525.Az

Xurşidbanu Natəvanın ədəbi taleyi -   Mustafa Çəmənli yazır


 

Xurşidbanu Natəvanın ədəbi taleyi -  <b style="color:red"> Mustafa Çəmənli yazır</b>

Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində öz yeri, xidmətləri olan Xurşidbanu Natəvan haqqında ilk dəfə ana nənəmin anası Yaxşı qocamdan eşitmişdim (Qarabağda mənim yaşıdlarım yaşlı nənələrinə "qoca" deyə müraciət edərdilər). Ömrünün gəlinlik çağını XIX əsrdə yaşamış Yaxşı qocam ahıllığını XX əsrdə - mən uşaq olanda başa vurmaqdaydı. O, hər dəfə bizə baş çəkməyə gələndə mənə nağıllar danışardı. Bu nağıllardan birində isə Yaxşı qocamı kəndimizin qız-gəlini ilə toplaşıb başının dəstəsiylə Ağcabədinin Kəhrizli kəndindən gəlib, bizim Çəmənli kəndindən keçib el yoluyla Şuşa qalasına gedən Xan qızı Natəvanın tamaşasına duran gördüm. Onun xatirəsində Xan qızı Natəvan at belindəydi, qızıl düyməli çəpgəni, papaqqabağısı, belindəki qızıl kəməri günəşin şəfəqləri altında bərq vururdu. Bu xatirənin sonu məşhur bir bayatı ilə bitmişdi:

 

Burdan bir atlı keçdi,

Atın oynatdı keçdi.

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı keçdi.

 

Çox sonralar bildim ki, qoca nənəmin heyranlıqla təsvir etdiyi Xan qızı Xurşidbanu Natəvan imiş. Onu da anladım ki, uzun bir ömür sürmüş Yaxşı qocamın bu dünyada gördüyü və sevdiyi ən böyük şəxsiyyət elə Xan qızı imiş.

Zaman keçdi, Xan qızının muğamat saatlarında radiodan eşitdiyim

 

Dilbəra, dərdi-dilimdən

belə ünvan etdim

Ki, qəmi-hicrdə dil mülkünü

viran etdim. -

 

mətləli qəzəli ustad xanəndə Yaqub Məmmədovun səsi ilə yaddaşıma köçdü.

Təbii ki, ali məktəbdə oxuyanda bu incəqəlbli şairənin yaradıcılığı, rəhbəri olduğu "Məclisi-üns" ədəbi məclisi haqqında kifayət qədər bilgi əldə etmişdim. Dünya şöhrətli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) "Qafqaz" əsərində Xurşidbanu Natəvan və onun birinci əri Xasay xan Usmiyev barədə xoş sözlərini oxuyanda çox xoşhal olmuşdum. 1858-ci ildə Aleksandr Düma (ata) Bakı polismeystri Piqulyevskinin evində Xasay xan Usmiyevlə, onun xanımı Xurşidbanu, qayınanası Bədircahan bəyimlə və uşaqları ilə tanış olmuş, ilk təəssüratlarını belə ifadə etmişdir: "İki azərbaycanlı qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı (Xurşidbanu Natəvan - M.Ç.) idi. Anaya qırx, qızına iyirmi yaşdan artıq vermək olmazdı. Hər ikisi milli geyimdə idilər. Qız zəngin olan milli geyimdə füsunkar görünürdü.

Üç-dörd yaşlı, eyniylə anası kimi geyinmiş balaca qız uşağı iri, qara gözlərini təəccüblə bizə zilləyərkən beş-altı yaşında bir oğlan uşağı nənəsinin qucağına sıxılmışdı və təsadüfən, yaxud qeyri-ixtiyari olaraq, əli ilə xəncərinin dəstəyindən tutmuşdu.

Tiyəsinin dalı-qabağı - hər iki tərəfi kəsən ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç vəchlə öz uşağının əlinə verməzdi, ancaq bu azərbaycanlı qadınının öz uşağına verdiyi bir oyuncaq idi" (A.Düma. "Qafqaz", 2010, səh.186-187).

