525.Az

Həyatın beş hədiyyəsi


 

Həyatın beş hədiyyəsi<b style="color:red"></b>

Mark TVEN
(Amerika)


BİRİNCİ FƏSİL

Ömrün ilk çağlarında xeyirxah bir Pəri öz boxçasıyla adamın yanında peyda oldu və dedi:
- Bu boxçada mənim hədiyyələrim var, götür onlardan birini,  qalanlarına dəymə! Və seçimini də düzgün et, ağıllı və müdrik ol! Çünki bu hədiyyələrdən yalnız biri həqiqətən çox dəyərli və qiymətlidir. 
Boxçada beş hədiyyə vardı: Şöhrət, Sevgi, Var-dövlət, Həzz, Ölüm.
Cavan adam götür-qoy etmədən dedi:
- Çox fikirləşməyə ehtiyac yoxdu, əlbəttə, Həzz!
O dərhal Həzzi seçdi və bu gen dünyada gəncliyin xoşladığı əyləncələri axtarmağa başladı. Lakin bütün həzz və əyləncələr bir-birinin ardınca ötəri, boş və mənasız oldu, bu fanilik onu çox məyus etdi. Əyləncələrdən hər biri sovuşub gedərkən ona rişxəndlə  güldü. Nəhayət, adam dedi:
Bu illəri yelə verdim, boşuna uçub getdi ilk cavanlıq çağlarım. Əgər yenidən seçim etmək imkanım olsaydı, daha ağıllı seçim edərdim.

İKİNCİ FƏSİL

Bu zaman həmin sehirli Pəri yenə peyda oldu.
- Boxçada dörd hədiyyə qalıb, - dedi, - birini yenə seç götür... Hə, bax, unutma, vaxt tez uçur, hədiyyələrdən yalnız biri çox qiymətlidir.
Adam xeyli düşündü, sonra Sevgini seçdi; bu dəfə xeyirxah Pərinin gözləri yaşardı, oğlan o parıldayan yaş damçılarını sezmədi. 
Bu hadisədən çox illər ötdü; adam tək qalmışdı, bomboş evdə tabut önündə oturub kədərli-kədərli xəyala dalmışdı, öz-özünə deyirdi:
- Onlar bir-brinin ardınca həyatdan köçüb məni tərk etdilər; bu da mənim sevimli, əziz, son sevgimdi, tabutun içində uzanıb. Ağır itkilər mənim həyatımı alt-üst etdi. Yalançı və hiyləgər Sevgi mənə satdığı xoşbəxtliyin hər anı üçün sonsuz kədər verdi.  O Sevgiyə içimdən gələn lənətlər yağdırıram!

ÜÇÜNCÜ FƏSİL

- Bir də seç hədiyyəni, - deyə Pəri səsləndi. - Yaşadığın illər sənə çox şey öyrətdi, şübhəsiz, indi sən müdrikləşmisən. Hələ üç hədiyyəmiz qalıb. Yaddan çıxartma, onlardan yalnız biri qiymətlidir, seçimində diqqətli ol!
Adam xeyli düşünüb-daşındı, sonra Şöhrəti seçdi; Pəri isə ah çəkib gözdən itdi.
İllər ötdü və sehirli Pəri yenə gəlib peyda oldu; gördü ki, adam yenə yalqızdır, qəmli-qəmli oturub, fikirlidir. Pəri onun nə düşündüyünü artıq bilirdi.
"Mənim adım bütün dünyanı dolaşdı, dillər əzbəri oldum, mənə təriflər yağdırdılar; mənə elə gəlirdi ki, bütün bunlar gözəldi, amma o anların ömrü necə də qısaymış! Sonra həsəd apardılar mənə, paxıllıq etdilər; dalınca qeybət, dedi-qodu gəldi, daha sonra böhtan, həqarət, təqiblər; sonra da acı və zəhərli rişxəndlər... Bu da sonun başlanğıcı! Axırda da peşimançılıq, təəssüf hissi! Bu isə şöhrətin dəfni deməkdi! Ah, məşhur olmağın sonu necə də acı və miskin imiş! Şöhrətin zirvəsinə çatasan, səni çirkaba bulaşdırsınlar, sənə böhtanlar yağdırsınlar, enəndə də həqarət görəsən, sonra da sənə yazıq desinlər!"

