525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)


 Müharibəyə başlamaq tarixi də təsadüfi seçilməmişdi. Bütün alternativlər sıradan çıxdıqdan sonra və yalnız bütün hərbi və diplomatik üstnlüklər onun tərəfində olmasına əmin olduqda müharibəyə başlayan Otto fon Bismark prinsipindən Azərbaycan Prezidenti İlham Əliyev  ustalıqla istifadə etdi. Diplomatiya səhnəsindəki döyüş, düşmənin havadarlarını nəzərə aldıqda, heç də hərb səhnəsindəki döyüşdən az əhəmiyyətli deyildi. Müharibə isə ən müasir silahlarla və yeni taktiki üsullarla aparıldı. 2020-ci ilin payızındakı 44 günlük ağır döyüşlər düşmən ordusunun darmadağın edilməsi nəticəsində zəfərlə başa çatdı.

Müharibənin əsas qəhrəmanı fədakarlıq göstərərək, özünü hər cür təhlükələrə atan, həyatını da qurban verməyə hazır olan Azərbaycan əsgəridir. Samuraylar öz fədakarlıqlarına və digər mənəvi cəhətlərinə görə iftixar mənbəyimiz olan əsgərlərimizin prototipi hesab oluna bilər. Qələbə bütün ordumuzu şöhrət haləsinə bürüdü, xalqımızı da arzularının təmizliyi ilə müqayisə edilə bilən bir zirvəyə qaldırdı. Onlar ölümə sinə gərəndə də yalnız Vətən, onun müqəddəs şərəfi barədə düşünürdülər. Bu ruh onları vuruşun ən çətin anında da fədakarlığa, qəhrəmanlığa səsləmişdi.
Yaponlar məğlubiyyətlə üzləşəndə də samuray ənənəsini yada salmışdılar. Azərbaycan Ordusu isə axırıncı müharibədə döyüşə atılanda yalnız qalib gəlmək barədə düşünürdü və öz ədalətli niyyətinə məhz igidliklə vuruşaraq nail oldu. Tarix min illər bundan əvvəl Fermonil keçidində perslərin yüz əlli minlik ordusuna qarşı vuruşan və həlak olan 300 spartalının qəhrəmanlığını, Romanı işğal etməyə cəhd edən etrusk çarı Porsenaya mərdlik və fədakarlıq dərsi verən və onun geri çəkilməsinə səbəb olan qədim romalı gənc Stsevolanın igidliyini öz xatirəsində ilham mənbəyi kimi saxlayır.

300 spartalının b.e.ə. 480-ci ildəki tarixi qəhrəmanlığı, haqqındakı yazıların və kinofilmlərin çoxluğuna görə oxuculara yaxşı məlumdur. Ona görə də bu barədə təkrar geniş məlumat verməyə ehtiyac yoxdur.

Stsevolaya gəldikdə isə, onun igidliyindən hali olmaq heç də faydasız deyildir. Axırıncı Roma çarı, mənşəcə etrusk olan Məğrur Tarkvini b.e.ə. 509-cu ildə taxt-tacdan qovulduqdan sonra, ona kömək etmək üçün İtaliyanın Kulizidəki, həmçinin, etrusk olan çarı Porsena Romanı tutmaq istədi, şəhəri mühasirəyə aldıqda, orada aclıq başlandı. Gənc romalı Mutsi çarı öldürmək üçün etrusk paltarı geyinib, onun düşərgəsinə girə bildi. Çarı tanımadığına görə səhvən başqa birisini öldürdü. Onu tutub mühakimə etdikdə, sağ əlini sacayağın altında yanan odun üstünə tutub, qolunun əti yanana qədər sakitcə bu vəziyyətdə qaldı. Çar onun bu fədəkarlığından heyrətə gəldi, azad edib, ona qılınc da bağışladı. Mutsi qılıncı sol əlilə götürdü, ona görə də ona "Stsevola" - "Soloxay" ləqəbi verdilər. Alicənablığa cavab kimi, o da çara bildirdi ki, düşərgənin ətrafında 300 romalı onu öldürmək üçün gəzir, sadəcə olaraq, ilk püşk ona düşmüşdü.

