İyulun 4-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində "Şuşa İli" çərçivəsində gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Etibar Həsənzadənin "Şuşa - Zəfərin zirvəsi" ədəbi-bədii videokompozisiyasının təqdimatı keçirilib. Təqdimat Etibar Həsənzadənin "Qarabağ Azərbaycandır" fərdi layihəsi çərçivəsində ərsəyə gəlib. Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ziyalıları, şəhid valideynləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev gənc yazar Etibar Həsənzadəyə yaradıcılıq uğurlarına görə təbriklərini çatdırıb: "Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini erməni işğalından azad etdi. Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi yazıldı. Bu gün Prezident cənab İlham Əliyevin şəxsən diqqət və qayğısı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir".

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, qısa müddət ərzində Şuşa şəhərinin baş planı hazırlanıb, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirilib: “Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkili, beynəlxalq tədbirlərin keçirilməsi, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcək".
Əhəd Abıyev Şuşa mövzusunun vətənpərvər şair Etibar Həsənzadənin də yaradıcılığında bədii əksini tapdığını bildirib: "Şuşa İli" çərçivəsində Etibar Həsənzadənin böyük məhəbbət hissi ilə qələm verdiyi iki hissəli "Şuşa" poeması, "Şuşa bəyannaməsi" və "Sarsılmaz dostluq" şeirləri xalqımızın zəfər ovqatından qaynaqlanmışdır. "Şuşa İli"nə töhfə olaraq həmin şeirlər əsasında hazırladığı videokompozisiyalar gənc nəslin vətənpərvərlik tərbiyəsində gözəl vəsaitdir. Gənc yazar Etibar Həsənzadənin əsl ziyalı, maarifçi obrazı, həyata, Vətəninə bağlılığı bütün gənclərə nümunədir. Etibar Həsənzadənin onlarla bədii kitabı işıq üzü görüb, əsərləri nüfuzlu nəşrlərdə ölkəmizdə və xaricdə yayımlanıb. O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub. Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanıb. Etibar Həsənzadəyə zəngin yaradıcılıq uğurları, uzun ömür arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik".
Sonra Şuşa ilə bağlı videokompozisiyalara baxış keçirilib. Etibar Həsənzadənin şeirlərini aktyor Əjdər Zeynalov, Əməkdar artistlər Sərvər Əliyev və Kəmalə Məmmədova səsləndiriblər.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi qazisi Ceyhun Əliyev və rayon ziyalıları Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləyib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Məktəblilər Etibar Həsənzadənin şeirlərini səsləndiriblər.
Elmar ƏLİYEV-VÜQARLI
çap et