi və birbaşa təhdid kimi görən NATO təhlükənin qarşısını almaq üçün daima gücünü artırmaq istəyəcək. Bunun üçün də hərbi xərclərin artırılması da müzakirə mövzusudur.

 

 

 





02.07.2022    çap et  çap et