Porsena bu igidlik nümayişindən sonra Roma ilə sülh bağlamaq qərarına gəldi. Stsevolanın fədakarlığı Romanı aclıqdan və ən vacibi, işğal təhlükəsindən  xilas etdi.

XXI əsrin ilk rübündə Azərbaycan Ordusunun da qələbəsi xalqın tarixinə silinməz izlər nəqş etdi. Bu iz zaman keçsə də, qəhrəmanlığa çağırışı ilə yaddaşlardan silinməyəcəkdir. Gələcək nəsillər bu əsgərlərin dəlisov igidliyinə şərqilər oxuyacaqlar. Ermənilər tarixi saxtalaşdırıb, ağ yalanlarla öyünmələri ilə yanaşı,  Azərbaycanda dinc əhalini qıran Andronik Ozanyanı, Hitlerə xidmət edən xain Qaregin Njdeni saxta qəhrəman qiyafəsinə geyindirirdilər. Belə iyrənc nümunələr əsasında tərbiyə olunan Ermənistanın ordusu Azərbaycan əsgəri qarşısında öz mütiliyini göstərib, döyüş meydanından qaçırdı. İnsan cildindəki vəhşiləri, xainləri milli ehtiram və sitayiş simvoluna çevirənlər hökmən belə acı nəticələrə sahib olurlar. 
Azərbaycanlılar əsasən, öz mifik qəhrəmanlarını nümunə hesab edirdi, çünki onlar yüksək mənəviyyata malik olmaqla, yad xalqlardan olan dinc adamlara qarşı heç vaxt qəddarlığa yol verməmişdilər. Son müharibə isə xalqımıza öyünə biləcəyi, iftixar rəmzi olan canlı və real qəhrəmanlar verdi. Azərbaycan gəncləri bir əsr əvvəl ilk müstəqil dövlətin himnində yazılmış müqəddəs sözlərdə ifadə olunan "Namusunu hifz etməyə/Bayrağını yüksəltməyə" can-başla hazır olmalarını mənfur düşmənlə döyüşdə əyani olaraq göstərdilər.

Azərbaycan dünyada Odlar yurdu kimi tanınır, bu da əsasən, onun ərazisinin, yer təkinin zənginliyinin nişanəsi kimi nəzərdə tutulur. Lakin bu, daha çox Azərbaycan xalqının özünəməxsus təbiətinin, həyat eşqinin,Vətən sevgisinin, zəhmətə bağlılığının, işıq saçan səmimiyyətinin birbaşa rəmzi hesab olunmalıdır. Bu nəcib hissləri qiymətli sərvət olan irs kimi əcdadlarımızdan, ata-babalarımızdan qəbul etmişik, onları yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Həm də ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinə də həqiqi dostluq münasibətləri bəsləyirik, bunu onlar da daim etiraf edirlər. Xainlərə isə layiq olduqları cavabı verə bilirik. 

Samuraylar bir əsr yarımdır ki, tarix səhnəsini tərk etmişlər, lakin onların mənəvi ruhu öz doğma ölkələrində yaşayır. Bizim də qəhrəmanlarımızın 2020-ci ildəki 44 günlük müharibədə göstərdiyi igidlik heç vaxt yaddan çıxmayacaq, gələcək nəsilləri, xalqı, onu ucaldacaq yeni nailiyyətlər qazanmağa səsləyəcəkdir. 

Yapon xalqı çətinliklərə, təbii fəlakətlərə qarşı mübarizədə öz yenilməzliyini dəfələrlə göstərmişdir. Bu adalar ölkəsi Sakit okeanın Odlu Qövsünün böhranlı hissələrindən birində yerləşir. Burada zəlzələlər, sunamilər, tayfunlar arası kəsilmədən bu xalqı imtahana çəkir. Lakin yaponlar hətta ağır itkilər versələr də, onlardan üzü ağ çıxmağı bacarır.

2011-ci ilin martında yaponlar ağır təbii fəlakətlə - olduqca dəhşətli, 9 bal gücündə olan zəlzələ və dənizin dalğasını 14-15 metr hündürlüyə qaldıran sunami ilə mübarizə aparmalı oldu. 

