Neftçala rayonu ərazisinə görə ölkəmizin kiçik hissəsini təşkil etsə də, çox sayda vətənsevər tanınmış insanları, dəyərli qələm sahibləri, ziyalıları və yazarları ilə tanınır. O insanlar ki, hər biri ayrı-ayrılıqda öz fəaliyyətləri, xidmətləri ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız və digər sahələrdə vətən andına sadiqlik nümayiş etdirirlər. O insanlar ki, bu andı vətəndaşlıq borcu, xalqımızın işıqlı sabahı hesab edirlər.
Vətənpərvərlik insanın şüurunda yetişən, qəlbində, ruhunda, mənəviyyatında doğan böyük hissdir. Onu gizlətmək, boğmaq mümkün deyil. O, insanın qəlbinə hakim olaraq, damarlarında axan qanı coşdurur. Yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidov o vətənpərvər ziyalılardandır ki, onlar qələmlə ruhun qovuşmasından doğan yazıları ilə yurdu, torpağı sevməyi öyrədir, vətəni ucaldan qəhrəmanları, şəhidləri və vətənsevər övladları yaşatmağı bacarırlar.
İki vətənsevər yazıçı bu dəfə birgə əmək sərf etməklə vətənpərvərlik məzmunlu yeni kitab ərsəyə gətirdilər. "XXI əsrin Qarabağnaməsi" kitabı xatirəsini əziz tutduğumuz şəhidlərimiz, onların şərəfli ömür yolu və ürək titrədən məzmunlu xatirələrinə həsr olunub. Kitab millət vəkili Sabir Rüstəmxanlının xeyir-duası ilə ərsəyə gəlib, onun tövsiyəsi ilə iki dəyərli ziyalının güc, düşüncə və fikirlərinin birliyindən yaranıb, onların böyük zəhməti ilə işıq üzü görüb. Kitabın redaktoru və ön söz müəllifi də Xalq şairi Sabir Rüstəmxanlıdır.
"XXI əsrin Qarabağnaməsi" tariximizin, ədəbiyyatımızın geniş mövzusu olan I və II Qarabağ müharibəsi, savaşın başlanması, səbəbləri və nəticəsi, qeyrətli Vətən oğullarımızın qəhrəmanlıq salnaməsindən, həmyerli şəhidlərimizdən bəhs olunur. Kitabda onların hünər yolu, haqqında xatirələr və şeirlər toplanıb.
Əlövsət Polad rayonun mətbuat orqanı olan "Gündoğar" qəzetinin veteran jurnalistlərindəndir. O, 1973-cü ildən bu qəzetdə fəaliyyətə başlayıb. Bədii yaradıcılığa 1990-cı ildən başlayan Əlövsət Poladın "Bitməmiş povestlər" adlı ilk kitabı 2004-cü ildə çapdan çıxıb. 1995-2010-cu illərdə onun
"Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama" adlı kitabları işıq üzü görüb, 2017-ci ildə "Qiyamət" adlı kitabı çap olunub.
Kitabın həmmüəllifi Ələkbər Zahidov isə ən dəyərli peşənin sahibidir. O, 50 ildən çoxdur ki, müəllim işləyir. Təcrübəli pedaqoq Ələkbər müəllim Elton Həbibov adına tam orta məktəbdə coğrafiya fənnini tədris etməklə yanaşı, şagirdlərinə vətənə, xalqa sədaqət kimi yüksək keyfiyyətlər təlqin edir, onların vətənpərvər və əsl vətəndaşlıq ruhda yetişməsinə xidmət göstərir. O, uzun illərdir ki, "Gündoğar"da, "525-ci qəzet"də müxtəlif məzmunlu yazıları ilə çıxış edir. 2017-ci ildə "Ömür şərəflə yaşananda", 2019-cu ildə "Müstəqillik yollarında" kitabları çap olunub. "XXI əsrin Qarabağnaməsi" onun oxucuları ilə üçüncü görüşüdür. Rayonun ictimai işlərində fəallıq göstərən Ələkbər müəllim həm də Avrasiya Sənət Kültür, Ədəbiyyat və Elm Federasiyasının üzvüdür.
