525.Az

ABŞ-ın "TikTok" qadağası Azərbaycana da təsir edəcəkmi?


 

ABŞ-ın "TikTok" qadağası Azərbaycana da təsir edəcəkmi?<b style="color:red"></b>

Hər birimiz sürətlə inkişaf edən və inkişafdan doğan dəyişikliklərlə zəngin dünyanın fərqindəyik. Hətta bu inkişafın gətirdiyi yeniliklərlə ayaqlaşmalı da oluruq. Son onilliyə nəzər salsaq görərik ki, bəşəriyyət daha qlobal və köklü dəyişikliklər yolundadır. Nəticədə postindustrial dövr öz yerini rəqəmsallaşmaya verir. Əslində, rəqəmsallaşma prosesi ötən əsrin 90-cı illərində start götürüb. Lakin sonrakı dövrdə internetin istifadə arealının böyüməsi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişafı texnologiya sahəsində sıçrayışa səbəb oldu. Rəqəmsal texnologiyaların sürətlə inkişafı cəmiyyətin yüksək tərəqqisi üçün yeni yollar açdı. Nəticədə hər gün və sürətlə dəyişən dünyanın bugünkü reallığı XXI əsrin texnoloji mübarizə və internet əsri olması ilə şərtləndi. Artıq sürətlə rəqəmsallaşırıq və bunun ən bariz nümunəsi sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi nümunəsilə daha yaxşı görə bilərik.

Bu gün hətta ən sadə smartfon istifadəçisi belə internet xidmətindən yararlana və müxtəlif sosial şəbəkələrdən rahatlıqla istifadə edə bilir. Sosial şəbəkələrin asanlıqla qəbulu və tətbiq edilməsinin əsas səbəbi insanların işini asanlaşdırmasıdır. Eyni zamanda, hazırda sosial şəbəkələr xəbər siyasətinin yürüdülməsi, ictimai rəyin formalaşdırılması və ona təsiri baxımından bütün kütləvi informasiya vasitələrini geridə qoyur. Hətta bu gün internet əsri insanlara sosial şəbəkələr vasitəsilə öz məhsulunu tanıtmaq, onu brendləşdirmək və ondan gəlir əldə etmək imkanları da yaradır. Bu səbəbdən daha çox funksiyanı və daha geniş imkanları özündə birləşdirən yeni platformaların yaradılması zərurəti həmişə aktual qalır. 

Təsadüfi deyil ki, beynəlxalq versiyası hələ 2018-ci ildə yaradılan və Çində kiçik videolar üzrə aparıcı platforma hesab olunan "TikTok"  indi bütün dünyada ən çox yüklənən və inkişaf edən platformaya çevrilib. Qeyd edim ki, bu şəbəkə Pekinin "ByteDance" şirkətinə məxsus kiçik videoçarxlar yaratmaq və izləmək üçün yaradılan servisdir. 

"Wall Street Journal" nəşrinin yayımladığı məlumata görə, 2021-ci ildə ən çox istifadə olunan sosial şəbəkə "TikTok" olub.  Tətbiq 2020-ci ili lider kimi başa vuran "Google" axtarış saytını da geridə qoyub. Növbəti sıralarda "Google", "Facebook", "Youtube", "İnstagram" qərarlaşıb. 

Tədqiqatlar göstərib ki, qısa videoçarxların yaradılması və izlənməsini nəzərdə tutan bu virtual platforma ilk dəfə fevral ayından etibarən lider mövqeyinə çıxıb və əsasən, avqust ayına kimi bu mövqeyini qoruyub saxlaya bilib. Halbuki 2020-ci ildə "TikTok" siyahıda yeddinci yerdə idi. 
Lakin hazırda ölkəmizdə də kifayət qədər istifadəçisi olan bu sosial şəbəkəyə qarşı fikirlər heç də birmənalı deyil. Bir çox insan düşünür ki, "TikTok"un Azərbaycan seqmentində mütləq əksəriyyəti səviyyəsiz, heç bir zərurəti və əhəmiyyəti olmayan kontent üstünlük təşkil edir. Yaxud bu cür platformalar yeniyetmələrin formalaşmasında mənfi rol oynayır. Hətta "TikTok"dan istifadə etməyi özünə yaraşdırmayan, platformanın Azərbaycanda bloklanmasını dəstəkləyən şəxslər də kifayət qədərdir. Bunun üçün onların da əsaslandıra bildikləri səbəbləri var. 

