|
|
|
|
...Hamı üçün adi bir səhər idi.
Onun üçün qeyri-adi...
Bu səhərin qeyri-adiliyi ondaydı ki, Kəlbəcər dağlarının havasını ciyərlərinə çəkirdi.
...Amma sonuncu dəfə!
Ötən il iyulun 4-də adi bir yay səhəri hərbi maşınla dağların, təpələrin sinəsinə yaşıl xalı kimi sərilmiş kənd yolu ilə peşə fəaliyyətini yerinə yetirməyə gedirdi. Həmin gün onun ömrünün son səhəri, getdiyi son yol oldu...
Məhərrəm sonuncu dəfə bu dağların havasını ciyərlərinə çəkib. Sonuncu dəfə hər tərəfi yamyaşıl olan bu təbiəti seyr edib. Kim bilir, həmin anlarda Məhərrəm nə barədə düşünürmüş? Evdə qoyub gəldiyi və hər dəfə o qapıdan girəndə "atam gəldi, atam gəldi" deyib həyət darvazasına yüyürən Uğurla Toğrulumu? Onun hər telefon zəngini səksəkə və həsrətlə gözləyən bacı-qardaşınımı? Yoxsa bir ay, ay yarım sonra bölgədəki işini tamamilə yekunlaşdırıb Bakıya dönəcəyini, yenidən üz tutacağı doğma AZƏRTAC-dakı iş yoldaşlarınımı?
Kim bilir...
Amma həmin gün Susuzluqda işlərini yekunlaşdırandan sonra axşam İstisuya getmək barədə bütün yoldaşları ilə birlikdə razılığa gəlmişdilər. Bəlkə də bu barədə düşünürdü?..
Əlbəttə, indi bunu heç kəs söyləyə bilməz.
Kəlbəcərin Susuzluq kəndinə gedərkən yerə basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfər olan hərbi maşının külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.
2020-ci ilin noyabrından işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini dolaşaraq peşə fəasliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbirinin ömür yolu həmin gün qırıldı. Bu gözlənilməz və faciəli itki ürəkləri göynətdi, dodaqlarda təbəssümü dondurdu, onu tanıyan və tanımayan hər kəsi sızım-sızım sızıldatdı.
Məhərrəmin faciəli ölümündən sonra azad edilmiş bölgələrin mina xəritəsinin əldə edilməsi mövzusu daha da aktuallaşdı. Erməni quldur birləşmələrindən minalanmış ərazilərin xəritəsi tələb edildi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüldü.
17 il işlədiyi AZƏRTAC-ın kollektivi Məhərrəm İbrahimova əbədiyyət heykəli ucaltdı. Onun adına iş yerində xüsusi guşə təşkil edildi, hər səhər əməkdaşlar həmin guşənin önündən keçəndən sonra işə başladılar, axşam onun qarşısından keçib getdilər.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində şəhid-jurnalistin yaşadığı küçəyə onun adı verildi, yaşadığı evə xatirə lövhəsi vuruldu.
Qırx yaşa çatmasına bir il qalırdı...
Bir il də yox, hardasa on ay, ondan bir az artıq...
Çata bilmədi...
Hamının yaddaşında, xatirəsində 39 yaşında qaldı...
Onu tanıyanların qəlbində ən xoş zarafatları, özünəməxsus yumoru, səmimiyyəti ilə yaşayan Məhərrəm...
Heç kəsin unutmadığı əziz dost, sevimli iş yoldaşı, mehriban həmkar...
İbrahimovlar ailəsinin sonbeşiyi...
Qardaşları Əkbər, Əsgər və Ələsgərin arxası-dayağı, bacıları Sevda, İradə, Fəridə və Azadənin əzizi, həyat yoldaşı Baharın, oğlanları Uğur və Toğrulun ümid yeri...
Onu tanıyan, onunla işləyən hər kəs danışmağa başlayanda bir fikri təkrarlayır: "Məhərrəm ayrı oğul idi..."
Doğrudan da elə idi. "Ayrı oğul" tez ayrıldı, vaxtsız getdi...
İndi özü də əbədiyyətə qovuşan gözəl bir şairin misrasıdır:
"Bir də gördün yox oldu adam
Bir də gördün fotodu adam".
Doğrudanmı adam belə tez yox olur, doğrudanmı adam belə tez fotoya çevrilir?
Məhərrəm də fotoya, daşa, mərmər lövhəyə çevrildi.
Onun adı məzar daşına, xatirə lövhəsinə, küçə adına çevrilsə də, həmişə canlı və unudulmaz xatirələri ilə ürəklərdə yaşayır. Həmişə də yaşayacaq!
Həyatda elə insanlar olur ki, onlar bu dünyadan köçəndən sonra bir günlük, bir həftəlik xatirələri qalır. Elə insanlar olur ki, onlardan sonra bir aylıq, bir illik xatirələr qalır. Elə insanlar olur ki, onlardan sonra heç bir xatirə qalmır. Elə insanlar da olur ki, onlardan sonra əbədiyaşar xatirələr qalır.
Məhərrəmlə bağlı xatirələr tükənən deyil. Aylar, illər ötsə də...
Onu bizdən ayrılmağa qoymayan, daşın-divarın, lövhənin üzərinə çökməsinə imkan verməyən də elə bu canlı və həmişə təravətli xatirələrdir...
Süleyman QARADAĞLI