Paytaxtın yaxınlığında yerləşən "Fukusima-1" atom elektrik stansiyasında təbii kataklizmin əmələ gətirdiyi qəza ölkəyə böyük təhlükə törədə bilərdi. Dənizin beş mərtəbə hündürlüyündə olan dalğası stansiyanı hədəf götürmüşdü. Stansiyanın 1 və 3 nömrəli enerji bloklarının reaktorlarında nüvə yanacağı ərimişdi. 1-ci, 3-cü və 4-cü enerji bloklarında yanacaq qarışığının partlayışı baş verdi. 3-cü blokda partlayış daha güclü idi, 4-cü blokun isə binası dağılmışdı. Uçan radioaktiv elementlər ətraf mühitə düşdü, bu, Çernobıl qəzasındakı radioaktiv tullantının 20 faizi miqdarında idi. Daha böyük qəza təhlükəsinə görə "özünü ölümə məhkum etmişlərin" dəstəsini yaratmaq ideyası da meydana gəldi.

Əhalinin xeyli hissəsi şüalanma aldı. Çirklənmiş ərazidən 164 min adam evakuasiya edildi. AES-in sonrakı istismarının təhlükəsi nəzərə alınaraq, stansiya 2013-cü ildə rəsmi olaraq bağlandı, çünki onu stabil təhlükəsiz vəziyyətə gətirmək üçün 40 il vaxt lazım gələcəkdi. "Fukusima-1" faciəsi həm də xalqda hakimiyyətə qarşı narazılıq yaratdı, mitinqlərdə nüvə energetikasından bütünlüklə imtina etmək çağırışları eşidilirdi. Hökumət zərər çəkən adamlara və kommersiya şirkətlərinə iri məbləğdə kompensasiya ödədi. 4 nəfərlik ailəyə orta hesabla 90 milyon ien (900 min ABŞ dolları) pul verildi ki, bunun da 30 faizi adamlara dəyən mənəvi ziyana görə idi. 

Yapon energetikləri və yanğın söndürənləri "Fukusima-1" atom elektrik stansiyasında ölüm-dirim mübarizəsi aparıb, təbii və antropogen mənşəli kataklizmlərə qalib gəldilər və ölkəni daha ağır fəlakətdən xilas edə bildilər. Yaponiyada Çernobıl dəhşəti təkrar olunmadı, buna yaponların mütəşəkkilliyi və samuraylara xas olan fədakarlıqları imkan vermədi.

Baş verən fəlakət onun səbəblərinə daha dərindən diqqət yetirməyi tələb edir. Yazıçı Haruki Murakamiyə görə, bunda günahkar, qüvvədəki sistemə xas olan biabırçı struktur nöqsanlarıdır. Bu sistemin daxilində heç kəs məsuliyyət hiss etmir, ehtiyatlılıq, təhlükədən özünü qorumaq, qəza müjdəçisi olan "səmərəliliklə" əvəz edilmişdir. Təəssüf ki, energetika, bütövlükdə dövlət siyasəti "iqtisadi səmərəlilik" şüarı üzərində qurulmuşdur.
Əlbəttə, belə bir həqiqət də mövcuddur ki, təbii sərvətlərə malik olmayan Yaponiya üçün atom energetikası həyati əhəmiyyət daşıyan bir zərurətdir. Lakin bu cəhət də ölkə üçün, xalq üçün iri təhlükələrin baş verməsi ehtimalına heç cür haqq qazandırmır. Çernobıl qəzası bütün bəşəriyyət üçün ibrət dərsi olmalı idi. Məhz bu qəza Sovet İttfaqının dağılması üçün mühüm səbəblərdən biri oldu. Sistem, ierarxiya nə qədər vacib sayılsa da, digər, daha ciddi problemləri kölgədə qoymamalıdır. SSRİ-nin məhvinin acı təcrübəsi bunu yaddan çıxarmamağı tələb edir. Həm də baş verəndən sonra onun aradan qaldırılması uğrunda mübarizə olduqca çətinləşir, az qala "Sizif əməyinə" çevrilir.