Xasay xan Usmiyevin Aleksandr Dümaya yazdığı kiçik bir məktubdan onun xanımı Natəvanın əl qabiliyyətindən necə məmnun olduğunu görürük. "Bir saat sonra ondan (Xasay xandan - M.Ç.) kiçik bir məktub aldım. Fransızca mükəmməl tərtib olunmuş bu kiçik məktubda aşağıdakı sözlər yazılmışdı: Müsyö, Sizin çox gözəl silahlarınız vardır, odur ki bu kolleksiyanıza nəsə əlavə etməyə cəsarətim çatmadı; ancaq xanımım bir pul kisəsini və iki arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanım öz əlləri ilə işləmişdir. İmza: knyaz Xasay Usmiyev" (Yenə orada, səh. 193).

Bu hədiyyənin qarşılığında A.Düma Xan qızına fil sümüyündən şahmat hədiyyə etmişdir. Xurşidbanu Natəvanın irsinin tədqiqatçısı Bəylər Məmmədovun yazdığına görə, şairənin qızı Xanbikədən olan nəvəsi Əkbər xan Naxçıvanlı A. Dümanın nənəsinə bağışladığı şahmatı və fiqurları sonralar muzeyə bağışlamışdı.

Natəvanın yaradıcılığı, şəxsi həyatı sonralar da mənim yoluma çıxdı. 1983-cü ildə filologiya elmləri namizədi Bəylər Məmmədovun işlədiyim "Yazıçı" nəşriyyatında "Xurşidbanu Natəvan" monoqrafiyası nəşr olunmuşdu. Bu monoqrafiyanı oxumuşdum və Xan qızının fərəhli, fərəhsiz günlərinin şahidi olmuşdum. Kitabın müəllifi Bəylər müəllimlə dostlaşmışdıq. Bəylər Məmmədov öz imzası ilə oxucunun gözünü "qabar" edənlərdən deyildi. Az-az yazırdı, amma yazdıqları maraqla qarşılanırdı. Çünki hər yazısı tapıntı idi. Bir gün "Ədəbiyyat və incəsənət" qəzetində onun "Xurşidbanu Natəvanın şair qohumları" sərlövhəli maraqlı bir məqaləsini oxudum. O zaman "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdiri işləyirdim. Bəylər müəllimə zəng vurub onu məqalə münasibətilə təbrik etdim, sonra "yaxşı olar, məqalədə adı çəkilən şairlərin şeirlərini toplayasınız, kitab halında çap edək" dedim. O, belə bir niyyətdə olmadığını söyləsə də, təklifimi qəbul etdi və 1989-cu ildə onun "Natəvanın şair qohumları" kitabı nəşr edildi. Bəylər müəllimin "Bu kitabın yaradılmasının təşəbbüskarı əziz Mustafaya xoş təəssüratlarla" avtoqrafı ilə mənə bağışladığı "Natəvanın şair qohumları" kitabı bu gün oxucular üçün çox qiymətli bir mənbədir.

Doğrusu, Xurşidbanu Natəvanın 1886-cı ildə tərtib etdiyi şeir və rəsmlərdən ibarət "Gül dəftəri" albomu barədə də müfəssəl fikirləri ilk dəfə Bəylər Məmmədovun monoqrafiyasında oxumuşdum. Xan qızının müasiri Mir Möhsün Nəvvab da təzkirəsində onun şəxsiyyətinə və rəssamlıq qabiliyyətinə yüksək qiymət verərək yazır: "...əhvalı və məzacı adi, xarici görünüşü eyibsiz, zərif qadındır. Qadınlara xas olan əməllərdə çox mahirdir. Rəssamlıq sənətində çox qabil və kamildir" (M.M.Nəvvab."Təzkireyi-Nəvvab", 1995, səh. 150).

