525.Az

Bayram ovqatını korlayanlar - Şahanə Müşfiq yazır


 

Bayram ovqatını korlayanlar - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Azərbaycanda Qurban bayramının keçirilməsinə sadəcə iki gün qalıb. Hər zamankı kimi, bayramdan da, hadisədən də öncə onun səs-sorağı, cəmiyyətdəki reaksiyaları gəlib desək, yanılmarıq.

Qurban bayramının tarixi kökləri, dini əsasları ilə bağlı danışmaq fikrim yoxdur. Onsuz da, mövzumuz cəmiyyətimizin dinə, dini bayramlara deyil, köhnələr demiş, "ucdantutma" bütün bayramlara olan reaksiyasıdır.

Heç zaman bayram anlayışına hər hansısa fövqəladə anlam qazandırmamışam. Mənimçün bütün bayramlar əsası olsun-olmasın, sevinmək, qeyd etmək, insanlara xoş əhval bəxş etmək, ən azından, çoxdandır əlaqə saxlamadığın tanışları yad etmək üçün bir vasitədir. Yeni il də, Novruz da, elə Qurban bayramının özü də məna qatında daşıdığı funksiyadan asılı olmayaraq, oxşar əhval yaradır məndə.

Lakin təəssüf ki, cəmiyyətimizdə get-gedə hər şeydə olduğu kimi, bayramlara yanaşmada da cılızlaşma, aqressiya hökm sürməyə başlayıb. Xüsusən, sosial şəbəkələrin yaratdığı imkanlardan sui-istifadə edənlər cəmiyyətə mənfi enerji ötürmək üçün heç bir fürsəti qaçırmırlar. Əlbəttə, bunun üçün insanların həvəslə, şövqlə hazırlaşdıqları bayramlar ən gözəl vasitədir onlara görə. İçində həyata, insanlara, təbiətə, dövlətə, ətrafına, hətta özünə qarşı belə zərrə sevgisi və hörməti olmayan insanlar bu sevgisizliyini aqressiya halında böyüdüb, ilin müəyyən zamanlarında ətrafına zəhər kimi axıtmağı sevirlər. Məsələn, siz bu cür insanların sosial şəbəkə səhifələrinə, ya da elə gündəlik ünsiyyətdə söhbətlərinə fikir versəniz, görəcəksiniz ki, onlar Yeni il zamanı bu bayramın xristianlara aid olduğunu, bizə heç bir aiddiyyatı olmadığını deyəcək, Novruz bayramına az qalmış bu bayrama aid adət-ənənələri ya linç edəcək, ya da məsxərəyə qoyacaq, bayramın özünü isə atəşpərəstliyə aparıb, bizə aid olmadığını iddia edəcək. 8 mart Beynəlxalq Qadınlar Bayramında, 14 fevral Sevgililər günündə bu bayramları qəbul etmədiklərini deyib, bunu da hansısa uydurma, özlərinə sərf edən tarixlə əsaslandıracaqlar. Ramazan bayramı, Qurban bayramı kimi dini bayramlarda isə müsəlman dininə inanan insanların inancına lağ edəcək, dinin əsassız olduğunu, bu bayramların əfsanə, mif olduğunu deyəcəklər. Belələri üçün günün, bayramın heç bir fərqi yoxdur. Hətta onlar dövlət bayramlarını, rəsmi günləri belə "ofsayt"da saxlamaq üçün hər cür hərzə danışmağa hazırdırlar. Yetər ki, içlərindəki xıltdan bir azca da olsa, cəmiyyətin, ətrafdakı insanların əhvalına bir az da olsa, "axıtsınlar".

Hə, əlbəttə, bayramlarda insanları təbrik etmək adıyla bellərinə minnət qoyan başqa növ məxluqları da unutmamaq lazımdır. Onlar Qadınlar günündə "qadın adına", Müəllimlər günündə "müəllim adına" layiq olanları, Orucluq bayramında "orucu ürəkdən və inancı üçün tutanları", Qurban bayramında "kəsdikləri qurbanları yetim-yesirlə paylaşanları" və sair "təbrik edərək", əslində, məqsədlərinin bayramlaşmaq deyil, yenə də qəlblərindəki qaranı bölüşmək olduğunu sübut edirlər. Belə insanlardan soruşan olmur ki, bəs sən özün içindəki bu qədər böyük aqressiyayla, dilindəki zəhərlə insan adına layiqsənmi? Başqasının qeyd etdiyi bayramdan, layiq olduğu addan, kəsdiyi qurbanı hara etməsindən sənə nə var? Sən orucunu Allah üçün tut, sən qurbanını dinin üçün kəsib ehtiyacı olanlara payla, başqalarıyla nə işin var? Eşitməmisənmi hər kəs öz qəlbinin payını yeyir?!

Mənim yazımın da müəyyən qədər aqressiyalı olduğunu və neqativ saçdığını bilirəm. Ancaq hər fürsətdə başqalarının inancına, yaşayışına, dünyagörüşünə, zövqünə dil uzadanlara da biri mütləq "Dur!" deməlidir. Belə insanlara həddini bildirmədikcə, əksinə, özü kimilər onları alqışlayıb, "züy tutduqca" düşüncəsi, fikirləri formalaşmamış olan digərləri də bu "şəpikdən" özlərinə nümunə götürüb, sanki belə olmalıymış kimi onların iziylə getməyə başlayırlar. Nəticədə ətrafımız kindar, nifrət dolu zəhər tuluqları ilə dolmağa davam edir. Gəlin, insanların yaxasından düşməyi, onları rahat buraxmağı, öz həyatımızla məşğul olmağı öyrənək. Sizi əmin edirəm, bu, yaşamağın ən rahat və ən əlverişli üsuludur.

Qurban Bayramınız mübarək! Allah kəsilən qurbanlarınızı, etdiyiniz niyyət və dualarınızı qəbul etsin, əziz müsəlmanlar!

 

 

 

 

 

 

 

 





07.07.2022    çap et  çap et