Bu gün Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 12 min nəfərdən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd edirlər. İyunun 11-də isə "Azərsu" ASC-nin yaradılmasının 10 ili tamam olur.
Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub və bu layihələrin böyük bir qismi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə istismara verilmiş Kür su kəmərləri sistemi, Ceyranbatan sutəmizləyici qurğularının 3-cü növbəsi, 1970-80-ci illərdə Hövsan Aerasiya Stansiyası, bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas arteriya rolunu oynayan "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları ümummilli liderin rəhbərliyi altında reallaşdırılıb. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı. Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 4-də 3-dən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
"Azərsu" ASC yaranandan sonra Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə - Hövsan Aerasiya Stansiyasının yenidən qurulması layihəsi reallaşdırıldı. Yeni qurğular tikildi, fiziki və mənəvi aşınmış avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə Stansiyasının məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.
Regionların inkişafını, əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev regionların, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar verib. Regionların 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013 və 2014-2016-cı illərdə sosoial-iqtidisadi inkişafı, həmçinin 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb. Proqramların icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlandı. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər əsas götürülüb. Master Planın hazırlanması ilə paralel görüləcək işlərin layihələndirilməsi və tikintisinə başlanıldı. Sənədə əsasən Abşeron yarımadasında
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində su təminatı zəif olan ərazilər əsas götürülməklə
"Azərsu" ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlarının krediti hesabına 13, dövlət büdcəsi vəsaiti hesabına isə 11 şəhərdə infrastruktur yenidən qurulur. Bu layihələr 350-dən artıq kəndin su probleminin həllini də nəzərdə tutur.
"Azərsu" ASC şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də layihələri həyata keçirilib. Hazırda Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23, Yardımlı rayonunun isə 17 yaşayış məntəqəsinin su təminatı layihələri icra edilir.
Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bu baxımdan yeni Mərkəzi Laboratoriyanın yaradılması xüsusi vurğulanmalıdır. Laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür. Mərkəzi Laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələri də alınmışdır. Səyyar laboratoriyaların texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə tam imkan verir.
Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Artan tələbatı qarşılamaq və işçilərin peşə hazırlığını yüksəltmək üçün təlim proqramlarının icrasına başlanılıb. Son illər cəmiyyətin 1600-dən artıq əməkdaşı yerli və xarici təlimlərə cəlb olunub. Bunların 250-dən çoxu xarici ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak edib.
"Azərsu" ASC ilə Təhsil Nazirliyi arasında imzalanmış "İlk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə" əməkdaşlıq, Bakı Dövlət Universiteti ilə imzalanmış "Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair" memorandumlar, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə "Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair" müqavilə kadr potensialının gücləndirilməsinə töhfə verməkdədir.
"Azərsu" ASC ilə Fransanın "Suez Environnement" şirkəti arasında bağlanmış müqavilə cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək. Müqaviləyə əsasən Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzi inşa ediləcək, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq.
Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən "Azərsu" ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son 3 ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac, bundan başqa kol və bəzək bitkiləri əkilib.
Beynəlxalq əlaqələri genişləndirən "Azərsu" ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirildi. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisində 23 ölkədən 70-dən çox şirkətin təmsil olunması tədbirə marağın böyük olmasından xəbər verir. Sərgi ilə paralel təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılıb. Bütün bunlar isə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi-konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir.
Samirə QULİYEVA
çap et