525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır


 

Dul qadının tənhalığı - <b style="color:red"> Telman Orucov yazır</b>


(Əvvəli ötən şənbə saylarımızda)

 

Həsənin öz iş üslubunu məhkum etməsi. İstedadlı cavan oğlan əhvalatı

Həsən Ruhiyyənin onun düşüncələrinə, davranışına tənqidi yanaşdığı qənaətinə gəldi və bunların yaranmasına əsas verdiyi üçün özünü qınamağa başladı: 

- Mən sizə xoş gəlmək üçün canfəşanlıq etdiyimi sezdiyiniz üçün, belə qənaətə gəlmisiniz və məni xəbərdar edirsiniz ki, söhbət atını çapanda da yüyəni çox boş saxlamayım, çünki at sürət götürəndə onu idarə etmək də çətin olur. Etiraf edirəm ki, bəzən dilavərliyim özümə xoş gəldiyindən, haradan başlayıb, harada qurtarmağın da fərqinə varmıram. Yəqin ki, mən bankda işə götürdüyümüz cavanları çox işlədirəm, bəzən onlara bankın fəaliyyəti üçün elə də əhəmiyyətli olmayan analitik təyinatlı tapşırıqlar verirəm ki, gecə-gündüz rahatlıq bilmədən onların həlli üstündə işləsinlər, sonra da hərəsi bir nəticə ilə mənə hesabat versin.

 Bir nəfər çox perspektivli gənc oğlanı türk bankındakı yaxşı işindən ayırıb, haqqında rəyin böyüklüyü fəaliyyətinin səviyyəsinə uyğun gəlməyən bankımızın cazibə qüvvəsini nəzərə alaraq, bizim köhnə təcrübəli bir işçimiz onu universitetdən tanıdığına görə işə dəvət etdik. O, bankımızın işıq salan parıltısına aldanıb, təklifimizlə razılaşdı, baxmayaraq ki, bizdəki vəzifəsi və aldığı əməkhaqqı heç də yüksək deyildi. Mahiyyətcə isə o, bizim bank sistemimiz üçün bir fenomen, əsl tapıntı idi. Bu cavan oğlanın həm də bizim üçün olduqca yaxşı, özü üçün olduqca pis bir xüsusiyyəti var idi, heç bir tapşırığa mənfi münasibət bəsləmirdi, hətta bu tapşırıq şarada, rebus tipli olsa da, o, biliyi və zəhməti hesabına ona açar tapacağına əmin olduğundan qətiyyən "yox" demirdi. Ən ağır yükü də öz çiyinlərinə götürməkdən çəkinmirdi. Çox təvazökar olması ilə yanaşı, üzərinə düşən ağırlığı qaldırmaq, daşımaq üçün bütün beynini, əzələlərini işə salırdı, elə təsəvvür yaranırdı ki, o, yunan mifologiyasından aramıza gəlib düşmüş atlantdır, bankımız timsalındakı göy qübbəsini də çiyinlərində saxlaya bilər. Mən də onun bu zəhmət itaətindən sui-istifadə etməyə başladım, axı heç bir müqavimət hiss etmirdim, ona 4-5 işçinin görəcəyi işi tapşırırdım, əslində, qəddarlıq etdiyimi də anlayırdım. Bu oğlanın da bu izafi tapşırığa narazılıq etməməsi üçün öz səbəbləri var idi. O, biliyinə, analitik qabiliyyətinə arxalanaraq vəzifəsinin böyüdüləcəyinə və ehtiyacı olduğuna görə maaşının artırılacağına ümid edirdi. Tanışları danışırdı ki, onun mənzil şəraiti də yaxşı deyildir, atası da, anası da işləmirlər və ailənin maddi çətinliyinin ağır yükü əsasən onun üstünə tökülmüşdür, ona görə də bizdə işləməyə razılıq vermişdir. İkinci vacib bir cəhət isə onun olduqca sadə, təvazökar olması, öz biliyinə görə məğrurluq hissindən uzaq olması, həm də çox zəhmətsevər olması idi. Bu cəhətlərinə görə o, yaponlara bənzəyirdi, "workaholic"liyinə, ziyadə əməksevərliyinə görə heç də onlardan geri qalmırdı. 

