İyulun 4-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında direktor Aslan Cəfərovun rəhbərliyilə ilk yarımilliyin hesabat iclası olub.
A.Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son yarım ildə mədəniyyət sahəsində həyata keçirdiyi islahatlar, imzaladığı sərəncamlar haqqında məlumat verib. Direktor Respublika Gənclər Kitabxanasının öz fəaliyyət istiqamətlərini ölkəmizdə mədəniyyət sahəsində imzalanan sərəncamlara və bu sərəncamlardan irəli gələn tədbirlər planına uyğun olaraq təşkil etdiyini vurğulayıb.
O, dövlət başçısının müvafiq sərəncamı ilə elan edilmiş "Şuşa İli" çərçivəsində Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı ilə əlaqədar baş tutan Şuşa səfəri haqqında fikirlərini bölüşüb.
İclasda altı ay müddətində kitabxanada aparılan islahatlar - yeni ştat cədvəlinin tərtib olunması, yeni şöbələrin yaradılması, yeni öhdəliklərin müəyyən edilməsi haqqında məlumat verilib. Kitabxanada aparılan təmir işləri ilə əlaqədar şöbələrin daha geniş və peşəkar mühitdə çalışmaları üçün geniş imkanların yaradıldığı vurğulanıb.
Son altı ay müddətində kitabxananın rəsmi veb saytının müasir informasiya meyarlarına uyğun olaraq təmamilə yenilənməsi məsələsi diqqətə çatdırılıb.
Hesabat iclasında sözügedən müddət ərzində kitabxananın dörd əməkdaşının kompüter proqramları biliklərinin təkmilləşdirilməsi məqsədilə kitabxananın hesabına tədris kurslarına yönləndirilməsi məsələsinə də toxunulub. Bu əməkdaşlar müasir kitabxanaların təlabatına cavab verən poliqrafik dizayn, təqdimat proqramlarının tədrisinə cəlb ediliblər.
İclasda cari altı ay ərzində kitabxanada təşkil olunan tədbirlər də müzakirə edilib.
Qeyd olunub ki, bu dönəmdə kitabxana, təşkil edilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması məsələsinə də xüsusi diqqət yetirib. Kitabxanada hazırlanan multimedia, metodiki və ya biblioqrafik vəsaitlərin, elektron məlumat bazaların, təşkil edilən tədbirlər mediada ətraflı işıqlandırılıb.
Kitabxana müxtəlif əlamətdar tarixlərlə əlaqədar virtual kitab sərgiləri, videomateriallar, biblioqrafik vəsaitlər, ənənəvi sərgilər təşkil edib. "Ümummilli lider Heydər Əliyev", "Zərifə xanım Əliyeva - 99", "Mir Cəlal Paşayev - yaddaşlarda gözəl xatırlanan şəxsiyyət", "Rauf Hacıyev - 100", "Əhməd Cavad - 130", "Natəvan ömrünün poetik salnaməsi" və başqa virtual kitab sərgiləri, "Azərbaycan dövlətçiliyinin xilas günü", "Azərbaycanın Mədəniyyət Paytaxtı-Şuşa", "Mirzə Ələkbər Sabir" və digər biblioqrafik göstəricilər, "Xalq yaradıcılığının bilicisi - Həsən bəy Zərdabi", "Əzilsəm də susmaram" - Əhməd Cavad" adlı biblioqrafik icmallar hazırlanaraq təqdim olunub.
İclasda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə həyata keçirdiyi "Nəşrlərin satınalınması müsabiqəsi" haqqında da danışılıb. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib.
İclasda Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı "Şuşa sən azadsan!" kitabı haqqında da məlumat verilib.
çap et