Lakin rəqəmsallaşma dövründən, yaranmış virtual imkanlardan, fürsətlərdən faydalanmağın özü də bir inkişafdır. Müxtəlif peşə sahibi insanlar var ki, sırf "TikTok" vasitəsilə öz işlərini qurub maliyyə qazanırlar. Bu baxımdan platformanın digər ölkələrində olan seqmentləri çox fərqlidir. Misal üçün Çin seqmenti bu sosial şəbəkənin imkanlarından çox professional və faydalı şəkildə yararlanır. Burada müxtəlif texnologiya nəhənglərinin öz brendləri haqqında təbliğatından geniş istifadəni görə bilərik. 

İstifadəçiləri üçün yaratdığı bütün geniş imkanlara baxmayaraq bir çox ölkə "TikTok"un istifadəsinə qarşıdır və sosial şəbəkənin istifadəsini ya tamamilə qadağan edib, ya da bu haqda ciddi addımlar atıb. Bloklama ilə bağlı ilk təşəbbüs Hindistandan gəlib. 2019-cu ildə Mədrəs Ali Məhkəməsi proqramın "pornoqrafiyanı həvəsləndirdiyinə", "yaraşmayan məzmununa", proqramın istifadəçilərin fərdi məlumatlarını toplaması və onları ölkə xaricində serverlərə ötürməsi ilə bağlı şikayətlərdən sonra  Hindistan hökumətindən onu bloklamağı xahiş edib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət edildiyini bəyan edib. Lakin proqram "Google Play" və "App Store" platformalarıdan çıxarıb. Məhkəmə bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milyondan çox video proqramdan silinib. 

Hindistandan sonra tətbiqi qadağan edən digər ölkə Pakistandır. Bu ölkədə "TikTok" müxtəlif zamanlarda 4 dəfə qadağan edilib. Qadağaya səbəb uyğunsuz məzmun göstərilir. 

Amerika da "TikTok"a müsbət baxmayan ölkələr sırasındadır. Hələ Donald Trampın rəhbərliyi dövründə ABŞ-da istifadəçilər arasında populyar olan bu proqram araşdırılıb və iddia olunurdu ki, proqram istifadəçilərin yerləşməsi, şəkilləri və biometrik məlumatlarını Çin hökumətinə ötürür. Qeyd edək ki, Çinin internet təhlükəsizliyi haqqında qanuna əsasən, yerli şirkətlər Çin hökumətinə məlumat ötürməkdən imtina edə bilməz. 2020-ci ildə Prezident Donald Tramp imzaladığı sərəncamda yazılırdı ki, "ByteDance" şirkəti 45 gün ərzində proqramı satmasa, o bloklanmalı olacaq. Lakin "TikTok" Trampı məhkəməyə verərək Tramp idarəçiliyinin qadağasının qarşısını ala bilmişdi.

İyulun ilk günündə yayılan xəbərə görə isə, ABŞ-ın Federal Kommunikasiyalar Komissiyası "Apple" və "Google" şirkətinə "App Store" və "Play Store"dan "TikTok"un təcili silinməsilə bağlı məktub göndərib. Komissiya düşünür ki, TikTok artıq çoxdan qırmızı xətti keçib və silinməlidir. 
ABŞ bu qərarını daha ciddi səbəblərlə izah edir və məsələ bu konteksdə davam edərsə, sosial şəbəkənin silinməsi təsdiqini tapa bilər. 
Texnobloger Fərid Pərdəşünas "Technote" Yutub kanalında məsələ ilə bağlı ətraflı izah verib. 

