525.Az

Rusiya nə edəcəyini bilmir


 

Rusiya nə edəcəyini bilmir<b style="color:red"></b>

Rusiya ordusunun Ukraynanın İlan adasını tərk etməsini Kremlin təbliğat maşını "Xoş niyyətli addım" kimi təqdim etməyə çalışır. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bu addımı belə izah edib: "Rusiya bununla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur".

Əslində isə Rusiya ordusunun müharibənin ilk günü ələ keçirdiyi İlan adasının böyük strateji əhəmiyyəti var. İlan adası ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin, o cümlədən, qırıcı təyyarələrin yerləşdiyi Rumıniya sahillərindən 35-40 km məsəfədədir. İlan adası Rusiyanın ələ keçirməyə çalışdığı Odessadan 140 kilometr aralıda yerləşir. Bundan başqa, Dunayın mənsəbinə yaxın olan İlan adası buradan həm silah, həm də kənd təsərrüfatı məhsulları olan yük gəmilərini hərəkət etdirməyə şərait yaradır. Rusiyanın İlan adasını "xoş niyyətli addım" olaraq tərk etməsindən əvvəl isə Ukrayna ordusunun ərazisi 20 hektar olan adanı güclü artilleriya atəşinə tutduğunu əks etdirən görüntülər yayılıb. "Xoş niyyətli addım" olaraq İlan adasını tərk edən Rusiya ordusu həlak olan əsgərlərinin cəsədlərini götürməyi "unudub".

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun müharibə başlayandan bəri bütün açıqlamalarını təhlil edən "Proekt" internet resursu Ukrayna ərazilərinin işğal edilməsi ardıcıllığı və Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatlarda ciddi uyğunsuzluqlar aşkar edib. "Proekt"in jurnalistləri müəyyən edib ki, nəzarət altına alınan ərazilərin siyahısında 25 yaşayış məntəqəsinin adı ən azı iki dəfə çəkilib. Yəni Rusiya ordusu 25 yaşayış məntəqəsin iki dəfə işğal edib. Kremennaya şəhərinin adı 4 dəfə, Borovenki, Taramçuk və Novomayorskaya yaşayış məntəqələrinin adı 3 dəfə işğal olunan ərazilərin siyahısında çəkilib. Rusiya Müdafiə Nazirliyinin müharibə zamanı 84 Bayraktarın məhv edilməsi barədə məlumat verildiyinə diqqət çəkən "Proekt"in jurnalistlərinin bildirdiyinə görə, bu rəqəm Ukraynanın malik olduğu Türkiyə istehsalı dronların rəsmi sayından təxminən iyirmi dəfə çoxdur. Konaşenkovun Ukrayna ordusuna məxsus məhv edilmiş zirehli texnikanın sayı ilə bağlı açıqlaması da ciddi şəkildə şişirdilib. Araşdırma aparılan müddətə kimi Rusiya ordusunun Ukraynaya məxsus 3800 zirehli texnikanın məhv edilməsi iddia olunur. Halbuki müharibənin əvvəlində Ukraynanın cəmi 2416 zirehli texnikası olub. Müharibə müddətində də Qərb ölkələri təxminən 700 ədəd zirehli texnika verib. Aydın görünür ki, Rusiya ordusu məhv etdiyi texnikaların sayını əhəmiyyətli dərəcədə şişirdib.

Rusiyanın bu yalan məlumatlarla cəmiyyəti nəzarətdə saxlamağa çalışdığı açıq-aydın görünür. Lakin artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hərbçi ailələri artıq etiraz etməyə başlayıblar. Əsgər anaları hökumətə müraciət edərək oğlanlarının Ukraynadan geri qaytarılmasını tələb edirlər. Hakimiyyət artıq əsgər analarını susdura bilmir. Əgər müharibənin ilk günlərində hər kəs münaqişənin qısa çəkəcəyini düşünüb susurdusa, indi vəziyyət dəyişib. Müharibənin 4 ayı geridə qalıb və hər kəs anlayır ki, bu münaqişə illərlə uzana bilər. Rusiyanın Ukraynanı məğlub edə bilmədiyi ortadadır. Ukrayna ordusu isə yavaş-yavaş olsa da, güclənməkdədir. Bu isə Rusiyanın itkilərinin artacağı deməkdir. İlan adasından qaçışını "xoş niyyətli addım" kimi təqim edən Rusiya Ukraynanı necə tərk edəcəyini bilmir. 
 

 





03.07.2022    çap et  çap et