Bir dəfə mən ona sataşmaq qaydasında dedim ki, nə qədər zəhmət çəksən də, heç kəs səni başqalarından fərqləndirmir. O, mənim sözümdən incimədi və əlavə etdi ki, nə vaxtsa fərq qoyan olacaqdır. Ən qədim Şumer yazısında haqq-hesab cədvəlində ilk ad və ya vəzifə sahibi kimi mühasibin adı qeyd olunmuşdur. Mixi yazısı olan bu gil lövhədə nə peyğəmbərin, nə şairin, nə böyük fatehin deyil, məhz mühasibin adı yazılmışdır. Buna qədər isə adamlar ümumən ancaq yerin adı ilə təqdim olunurdu. Mən də yalnız tanınmış mühasib adlanmağa çalışıram.
Gətirdiyim misalda göstərdi ki, bu sakit oğlan, yəqin ki, çox uzağa gedəcəkdir.

Mən anlayırdım ki, ona qarşı qəddarlıq edirəm və əvəzində isə onun gözlədiklərinin, ümid etdiklərinin heç biri baş vermirdi. O, bizim bankdan çıxan işığı ulduzun parıltısı hesab etmişdi, anlamırdı ki, bu, neon lampalarından düzələn ucuz reklamdan başqa bir şey deyildir.

Cavan oğlanı türk bankiri universitetin birinci kursunda oxuyarkən işə götürmüş, qısa müddətdə bu yeniyetməni güclü bir mütəxəssisə çevirmişdi. Onun yaradıcı himayəsi nəticəsində bu polad çubuq samurayların katana qılıncının itiliyini qazanmışdı. Bizə işləməyə keçməsinə onun bu ixtisas müəllimi razı deyildi və şagirdindən sədaqətsizliyinə görə incimişdi. O, bizdə yarım il işlədikdən sonra əvvəlki iş yerinə qayıtdı, oradakı maaşı da bizdəkindən az fərqli olsa da, bizdə mənim tətbiq etdiyim Henri Ford prinsipi - tərtökdürmə sistemi orada yox idi. Nəhayət ki, istismar əzabından başqa ona heç bir fayda vermədiyi qənaətinə gəlib, bizdəki işi tərk etdi və köhnə yerinə qayıtdı. Mən indi də ona qarşı etdiyim haqsızlığa görə əziyyət çəkirəm, axı yaxşı əkinçi də kotan çəkən öküzünün ağır zəhmət hesabına taqətdən düşməsinə razı olmamalıdır. Həm də gizlətmirəm, qorxuram ki, sən qiyabi də olsa bu cavan oğlana vurula bilərsən, çox danışmağım mənə gözləmədiyim əlavə bir problem yarada bilər.
Həsən hiss etdi ki, həmin cavan oğlan barədəki söhbəti Ruhiyyənin də marağına səbəb olur, ona görə də özünə məlum olan bəzi təfsilaları da yada saldı. Əlavə etdi ki, mən milli qürur mənbəyi olmağa iddia edən bu fenomeni daha ətraflı öyrənmək istədikdə, məlum oldu ki, bizə bildirmədən o, israrlı dəvət əsasında ali ixtisas kurslarında axşamlar ingilis dilində mühazirələr oxuyur və buna görə əlavə maaş alır. Göründüyü kimi, o, heç də təsir bağışladığı tək sadə personaj deyilmiş. Həm də onun biliyi möhkəm təmələ əsaslanırmış. Əsasən, anasının himayəsində böyüdüyündən, özü universiteti fərqlənmə diplomu ilə bitirmiş bu qadın maddi çətinliklərinə baxmayaraq, hər iki oğlunun təhsilinə ciddi qayğı göstərmiş, onlara çox savadlı və ucuz qiymət həcmindəki haqla razılaşan ingilis dili müəllimləri tutmuşdu. Uşaqlar artıq ibtidai siniflərdə oxuyarkən bu dili möhkəm mənimsəmişdilər. Böyük qardaşının da istedad sahibi olduğunu deyirlər, o, Lomonosov adına Moskva Dövlət Universitetini ispan filologiyası fakültəsini bitirmiş, tam başqa bir qabiliyyəti ilə fərqlənir, üç əcnəbi dildə ümumbəşəri dəyərlərə həsr olunmuş, fəlsəfi məzmunlu, əsasən, elegiya xarakterli şeirlər tazır.

