525.Az

Ermənistanda parlament böhranı 


 

Ermənistanda parlament böhranı <b style="color:red"></b>

Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün cəhdlərini davam etdirir. Baxmayaraq ki, müxalifətin dayaqları zəifdir, güclü dəstəyi yoxdur, bununla belə onlar istədiklərinə nail olmaq üçün müxtəlif vasitələrə əl atırlar. Dünən Konstitusiya günündə müxalifətin birləşdiyi "Müqavimət" hərəkatının üzvləri İrəvan küçələrində yürüş təşkil ediblər. Onlar Ermənistanın 2018-ci ildən bəri daimi konstitusiya böhranı vəziyyətində olduğunu bildiriblər.

Müxalifətin davamlı aksiyaları ölkədə siyasi böhranın yeni mərhələsinə - parlament böhranına gətirib çıxarıb. Bir neçə gün əvvəl hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri toplaşaraq parlamentin iclasını keçiriblər. Onlar səsvermə nəticəsində müvafiq olaraq parlament sədrinin müavini İşxan Sağatelyanı və iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Vahe Hakopyanın səlahiyyətlərinə xitam veriblər. Bunun ardınca Armen Gevorqyan Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiya komitəsinin sədri vəzifəsindən istefa verdiyini elan edib. Daha sonra deputat Tadevos Avetisyan parlamentin əmək və sosial məsələlər daimi komissiyasının sədr müavini vəzifəsindən, Hayk Mamicanyan xarici əlaqələr daimi komissiyasının sədr müavini vəzifəsindən, Artur Xaçatryan maliyyə krediti və büdcə məsələləri daimi komissiyasının sədr müavini vəzifəsindən istefa veriblər. Erməni mətbuatı yazır ki, müxalifətin cavabı gecikmədi və onlar faktiki olaraq demək olar ki, parlamentdəki bütün vəzifələrindən istefa verdilər. Ancaq indi məsələ onların qeyd olunan vəzifələri doldurmaq  hüquqları ilə bağlıdır. Çünki müvafiq qaydalara görə, həmin vəzifələrə namizədləri irəli sürmək hüququ müxalifətə məxsusdur və son düzəlişə əsasən hakimiyyət yalnız komissiyaların sədr müavinləri vəzifəsinə namizədlər irəli sürə bilər.

Qeyd edək ki, Ermənistan parlamentində hakim fraksiyadan başqa iki müxalif fraksiya mövcuddur - "Ermənistan" və "Şərəfim var". 

Hər iki fraksiya üzvləri aprel ayından davamlı aksiyalara başlayıblar və parlamentin iclaslarında iştirak etməyiblər. 

Erməni ekspert Vahe Hovhannisyan hesab edir ki, hakimiyyət ciddi sosial dayağa malik olmasa da, bu, müxalifətin uğuru da demək deyil. O bildirib ki, parlamentdəki son proseslər yeni vəziyyət yaradıb, hakimiyyət əsəblərini cilovlaya bilmir. Bu, təcrübə çatışmazlığının və qeyri-normal qərar qəbuletmə mexanizminin nəticəsidir. 

"Küçə aksiyalarının intensivliyinin azalması müxalifəti parlamentdəki mövqelərindən məhrum etmək üçün doğru an hesab oluna bilər. Lakin bu, nəinki siyasi gediş kimi mənasız idi, həm də parlament böhranı yaratdı. Parlament idarəetmə forması olan ölkələrdə isə hazırkı vəziyyət yeni parlamentin formalaşdırılması ilə başa çatır. Mandatını itirən deputatlar var və bu da yeni situasiya yaradır. Hər şey onu göstərir ki, parlament özünü tükəndirib, zəifləmə mərhələsinə qədəm qoyub. Ancaq vəziiyətin gələcək inkişafına ümid yaratmır. Bu inkişaflara əhəmiyyətli dərəcədə təsir edə biləcək iki amil var - müxalifət və xarici təhlükə".

Erməni ekspertə görə, hakimiyyət parlament böhranı yaratmaqla səhvə yol verdi: "Hakimiyyətin ciddi sosial dayağı yoxdur, ictimai şüurda hakimiyyət təkzib olunub. Lakin bu, mexaniki olaraq müxalifətin uğurunu nəzərdə tutmur. Əgər müxalifət iqtidarın səhvlərindən və ciddi ictimai narazılıqdan istifadə edə bilirsə, o zaman yeni hökumətin formalaşdırılması texniki məsələdir. Bunun üçün müxalifət ciddi nəticələr çıxarmalı, dərin substantiv və struktur islahatlara başlamalıdır. Konkret sual yaranır: əgər vəziyyət növbədənkənar seçkilərə gətirib çıxararsa, müxalifət sürətli növbədənkənar seçkilərə hazırdırmı? Məncə yox. Bu, ağrılı sualdır, lakin digər vacib sualların cavabları buradadır. Rədd edilən hakimiyyət güc olaraq qala bilərmi? Təəssüf ki, bəli. Ermənistanda ləyaqət və praqmatizmə əsaslanan, inkişafı üçün yeni perspektivlər təklif edən alternativ qüvvə və ya qüvvələr formalaşana qədər bu hakimiyyətdə qalacaq. Cəmiyyət yeni və onu qane edən qüvvələri görəndə hakimiyyət dəyişəcək. Bu, çox mühüm məqamdır".

V.Hovhannisyana görə, Ermənistan bu gün şansa buraxılmış yarı dövlətdir, onun taleyini başqa dövlətlər həll edir: "Bu dövlətlərin hər birinin tələbləri bir gecədə həssas balansı dəyişə bilər ki, bu da Ermənistanın qorunmayan sərhədlərinə çox tez təsir edəcək. Gözlənilməz xarici risklər Ermənistanda bir gündə hər şeyi alt-üst edə bilər. Bu ssenari üçün möhkəm hakimiyyət institutlarının, qurulmuş strukturların olması çox vacibdir. Bu iş bu gün görülməlidir: bunu etməmək ya vəziyyəti başa düşməmək tamam başqa maraqlar güdmək deməkdir".
PƏRVANƏ
 

 





05.07.2022    çap et  çap et