 Yaponların ən ağır sınaqlardan uğurla çıxmasına da təəccüb etmək yəqin ki, artıqdır. Bunu anlamaq üçün yaponların təbiətinə, düşüncə və həyat tərzinə sadəcə bələd olmaq kifayətdir. Yaponlar bu mühüm cəhətlərə görə bəlkə də başqa xalqlardan fərqlənirlər. Sintoist ideologiyası da bu fikri təsdiq etməyə cəhd edir və yapon psixiki durumunun və tarixi inkişafın yapon yolunun müstəsna qaydada təkrar edilməz olduğu tezisini irəli sürür. Son altı onillikdə isə Yaponiya iqtisadi inkişafda olduqca böyük yol keçmiş, heyranedici təkamül göstəriciləri qazanmışdır. Sintoizm dininə görə, Günəşi təcəssüm etdirən ali ilahə Amaterasu darıxanda səma pəncərəsini açıb, himayə etdiyi öz ölkəsinə və xalqına baxsaydı, əvvəlki tək adaların təbii mənzərəsindən deyil, yapon xalqının əli ilə yaradılan, ağlının və zəhmətinin nəticəsi olan yeni, tam başqa mənzərədən həzz və ilham alar, ona sitayiş edən insanlara və onların nailiyyətlərinə görə iftixar hissləri keçirərdi. O görərdi ki, Yaponiyanın inkişaf səviyyəsində elə bil ki, bütün bəşəriyyətin nailiyyətləri əks olunmuşdur.   

Fəlakət baş verəndə yaponların bir-birinə kömək göstərməsi, milli həmrəyliyi görünməmiş qaydada yüksəlir. Əgər yapon başqalarından öyrənməyi qəbahət saymırsa, biz də yaxşı nümunədən istifadə etməliyik. Qoy Zevs xeyli uzaqda olan yaponların başı üzərində tez-tez ildırım çaxdırsın, bu xalq onun sınaqlarından da qalib çıxa bilir. Çünki yapon öz doğma torpağını tərk edən deyil, bu ərazi ona əcdadlarından qalmışdır. Azərbaycanlı da öz doğma torpağını əcdadlarından qalmış müqəddəs irs hesab edir və onu həyatı bahasına da olsa, qorumağa hazırdır. Mübaliğə etmədən demək lazım gəlir ki, yapon öz həyatı, fəaliyyəti, əməli ilə dünya xalqları ailəsində özünəməxsus yer tutur və Yaponiyadan, yaponlardan öyrəniləsi şeylər heç də az deyildir. 

Əgər dünyada gələcəyi işıqlandırmağa yönəlmiş məşəlləri qaldırmış onlarla mifik əl nəzərə çarpırsa, onlardan biri, yəqin ki, yaponlara məxsusdur. Çünki bu xalq öz gələcəyinə böyük qayğı ilə yanaşır, özünə ləyaqətli həyat qurmağa cəhd edir. Xoş gələcəyi yaxınlaşdırmağa çalışanlara isə  uğur diləməklə, yeni, daha böyük nailiyyətlərə imza atmalarını arzu etməklə, biz ümumbəşəri dəyərlərə hörmət bəslədiyimizi bildirir, özümüzün həm də dünya vətəndaşı olduğumuzu nümayiş etdiririk. Qoy, proqress günəşi, dan şəfəqini bu ölkədən bütün dünyaya paylayan Günəş kimi heç vaxt Yaponiyanın səmasından əksik olmasın. Xalqımıza da belə xoş münasibət bəsləyənlər ordusu böyük qələbəmizdən sonra az qala həndəsi qaydada çoxalmışdır, beynəlxalq aləmdə Azərbaycana rəğbətlə yanaşma meyli xeyli güclənmişdir. Sərhədlərimizdən kənardakı bizi anlayan və nailiyyətlərimizə şad olan milyonların xeyir-duaları, xoş arzuları və səmimi hissləri bizim kamerton kimi həssas könlümüzdə əks olunmaqla, əlavə sevinc mənbəyimizə çevrilmişdir, həm də haqq  işimizin artıq dəstəklənməsi və xalqımıza qarşı geniş həmrəylik mühitinin yaranması barədə bizdə möhkəm əminlik yaratmışdır.

SON
25.12.2021-ci il.

 

 





06.07.2022    çap et  çap et