Deməli, bu oğlanın mühiti də ona yaxşı təsir göstərmişdir. Təhsilə belə ciddi diqqət göstərməyi isə anası, böyük əziyyətlərə qatlaşmaq hesabına hər iki oğlunu ölkədə az-çox tanınan geniş intellekt sahibləri kimi böyütmüş mərhum ata nənəsinin ənənəsindən götürmüşdü. Bu təvazökar oğlan da bilik sahəsində daha surətlə irəli getməsinə baxmayaraq, sonralar həm də qələm sahibi kimi şöhrət tapmış ana babasını özü üçün nümunə hesab edir.

Həsən Ruhiyyənin maraqla qulaq asdığından ruhlanıb, əlavə etdi ki, özümə gəldikdə, bu iş üslubumun cavan işçilərin sağlamlığına böyük zərbə vurduğunu da anlayıram, lakin bu eybəcər xüsusiyyətimi tərgidə bilmirəm. Onun hesabına da mən olduqca perspektivli, böyük ümidlər verən bir işçini itirdim. Əslində, belə iş üsulu mənim özümə də pis təsir göstərmiş, məni pozmuşdur, işçilərə qul tək baxmaq kimi yaramaz xüsusiyyətlərə yiyələnmişəm və həm də bunun hesabına sərbəstliyə, öz davranışıma nəzarət etməmək kimi xoşagəlməyən xarakterə yiyələnmişəm. Bunları ona görə sizə söyləyirəm ki, mənə çəhrayı rəngdəki şüşəsi olan eynəyin gözlərindən baxmayasınız, mən göründüyüm, bağışladığım təsir kimi heç də tam müsbət adam deyiləm. Bunları deyirəm ki, mən özümə vurduğum qalın şirənin altında gizlədilmiş kövrək materialı - gipsi sezəsiniz, həmin müəmmalı insanı hərtərəfli görəsiniz və onun xoşa gələn bir kukla olduğunu güman etməyəsiniz. 
Ruhiyyə özünü saxlaya bilməyib ürəkdən güldü: 

- Mən təəccüb edirəm, sən necə də rollarını dəyişə bilirsən. Qısa müddətli yaxın tanışlığımızda hiss etdim ki, özünü aristokrat kimi aparmağın mənə bir qədər xoş gəlsə də, heç də sənin haqqında tamamlanmış müsbət rəy yarada bilmir. Bər-bəzəklə, süfrənin bolluğu ilə məni təəccübləndirmək, hansısa bir aldadıcı rəy yaratmaq çətindir. Ona görə də rolu dəyişməli oldun, özünü az qala Viktor Hüqonun Javeri, Tenardyesi kimi qələmə verməyə çalışdın. Əvvəlki Jan Valjan, Qoven, Simurden obrazlarının qiyafəsi yararlı olmadı, fayda vermədi. Az qala açıb demək istədin ki, mən keşiş Frollaya daha çox bənzəyirəm, mənimlə ehtiyatlı olmaq lazımdır. O cavan oğlanı da özün üçün hər əziyyətlərə qatlaşan Kvazimodo hesab edirdin və yaxşı ki, o, səni olduğu kimi tanımazdan əvvəl sizdəki işi tərk etdi, yoxsa qalsa, sənə lazımınca bələd olduqdan sonra romanın fiziki eybəcərlik, lakin mənəvi saflıq simvolu olan qəhrəmanı kimi Notrdam de-Parisin uca balkonundan səni atıb, yerə çırpmasa da, sənə qarşı öz bankınızda üsyan qaldırardı, ətrafındakı cavanların hamısı da Spartak kimi ona qoşular, səni rahat üzdüyün vəzifə qayığından suya tullayardılar. 