"XXI əsrin Qarabağnaməsi" kitabının iyunun ayının 30-da keçirilən təqdimatında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov başda olmaqla rayon ictimaiyyəti, digər qonaqlar və məsul şəxslər, rayon ziyalıları iştirak edirdilər. Təqdimat adı, hünəri və məqamı ilə qürur duyduğumuz Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun adını daşıyan Neftçala rayon Uşaq İncəsənət Məktəbində keçirildi. Olduqca səmimi duyğuları əks etdirən tədbirdə qısa ömürləri ilə əsrlərə bərabər böyük bir dastan yazmış Qəhrəmanlarımız, Şəhidlərimiz dönə-dönə xatırlandı, onların vətən, xalq uğruna fəda etdikləri ömür yolundan danışıldı, hünər və rəşadətlərini əks etdirən videoçarx təqdim olundu.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mishəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı, rayonun ictimai-siyasi mətbuat orqanı olan "Gündoğar" qəzetinin redaktoru Bədirə Niftaliyeva çıxışlarında "XXI əsrin Qarabağnaməsi" kitabının yaxın tariximizin öyrənilməsi, qəhrəmanlarımızın tanıdılması baxımından yüksək dəyərə malik mənbə olduğunu, igid döyüşçülərimizin mübarizliyindən, polad əzmindən bəhs edən bu kitabın gənc nəslin vətənpərlik ruhda yetişməsində faydalı olacağını bildirdilər.
Tədbirdə, həmçinin, kitabda bəhs edilən illər uzunu qövr edən ağrılı yaramız olan Qarabağ hadisələri, yaddaşlardan tarixə köçən gerçəkliklər, ictimai-siyasi, tarixi hadisələr, milli birliyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandırdığı Qələbədan söz açdılar, toplanmış məlumatlar, fakt və materiallar, qəhrəman şəhidlərimiz haqqında, o cümlədən, müəlliflərin qeyd və düşüncələri barədə qiymətli fikirlər səsləndirdilər. Tədbir boyu çıxışlarla bərabər, kitabda yer almış şeirlər söylənildi, şəhid Rəvan Quliyevin dayısı Sahil Abdullayev tərəfindən şəhidlərə həsr edilmiş, söz və bəstəsi Gülqədəm Mirzəzadəyə aid "Bayraqlı evlər" mahnısı ifa olundu, təqdimat üçün hazırlanmış videoçarx izlənildi.
Çıxış edənlər sırasında şəhid Mahmud Məlikovun atası Təhmasib bəy, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə xanım da vardı. Onlar bütün igid şəhidlərimizin timsalında qəhrəman övladlarından danışaraq, şəhidlərin təbliği və yaşadılaması ilə əlaqədar xidmətlərə görə öz təşəkkürlərini bildirdilər. Vətən müharibəsi qazisi Sənan Hacıyev bütün rayon qaziləri adından çıxış edərək bildirdi ki, "nə qədər nəfəsimiz var, şəhidlərimizin adını və şanını daim hörmət və məhəbbətlə yaşadacağıq".
Tədbirdə, həmçinin, kitabda bəhs olunan, hərbçilərimiz tərəfindən Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar olunan kütləvi məzarlıq və I Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyi uğrunda qeyri-bərabər, qanlı döyüşdə vuruşmuş və itkin düşmüş 4 gənc əsgər, 4 həmyerlimiz - İlham Adil oğlu Dadaşov, Əlibala Teyyub oğlu Abdullayev, Mehman Əbdülrəhman oğlu Cəfərov və Bəxtiyar Ağabala oğlu Əsgərov haqqında söz açıldı. İlham Dadaşovun anası Elmira ana yana-yana oğlu haqqında xatirələrini bölüşdü, müzəffər ordumuz tərəfindən övladının, yoldaşlarının və bütün şəhidlərin qisasının alınmasına, torpaqlarımızın işğaldan azad olunmasına görə özünü xoşbəxt hiss etdiyini bildirdi.
Hər iki müəllif Əlövsət Polad və Ələkbər Zahidov fəaliyyətləri və yazıları ilə qəhrəmanlarımızı tanıdırlar, təbliğ edirlər. Bu məqsədlə çox qapılar döymüş, çox qapı açmışlar, dərdlərini unudub, şəhid ailələrinin, əzizlərinin yarasına məlhəm olmağa çalışmışlar. Biz də qəhrəman oğullarımızı, şəhidlərimizi qələmi ilə yaşadan Əlövsət müəllimə və Ələkbər müəllimə şərəfli fəaliyyətlərində uğurlar diləyirik. Arzu edirik ki, oxucular üçün dəyərli olan hər iki yazarın bundan sonrakı əsərləri tariximizin, vətən oğullarının şərəfli ömür yolunun təbliği ilə yanaşı, xalqımızın sevinc dolu zəfərlərindən, çiçəklənən Qarabağımızdan bəhs etsin. Şəhidlərimizin əzizlərinə Allahdan səbr, dözüm diləyir, şəhidlərimizə ruhunuz şad, məkanınız cənnət olsun deyirik!..
Nəzakət QULUQIZI



çap et