|
|
|
|
"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı" Redaksiyası hər zaman bu devizinə sadiq qalaraq Azərbaycan tarixinin ən şanlı, vüqarlı, eyni zamanda, keşməkeşli səhifələrini öz nəşrlərində dolğun şəkildə əks etdirməyə, indiki və gələcək nəsillərə sanballı miras qoymağa çalışıb. İllər boyu "Xatirə Kitabı"nın nəşrlərinə göz gəzdirdikcə, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqli şəkildə, böyük ciddiyyət və eyni zamanda, vətənə, xalqa, dövlətə məhəbbət, sədaqətlə gəldiklərinin şahidi oluruq.
Qısa xülasə kimi qeyd edək ki, Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika "Xatirə Kitabı" redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. Haqqında bir neçə dəfə qərar və sərəncam verilsə də, bu kitaba əsl qayğı Ümummilli Lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərardan sonra göstərilib. Əvvəlki illərdə fəaliyyəti üçün hətta vəsait ayrılmayan bu kitab Ümummilli Liderin məlum qərarından sonra öz fəaliyyətinə tam başlaya bilib. Sonra da Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanunla Respublika Xatirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib və bununla da "Xatirə Kitabı"nın həyatında əsaslı dönüş yaranıb.
"Xatirə Kitabı"nın cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib.
2017-ci ildə Respublika Xatirə Kitabı redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə çalışaraq, Ermənistanın Qarabağ və ətraf rayonlarımıza hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin, naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin arasdırılması üzrə işə başlayıb. Nəticədə, Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, eyni zamanda, naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə məlumatlar yenidən ciddi arasdırılıb, dəqiqləşdirilmiş materiallar "Respublika Xatirə Kitabı"nın dördcildlik xüsusi buraxılışında iki dildə (Azərbaycan və ingilis dillərində) öz əksini tapıb. Redaksiya, həmçinin, Azərbaycanın Milli Qəhrəmanları və şəhid polislər haqda kitablar da dərc edib.
"Respublika Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından "Gözlə gələcəyəm", "Bir xatirə dəftərinə bənzəyir ömrüm", "Gözlər yoldan yığılarmı", "İgid ömrü" və "El harayına can deyən şəhid Elcan" kitablarını nəşr edib və hazırda layihə davam etdirilir.
"Respublika Xatirə Kitabı" Redaksiyası həmçinin, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub.
Belə bir şərəfli missiyanı layiqincə yerinə yetirən "Xatirə Kitabı" Redaksiyasının əməkdaşları yaxın zamanlarda daha bir mötəbər işə imza atmaqdadırlar. "Respublika Xatirə Kitabı"nın Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı "44 gün - Tarixi zəfər" adlı üçcildliyi hazırlanır. Bu günlərdə onun birinci cildi ("A-Ə" hərfləri üzrə) geniş ictimaiyyətə təqdim edildi. Kitabın ilk cildində min nəfərə yaxın döyüşçü - Aprel döyüslərində və Tovuz hadisələrində, həmçinin, Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumatlar verilib. Həmçinin, digər döyüşçülərimizin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər tam sürətlə davam etməkdədir.
Əlbəttə, Vətən müharibəsi və onun qəhrəman şəhidləri, qazilər haqqında nə qədər yazılsa, nə qədər danışılsa, azdır. Ancaq fikrimcə, bu cür ensiklopedik nəşrlər çox daha önəmli rola malikdir. Çünki burada müəyyən şəxslər haqqında deyil, yaşından, xidmətindən, hərbi vəzifəsindən asılı olmayaraq, bu can üçün canını, qanını fəda etmiş, gözünü qırpmadan düşmənin üzərinə yeriyərək Vətən torpağına canlı sipər olmuş oğullarımızın hər birindən danışılır. Hər bir azərbaycanlının evində stolüstü kitaba çevrilməli olan bu nəşrlər Azərbaycanın ən şanlı tarixini özündə əks etdirməklə bərabər, bu gün üzərində azad, firavan gəzdiyimiz, mötəbər tədbirlər keçirdiyimiz, qürurla, fəxrlə andığımız Şuşa, Ağdam və ümumilikdə, Qarabağ torpağımızın geri alınmasında müstəsna rolu olan, bu sevinci, fəxarəti bizə yaşadan oğullarımızın əbədi həyatı, var oluşudur. Azərbaycan xalqı durduqca o oğullar da, onların qəhrəmanlıqları da beləcə kitablara mövzu, gələcək nəsillərə örnək olacaq.
Eləcə də, bu cür kitablar illərlə göz bəbəyi kimi qoruyub, böyütdüyü övladını vətən üçün qurban verən, ən az onlar qədər qəhrəmanlıq nümunəsi olan şəhid ailələrimiz, şəhid anaları və ataları üçün də bir növ təsəlli, qürur yeridir. Atalarını cəmi bir neçə dəfə görən, ya da heç görməyən körpə balalarımız gələcəkdə məhz bu cür kitablar, filmlər sayəsində necə bir igidin övladı olduqlarını anlayacaq, atasını bu səhifələrdən, bu tarixdən tanıyacaq.
Fəxrlə deyirik ki, bu gün "Xatirə Kitabı" şair, publisist Nəzakət Məmmədlinin baş redaktorluğu ilə xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Bu müqəddəs yolda həmkarlarımıza yorulmaz iradə, dözüm və güc-qüvvət arzulayırıq!