Mən gizlətmirəm, axırıncı özün haqqındakı neqativ söhbətin mənə restorandakı quruluşunu verdiyin və baş rolu oynadığın tamaşadan daha xoş gəldi. 

- Sağ olun ki, məni anladınız. Sizin səmimiyyətinizlə mənim özümü aparmağım arasındakı kontrastın, ziddiyyətin yararsızlığını anladım, başa düşdüm ki, siz saxtakarlığı heç cür qəbul etmirsiniz. Siz heç də Bəhramgur axtarışında deyilsiniz ki, mən vəhşi eşşəkləri - onaqrları ovlamağımla sizin qarşınızda öyünüm. Ona görə də Don Kixot qiyafəsini geyinməyi qərara aldım. İdalqo gecə-gündüz kitab oxumaqdan başını itirmişdi, beyni qurumuşdu və axırda tamamilə ağlını itirdi. Onun təsəvvürünə kitabda oxuduqları - cadugərlik, münaqişələr, döyüşlər, vuruşmağa çağırış, məhəbbət etirafları, sevgi macəraları, ürək ağrıları və ağla sığmayan digər səfehliklər hakim kəsilmişdi. O elə bilirdi ki, bu çox saydakı uydurmalar əsl həqiqətdir və dünyada bundan artıq həqiqət ola bilməz. Tam ağlını itirdikdə, başına qəribə bir fikir gəldi, dünyada buna bənzər olan heç bir dəliliyə rast gəlinməmişdi. O, öz şöhrəti və ölkəsinin faydası üçün sərgərdan cəngavərə çevrilmək qərarına gəldi, ata minib, əlindəki nizə ilə macəralar axtarmağa yollandı. Ruhiyyə xanım, mən də sizi təbrik edirəm ki, müasir bakılı Don Kixotla tanış olmusunuz. 
Ruhiyyə onun söylədiklərini və axırıncı sözünə ürəkdən güldü və dedi: 

- Çox yaxşı. Sizdəki yumora heyran qaldım. Xahiş edirəm ki, ancaq məni ağzında daim sarımsaq çeynəyən Dulsineya hesab etməyəsiniz. Don Kixot onu öz təsəvvüründə yaratmışdı. Mən isə canlı insanam. Ona görə də müasir cəngavər bəzi şeyləri bir-birindən ayırmağı da bacarmalıdır. 
Həsən son söhbətlərdən çox ruhlanmışdı və düşünürdü ki, bu qırqovul nə qədər sürətlə uçsa da, hətta yaralananda da yerdə çox iti qaçsa da, onun qurduğu tələyə hökmən düşəcəkdir. Yəqin ki, bankdakı vəzifəsi də müəyyən cazibə qüvvəsinə malik olacaqdır. Bir sözlə, elə etməliyəm ki, o, nə qədər çabalasa da, hörümçək torundan xilas ola bilməsin. 

Onlar ayrıldılar, Ruhiyyə oğlunu kompüterin qabağında gördü, o, ingilis dilini həm də filmlərə baxanda sözlərə qulaq asmaqla öyrənirdi. Məktəbdə müəllimlər onun iti qavrama qabiliyyətindən, intizamından çox razılıq edirdilər. Partada bir yerdə oturduğu qızla da artıq telefonla danışırdılar. Bir sözlə, Ruhiyyə oğlundan çox razı idi, onda böyüklərə məxsus bir ciddilik var idi. Ruhiyyənin qardaşı olmamışdı, atasını da tez itirmişdi, Hamnet indi ona, əlbəttə, öz atasını əvəz etmirdi, bu yenidən yetim qalmış qıza qardaşlıq edirdi, onun hər sözünü başa düşüb, düzgün reaksiyası ilə, anasını incitməməsi ilə, evə, onun üçün yoxa çıxmış yeni bir sevinc, şadlıq gətirirdi. 

(Ardı var)   
 

 





03.07.2022    çap et  çap et