Mən hələ sovet dövründə Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Əli bəy Hüseynzadənin, Yusif Vəzir Çəmənzəminlinin rəsmlərini bir kitabda toplayıb çap etdirmək istəyirdim. Lakin bu istəyim baş tutmadı. 2011-ci ildə Əlyazmalar İnstitutuna gedib şairənin "Gül dəftəri" ilə tanış oldum. Düzü, bir əsr bundan əvvəl Xan qızının adi karandaşla çəkdiyi rəsmləri görəndə çox duyğulandım. Təəssüflər olsun ki, dəfələrlə qəzəlləri Azərbaycan və rus (1983) dillərində çap olunan şairənin elm aləminə 1938-ci ilin mart ayından bəlli olan "Gül dəftəri"ndəki rəsmləri bizim tərtib etdiyimiz 2012-ci il nəşrinə qədər bütöv halda çap olunmamışdır. Ona görə də bu yeni tərtibdə Natəvanın qəzəlləri ilə yanaşı, onun çəkdiyi rəsmlərini də verməyi vacib saymışdıq. Bu rəsmlərin çapa yararlı olub-olmamasını müəyyənləşdirmək niyyəti ilə uzun illər kitab qrafikası ilə məşğul olmuş rəssam Abdulla Ələkbərovla o zaman Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Əlioğlunun yanında olduq və bir daha "Gül dəftəri"ndəki rəsmləri nəzərdən keçirdik. Abdulla müəllim bir mütəxəssis kimi rəsmlərin çapının mümkün olduğunu söylədi. Yeni tərtiblə bağlı Paşa müəllimlə fikirlərimi bölüşdüm. O, Əlyazmalar İnstitutunun arxivində Mirzə Rəhim Fənanın, Natəvanın nəvəsi Əkbər Naxçıvanskinin, oğulluğu Mir Həsən Mir Haşım oğlu Ağamirovun, Zülfüqar bəy Hacıbəylinin xatirələrinin saxlandığını və bu xatirələrin şairənin həyatını, dünyagörüşünü, "Məclisi-üns"dəki fəaliyyətini öyrənmək baxımından çox qiymətli mənbə olduğunu söylədi. Paşa müəllimdən yeni tərtibə əlavə etmək üçün həmin xatirələrin üzünü köçürtdürüb bizə verməsini xahiş etdim.

Ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş xatirələrdən, şairənin nəslindən olan insanların söz-söhbətlərindən görünür ki, Natəvanın irsi hələ də hərtərəfli araşdırılıb üzə çıxarılmamışdır. Fikrimizi bu kitaba daxil etdiyimiz tanınmış yazıçı, tərcüməçi Hüseyn Sərifin (1909-1989) "Bir hədiyyənin tarixçəsi" və jurnalist Novruz Novruzovun (İbrahimoğlu) "Xan qızının xatirə əşyaları" məqalələrinə istinad edərək söyləyirik. "Bir hədiyyənin tarixçəsi" məqaləsinin müəllifi Hüseyn Şərif 1944-cü ildə İranda olarkən Muradəli adlı bir şəxsin Xan qızı Natəvanın əlyazmasını ona bağışlamasından, hətta o zaman ədəbiyyatşünas-alim Məmməd Arif Dadaşzadənin bu əlyazmaları "Natəvanın əlyazmalar fondunda saxlanan digər sənədləri" ilə tutuşdurmasından, "birini qoyub, o birini götürməsindən" söz açır və sonra Məmməd Arifin müəllimin: "Bəs indi necə olsun, Hüseyn, bunlar harada qalacaq, nə etmək istəyirsən?" məntiqli sualı qarşısında Hüseyn Şərifin: "Muradəli xanın yazısını özün gördün, bunları mənə yadigar verib. Sabah Təbrizə yola düşürəm. Sağlıq olsun, qayıdanda məsləhətləşərik" - deyir.

