525.Az

"Dünya ədəbiyyatı" dərgisinin "Rumıniya" sayı təqdim edildi


 

"Dünya ədəbiyyatı" dərgisinin "Rumıniya" sayı təqdim edildi<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Dünya ədəbiyyatı" dərgisinin yeni nömrəsinin - bütövlükdə Rumıniya ədəbiyyatına həsr olunmuş xüsusi sayının təqdimatı keçirilib. 

Təqdimatda AYB-nin sədri, Xalq yazıçısı Anar başda olmaqla Birliyin rəhbərliyi, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili Soare, dərginin yaradıcı heyəti, tanınmış ədəbiyyat və elm adamları iştirak ediblər. 

AYB-nin Beynəlxalq məsələlər üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu tədbiri açıq elan edərək Azərbaycan və Rumıniya ədəbi əlaqələri barədə danışıb, yeni nəşrin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ərəfəsində işıq üzü görməsini əlamətdar məqam kimi vurğulayıb. S.Babullaoğlu qeyd edib ki, ciddi yaradıcı işin və böyük zəhmətin nəticəsi olan "Dünya ədəbiyyatı" dərgisinin "Rumıniya" sayı iki ölkənin ədəbi əlaqələrində yeni mühüm addımdır və bu sahədəki təmasların daha da güclənməsinə xidmət edəcək.

Xalq yazıçısı Anar çıxış edərək deyib ki, Azərbaycan-Rumıniya əlaqələrinin özünəməxsus  tarixi keçmişi var və hər iki xalqın oxşar taleyi onların ədəbiyyatlarını yaxınlaşdıran amillərdəndir. Dərginin yeni sayının əhəmiyyətini xüsusi vurğulayan AYB sədri Anar səfir V.Soareyə tədbirə qatıldığı üçün minnətdarlığını bildirib, dərginin redaksiya heyətinə, tərcüməçilərə, bu işdə əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Səfir Vasile Soare Rumıniya-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixinə geniş ekskurs edərək, son 30 ildə uğurla genişlənən siyasi-iqtisadi əlaqələrin digər sahələrdə də inkişafa yol açdığını bildirib. "Dünya ədəbiyyatı"nın "Rumıniya" xüsusi sayının bu əlaqələrin yeni və son dərəcə önəmli bəhrəsi olduğunu deyən səfir qeyd edib ki, bu kimi layihələr mədəni təmasların keyfiyyətcə xeyli üstün bir mərhələyə qədəm qoymasının müjdəçisidir. Sözügedən dərgini ölkələr arasındakı əlaqələrə olduqca dəyərli, qalıcı töhfə kimi səciyyələndirən V.Soare Azərbaycan-Rumıniya diplomatik əlaqələrinin 30 illiyində belə bir mühüm nəşrin ərsəyə gəlməsini çox sevindirici hadisə adlandırıb. 

AYB-nin birinci katibi Çingiz Abdullayev, katib Elçin Hüseynbəyli dünya ədəbiyyatı nümunələrinin, o cümlədən, Rumıniya ədəbiyyatının Azərbaycan oxucusu üçün əlçatan olmasını təmin edən vasitələrdən biri kimi "Dünya ədəbiyyatı" dərgisinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Dərgidəki materialların bədii keyfiyyətləri barədə müsbət fikirlər söyləyərək, yaradıcı heyətə minnətdarlıqlarını bildiriblər.

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Vaqif Əlixanlı  Rumıniya incəsənətindən bəhs edərək bu müstəvidə Azərbaycan və Rumıniyanın bir çox oxşar cəhətləri olduğunu diqqətə çatdırıb. Yeni nəşri yüksək qiymətləndirən V.Əlixanlı bu kimi təşəbbüslərin davamlı olmasını arzulayıb.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli nəşrin ərsəyə gəlməsi prosesindən söz açıb. Baş redaktor bu işin həm ideya-təşəbbüs planında, həm təşkilati yönündə, həm də yaradıcılıq xəttində S.Babullaoğlunun böyük rolu olduğunu önə çəkib, eyni zamanda, dəyərli tərcümələrinə görə də ona ayrıca təşəkkürünü bildirib. S.Hüseynli tanınmış tədqiqatçı və tərcüməçilər Güllü Yoloğlu ilə Jalə İsmayılın "Dünya ədəbiyyatı"nın "Rumıniya" sayının hazırlanması işinə qiymətli töhfələr verdiklərini deyərək onlara, eləcə də Mərkəzin əməkdaşlarına, bu sayda zəhməti olan bütün həmkarlarına təşəkkürünü dilə gətirib.

Güllü Yoloğlu çıxışında Rumıniya ədəbiyyatı ilə tanışlığının tarixindən söz açaraq, rumın ədiblərin əsərlərinin bu formatda toplanması və nəşrini zəruri təşəbbüs, vacib addım kimi qiymətləndirib. 

Ədəbi nümunələri birbaşa rumın dilindən tərcümə edən, Azərbaycan-Rumıniya  ədəbi əlaqələrinə dair araşdırmalar, kitablar müəllifi Jalə İsmayıl bu sahədə işlərin qarşılıqlı olaraq daha da genişlənməsinin, ölkəmizdə rumın dili üzrə yeni mütəxəssislərin yetişməsinin zəruriliyi barədə düşüncələrini bölüşüb.

Nadir YALÇIN

 





06.07.2022    çap et  çap et