525.Az

Qəlbə bıçaq tək girən xatirələr - Qan Turalı yazır


 

Qəlbə bıçaq tək girən xatirələr - <b style="color:red"> Qan Turalı yazır</b>

Nazim Hikmət ruhi bütövlüyə yetmiş bir müdrik təmkiniylə belə yazırdı:

"Kədərləndirmir artıq məni xatirələrin dəvəti

Xatirələrimdən şikayətçi deyiləm".

Mən bu müdrikliyə heç bir zaman yetə bilməyəcəyəm.

Ruhumun xəsarətləri sağalmazdır...

Adorno sərrast demişdi: "Osvensimdən sonra şeir yazmaq barbarlıqdır". 

lll

"Balaca şahzadə"ni oxuyurdum.

7 yaşım vardı. 

Uşaqlar faciələri ürəklərinin dərinliklərinə, damarlarına və iliklərinə qədər hiss edir.

Mahiyyətini anlamasalar, məqsədini bilməsələr belə evə, məktəbə, küçəyə çökən o hüzün dumanını böyüklərdən də yaxşı duyurlar.

Balaca şahzadənin dediyi kimi, yalnız ürəklə yaxşı görmək olur.

lll 

Ötüb-keçən bu onilliklər ərzində liseyi, universiteti bitirmişəm, yüzlərlə kitab oxumuş və hətta kitablar yazmışam.

Çifayda...

7 yaşlı uşağın həssas qəlbinə toxunan həqiqətlər indi məndən uzaq düşübdür.

Ona görə də bu yazını düşünərək yazmıram.

Sadəcə hissiyyatımın yaddaşından köçürürəm.

 "Qəlbə bıçaq tək girən xatirələrin 

Dilsiz olduğunu anlayıram

Qar yağır və mən xatırlayıram". 

lll 

20 Yanvar qəfil zərbə kimi xalqı silkələmiş, yüz minlərlə insanı şəhidləri dəfn etməyə toplamışdı.

Bu bəşəri cinayət insanların ürəklərində qisas hissi oyatmışdı.

İmperial qorxu onun satraplarının bütün planlarının əksinə olaraq uçub getmişdi.

Dövlətlər, saraylar tar-mar olanda deyil, ürəklərdəki yerləri dağılanda məhv olurlar.

"20 Yanvar"dan sonra insanlarda bir əzm, qəribə bir fəxarət və qürur oyanmışdı.

Azadlığa az qalmışdı...

lll 

Ancaq Xocalı azadlığın bütün arzularını xalqdan qopardıb sərt qayalara çırpmışdı.

Xocalıda xalqın arzuları, ümidləri, bir sözlə, onu o edən, onu var edən hər şey kökündən zədələnmişdi.

Birinci Qarabağ müharibəsinin ağır nəticəsi  Xocalı ilə özünü açıq-aydın nişan verdi.

Əslində Şuşa da 26 fevralda işğal edildi.

Ağdam da...

O melanxolik 90-lar Xocalı ilə 1992-ci ildə başladı və 2020-ci ildə başa çatdı.

Bir il həmişə bir il deyil ki.

Kədər zamanı dondurur.

1992-dən sonra gələn o ələmli illərin hər birində Xocalının xəcaləti vardı, çıxılmazlığı vardı, ağrısı vardı...

Bu dərd bütün ağırlığı və dözülməzliyi ilə bir yerdə həm də anlaşılmaz idi.

Ən əsas da anlaşılmazlığı...

lll 

Nəhəng sual isə beynimizdəki şiş kimi böyüyür, ürəyimizdən daş kimi sallanır, ruhumuzu məngənəyə salırdı: "Axı niyə?"

"Axı niyə?"

"Axı niyə?"

"Axı niyə?"

Bu boyda vəhşiliyin səbəbi nə idi?

Bu qədər nifrət necə toplanmışdı?

Xocalı cəlladı məqsədini gizlətməmişdi: "Biz Xocalıda azərbaycanlılara göstərdik ki, niyyətimiz ciddidir".

Niyyətlərinin ciddi olduğunu anlasaq da, niyyət bizim üçün məchul qalırdı.

Çalpaşıq hisslərin toranında bizi ən çox bu sual ağrıdırdı: "Axı niyə?"

7 yaşlı uşaq binaların damından sallanan sırsıralarda, yağış gölməçələrində, bütün qəzetlərdə, anaların ağlamaqdan qızarmış gözlərində, ataların sönməyən siqaret tüstüsünün rəqsində, bütün kitab və romanlarda, paltar dirəklərində və avtobus dayanacaqlarında "Axı niyə?" sualının dəhşətini təkcə öz uşaq qəlbində yox, iliklərinə qədər hiss edirdi.

Biz kimə neyləmişdik?

Onda anlamışdım ki, elnən gələn dərddən böyük faciə yoxdur.

Və anlaşılmaz dərdlər öldürücüdür...

lll 

Xocalı ilə bağlı heç bir söhbəti, heç bir xəbəri, heç bir cümləni xatırlamıram. Yaddaşıma, ruhuma hopan ancaq bu dəhşətli ümidsizlikdir. Ancaq bu

ovqat... Nə bir kadr... Nə bir məqalə... 

Hamı bir ağızdan susmuşdu sanki...

Sözləri sazaq vurmuşdu, cümlələri ayaz... 

Qarda qan ilə yazılmışdı: "Axı niyə?"

Balaca şahzadələrin nəsibi yenə də ölüm olmuşdu...

lll 

Hər şey ötəridir, xatirələr əbədi...

Uşaqlığımızın yaddaşına döşənmiş ağrılı xatirələr bizi biz edən hər şeyə sirayət edərək ağuşuna alır...

Biz zamanı yox anları xatırlayırıq, yəni xatirələri...

1605-ci ildə Laçında doğulan Sarı Aşıq bir axşam "İl var bir günə dəyməz, Gün var min aya dəyər" bayatısını çağıranda bu bayatının bizim ömrümüzü ifadə etdiyini bilirdimi, görəsən...

Otuz il ürəyimizdən daş kimi asılıb, ruhumuzu pərçimlənən ülgüc kimi sərt xatirələr bir günə də dəyməyən illər ərzində bizi yaralayırdı...

"Qırx dörd gün"də  isə "qəlbə bıçaq tək girən xatirələr" qanrılıb düşmənin köksünə saplandı...

Hər gün min aya dəyən qırx dörd gündə ruhumuzun sübh şəfəqiylə oyandı.

Könlümüzə bahar gəlmiş, yaralarımız qaysaq tutmuşdu... 

Lal xatirələr dil açmışdı...


 

 





06.07.2022    çap et  çap et