Bu məsləhətləşmənin sonu nə ilə bitib bizə bəlli deyildir. Çox illər sonra, 28 iyul 1984-cü ildə "Azərbaycan gəncləri" qəzetində "Bir hədiyyənin tarixçəsi" adlı xatirəsini və Natəvanın üç rəsmini, əlyazısının kiçicik surətini çap etdirən müəllif, nədənsə, əlyazmaların sonrakı taleyindən danışmayıb.

Bəs bu nadir "hədiyyə" necə olub? Doğrudanmı, Xan qızına məxsus bu qiymətli hədiyyə it-bata düşüb? Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Əlyazmalar İnstitutuna, ayrı-ayrı şəxslərə müraciət etdim. - "Bizdə belə bir əlyazma yoxdur" cavabını aldım. Nəhayət, vaxtilə "Yazıçı" nəşriyyatında mənimlə birgə işləmiş Hüseyn Şərifin oğlu Eldar Şərifova müraciət etdim. O, atası vəfat etdikdən sonra əlyazmaları Azərbaycan Dövlət Teatr Muzeyinə verdiyini söylədi. Dərhal Teatr Muzeyinə gedib əlyazmalarla tanış oldum. Muzeydə şəxsi arxiv və sənədlər şöbəsində saxlanan bu əlyazma 9 qəzəldən, 4 rəsmdən ibarətdir (Doğrudanmı, 1944-cü ildə İranda Hüseyn Şərifə verilmiş əlyazmalar ancaq bundan ibarətdir? Hökm vermək çətindir). Rəsmlərə baxan kimi Natəvana məxsusluğu dərhal nəzərə çarpır. Onu da deyim ki, bu rəngli rəsmlər Natəvanın "Gül dəftəri"ndə yoxdur. Şeirlərə gəlincə, bu qəzəllərdən yalnız biri bu günə kimi çap olunmayıb (Qəzəllərdən biri isə Mirzə Rəhim Fənaya məxsusdur). Şairənin oğluna həsr etdiyi "Getmə" rədifli bu qəzəli də motivi etibari ilə onun eyni rədifli digər şeirləri ilə səsləşir. Şairənin qəzəlini əsərlərinə əlavə etdik, digərlərini isə çap olunmuş mətnlərlə tutuşdurduq və bəzi qəzəllərdə xırda düzəlişlər etdik.

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız və dövlətimiz yüksək qiymətləndirib, onun adı əbədiləşdirilib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyi ilə bağlı verdiyi Sərəncama müvafiq olaraq tərtib edib çap etdirdiyimiz bu kitaba 2022-ci ildə şairənin 190 illiyində və mənfur düşmənin işğalından azad olunmuş doğma şəhərimizlə bağlı "Şuşa İli"ndə yeni materiallar əlavə edərək çapa hazırladıq. Bu yeni nəşrə şairənin övladları Mehdiqulu xan Vəfa, Xanbikə, Mir Həsən ağa Mir haqqında tanıtma və şeirlərindən nümunələr daxil edilib.

Bunlarla yanaşı, kitabın "Ömürdən anlar" bölməsində "Məclisi-üns"üns üzvü, şairənin şəxsi həkimi, övladlarının tərbiyəçisi Mirzə Sadıq Piran haqqında bilgi və onun Natəvana həsr etdiyi şeirindən parça, şəxsi taleyi ilə bağlı "Bir təsadüfün nəticəsi", "Dinmə, ey könül", "Səni də" başlıqlı yazılar da əlavə edilib.

Bundan başqa, Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisi haqqında oxucuların daha geniş təəssürat əldə etməsi üçün mərhum alim Nəsrəddin Qarayevin "Poetik məclislər" kitabından "Məclisi-üns" fəslini ixtisarla kitaba daxil etməklə yanaşı, müasirlərinin xatirələrinə də yer vermişik.

Xurşidbanu Natəvanın "Gül dəftəri" bölümündə Bəylər Məmmədovun "Xurşidbanu Natəvan" monoqrafiyasından "Gül dəftəri"ndən bəhs edən "Şairin albomu" təhlil-təqdimat hissəsini kiçik ixtisarla möhtərəm oxuculara təqdim etmişik. 