DÖRDÜNCÜ FƏSİL

- Di yaxşı, yenə birini seç, - Pərinin səsi gəldi. - İki hədiyyə qalıb. Qəm yemə, axı sənə demişdim ki, hədiyyələrdən yalnız biri qiymətlidir, hələ o boxçadadır.
- Var-dövləti götürəcəm, var-dövlət gücdü, hakimiyyətdi! - adam tərəddüd etmədən bildirdi. - Gör mən necə də kor olmuşam! Axır ki mənimçün də yaşamağın dəyəri  olacaq! Zibil kimi pullarım olacaq, səpələyəcəm, pulla hamının gözünü tutacam! Kim ki mənə həqarət edirdi, kim ki məni məsxərəyə qoyurdu, hamısı dizin-dizin sürünəcək qabağımda, mən onların həsədiylə acımış könlümü toxdadacam! Həyatın bütün dadını çıxaracam, dəbdəbələr, rahatlıqlar, könlümdən keçən bütün istəklər mənim olacaq,  bədənimin bütün ehtiyaclarını istədiyim kimi ödəyəcəm; mən alış-verişə gedəcəm, hər şey alacam, özümə hər şey alacam, alacam! Hörməti, izzəti, tərifi - həyatın bütün gözəlliklərini alacam! Mənə itaət edəcəklər, saxta, parıltılı dünyada nə varsa, hər şeyi alacam! Mən çox vaxt itirmişəm, hər dəfə də seçimimdə səhvlər etmişəm; qoy bunların hamısı keçmişdə qalsın! O zaman mən nadan idim, yalnız görüntünü, zahirən cəlbedici olan şeyləri seçə bilirdim.
Üç il bir göz qırpımında ötüb keçdi; elə bir gün gəldi ki, adam miskin bir çardaqda oturub soyuqdan titrəyirdi, bənizi ağarmış, gözləri çuxurlanmış, üst-başı cır-cındır içində əzgin-yorğun halda oturmuşdu; o, qurumuş çörək qırıntılarını çeynəyə-çeynəyə donquldanırdı:
- Cəhənnəm olsun bütün dünya nemətləri! Onlar saxtadır, dünya fanidir! Həyatda hər şey qızıl suyuna çəkilib, parıltıdır; onlar hədiyyə deyil! Onlar sənə borc verilir, müvəqqəti istifadə üçündü... O hədiyyələrin hamısı yalançı ad daşıyır: Həzz, Sevgi, Şöhrət, Var-dövlət həyatın əsl və əbədi simalarını - Ağrını, Kədəri, Eybləri və Kasıbçılığı sadəcə müvəqqəti ört-basdır etmək üçündü; Pəri doğru söylədi - bütün bu hədiyyələrdən yalnız bircəciyi çox qiymətlidir! Onun dəyəri ölçülməz! Ah, mən necə də qanmaz olmuşam! Bu beş hədiyyə arasında o yeganə, qiymətli şey necə də sevimli görünür! O çox şirindi,  mərhəmətlidi, xeyirxahdı, əzizdi, bizə daim yuxu gətirir, şirin yuxu! Biz o zaman yuxu görmürük; o bizi əzab-əziyyətdən, iztirabdan, məşəqqətdən qurtarır, şüurumuzu və qəlbimizi yeyən, gəmirən günahlarımızı, qüssələrimizi yuyub aparır. Ah, onu mənə gətir! Ver mənə onu, dincələcəm, yorulmuşam!"

BEŞİNCİ FƏSİL

Pəri yenə gəldi, yenə hədiyyələrdən dördünü gətirdi, amma onların arasında Ölüm yox idi. 
- Onu bir ananın sevimli körpəsinə verdim, - dedi Pəri, - körpə hələ heç nə anlamırdı, mənə inandı, xahiş elədi ki, onun əvəzinə seçim edim. Sənsə məndən bunu xahiş eləmədin.
Ah, mən necə də bədbəxtəm! Bəs mənə nə saxlamısan, hə?
Sənin heç layiq olmadığın şeyi - QOCALIĞın mənasız həqarətli donqultularını!

(İngiliscədən Kamran Nəzirli çevirib)


 

 





06.07.2022    çap et  çap et