Amerika hökuməti iddia edir ki, "TikTok" istifadəçilərin məlumatlarını Çin dövlətinə ötürür. Yəni Çin dövlərti bu layihəni dəstəkləyir və bu sosial şəbəkə bütün dünyada olan insanların məlumatlarını ələ keçirmək üçün yaradılıb. Lakin hər dəfə "TikTok" bir yolun tapıb Amerika hökuməti ilə razılaşırdı. Məsələ ondan ibarətdir ki, ABŞ tələb edirdi ki, tətbiq Amerika vətəndaşları üçün olan serverlərini məhz Amerika ərazisində saxlamalıdır. Heç bir halda platformanın mühəndisləri orada olan məlumatlara baxa və istifadə edə bilməz. Yəni ABŞ-nin əsas tələbi vətəndaşlarının məlumatlarının öz ölkəsində saxlaması və heç bir halda Çin dövlətinə ötürülməməsi idi. Bu tələb nə qədər qəribə tələb kimi səslənsə də, "Tiktok" bununla razılaşmışdı və 2022-ci ilin sonuna qədər bu prosesin başa çatacağına söz vermişdi. Həmçinin, heç bir halda həmin serverdə olan məlumatlara platformanın mühəndisləri baxa bilməyəcəklər. Lakin indi ortaya çıxan məlumatlara görə, "TikTok" əslində bu məlumatlara baxa bilirmiş. Bu isə Amerika hökumətini yenidən hərəkətə keçirib. Nəticədə ABŞ-ın Federal Kommunikasiyalar Komissiyası "Apple" və "Google" şirkətinə müraciət ünvanlayıb və  onlar üçün "deadline" təyin edib ki, təcili sürətdə cavab versinlər. Yəni qısa bir müddətdə sosial şəbəkəni "Google Store" və APP Store"dən silsinlər. Ümumiyyətlə, Amerika vətəndaşları bütün dünyadan heç bir halda bu tətbiqi yükləyə bilməsinlər. 

Bu, eyni zamanda o mənaya gəlir ki, biz özümüz də daxil olmaqla digər regionlarda yaşayan insanlar tətbiqi adı çəkilən ünvanlardan yükləyə bilməyəcəklər. Federal Kommunikasiyalar Komissiyasının əsaslandırması ondan ibarətdir ki, "TikTok" birbaşa Çin dövlətinə işləyir və məlumatları ona göndərir. Bu sosial şəbəkənin fəaliyyəti "Google Store" və APP Store"nin iş prinsipinə ziddir və qanunları pozur. Hələ ki, "TikTok"la bağlı "Google" və Apple"dən rəsmi cavab gəlməyib və onların ABŞ hökumətinə cavabının nə olacağı bəlli deyil.

Təbii ki, bu Çin şirkətləri və Amerika arasında yaşanan ilk problem deyil. Bir neçə il əvvəl Çin şirkəti "Huawei" də müəyyən sanksiyalara məruz qalmışdı. Eyni məsələni Çin hökuməti Amerika şirkətləri üçün tətbiq edir. "Facebook", "İnstagram", "Google", "Whatsapp" kimi ABŞ mərkəzli nəhəng platformalar Çin tərəfindən blokdadır. Yəni Çin ərazisində bu platformalar işləmir. Əsas səbəb kimi isə Çin iddia edir ki, tətbiqlər Çin vətəndaşlarının məlumatlarını Amerika hökumətinə ötürür. Eyni məsələni daha detallı araşdırma şəklində Amerika Çinə tətbiq edir. Məsələ çox bəsitdir. İki böyük dövlət bir-birilə texnologiya müharibəsi aparır və kim daha çox məlumata, dataya sahibdirsə, o güclüdür".

Ölkəmizdə internetdən istifadə sərbəstdir. İnsanlar istədikləri sosial şəbəkələrdən rahat şəkildə istifadə edə bilirlər. Əgər əvvəllər şəxslər kontenti formalaşdırırdısa, indiki bu kontenti istifadəçinin özü formalaşdırır. Bu baxımdan, "TikTok"da və digər sosial şəbəkələrdə  kontenti formalaşdıran məhz istifadəçilərdir. Onların qarşısını almaq üçün digər müvafiq addımlar atılmalıdır. Proqramın bütünlüklə qadağan olunması üçün isə məhkəməyə müraciət edilməlidir. Müraciətdən sonra məhkəmənin qərarına uyğun proqramın İP-ləri blok oluna və ölkədə girişinə qadağa qoyula bilər. Hazırda istifadəçi sayının milyonlara çatdığı "TikTok"un ölkəmizdəki səmərəli istifadəçi sayı artsa və rəqabət yönümlü hala gələrsə, bu, tətbiqdən istifadə edən istifadəçiləri üçün daha yaxşı vasitəyə çevrilə bilər. 
 


 

 





06.07.2022    çap et  çap et