Xurşidbanu Natəvanın həyat və yaradıcılığı şair və yazıçılarımızı da ilhamlandırmış, hələ sağlığında müasirləri Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Mirzə Rəhim Fəna, İskəndər bəy Rüstəmbəyov, Molla Musa Şirvani, Mirzə Məmmədqulu Həkim və başqaları ona şeirlər ithaf etmiş, qəzəllərinə çoxlu sayda nəzirələr yazmışlar. Biz yeni tərtibimizə bu nəzirələrdən də əlavələr etmişik. Çünki bu ithaf şeirləri, nəzirələr müasirlərinin Xan qızının şəxsiyyətinə, fitri istedadına,xeyriyyəçilik missiyasına rəğbətin, hörmətin, məhəbbətin təzahürüdür. Bu şeirlərdə Natəvanın taleyinin ayrı-ayrı məqamları, şairlik, rəssamlıq keyfiyyətləri, bir sözlə, poetik obrazı çox aydın görünür. Bir növ Xurşidbanu Natəvanın ədəbi irsinin əbədiliyinə şahidlik edir. İllər sonra da Natəvanın şəxsiyyətinə, keşməkeşli həyatına maraq azalmamışdır. Xalq şairləri Səməd Vurğun, Məmməd Rahim, Hüseyn Arif, Əliağa Kürçaylı, Hökümə Billuri, Sərdar Əsəd, Abbasağa, Ramiz Məmmədzadə və başqaları onun haqqında şeirlər, poemalar, Xalq yazıçıları Əzizə Cəfərzadə hekayələr, İlyas Əfəndiyev "Xurşidbanu Natəvan", şairə Fəridə Əliyarbəyli "Xan qızı", yazıçı Şövkət Məmmədova "Natəvan" pyeslərini, Xalq artisti Vasif Adıgözəlov "Natəvan" operasını yazmışlar. Görkəmli heykəltəraş Ömər Eldarov şairənin heykəlini yaratmış, bir çox rəssamlar, xüsusilə Altay Hacıyev, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Tağı Tağıyev, Arif Hüseynov, Yaşar Səmədov və başqaları onun bədii obrazını tablolarda əbədiləşdirmişlər. Xalq rəssamı Altay Hacıyev Xurşidbanu Natəvanın həyatının ayrı-ayrı məqamlarını əks etdirən silsilə rəngkarlıq və qrafika əsərləri yaradıb.

Yeri gəlmişkən, kitabda yer almış "Məclisi-üns", "Məclisi-fəramuşan" ədəbi məclislərinin üzvlərindən Mirzə Rəhim Fəna, İsmayıl bəy Darugə, Məmo bəy Məmai, Mehdiqulu xan Vəfa, Mirzə Həsən Yüzbaşov və Həsənəli xan Qaradağinin şəkillərini vaxtilə bizə təqdim etdiyi üçün mərhum Altay Hacıyevi minnətdarlıqla yad edirik. Xatırlatmaq yerinə düşərdi ki, "Məclisi-üns"ün katibi Rəhim bəy Fəna Altay Hacıyevin babası Kərbəlayı Səhliyalının dayısı oğludur.

Xan qızı Natəvana həsr edilmiş bu yeni nəşrdə şairənin şeirləri, rəsmləri, həyatı, şəxsiyyəti və ədəbi irsi haqqında yazılmış xatirələrin, qəhrəmanı olduğu səhnə əsərlərindən, bədii filmdən fraqmentlərin də toplandığını nəzərə alaraq, bu kitabın onun məhşur qəzəllərindən birinin - "Neçin gəlməz" adı ilə nəşr olunmasını münasib bildik. Ad şərti olsa da, fikrimizcə, bu ad həm şairənin yaşantılarını, həm də bütövlükdə onun lirikasının leytmotivini özündə daha aydın şəkildə əks etdirir.

 





02.07.2022    çap et  çap et