525.Az

Bizim Aydın Tağıyev - Nəcməddin Mürvətovun yubiley yazısı


 

QƏLƏM VƏ KÖNÜL DOSTUMUN 70 YAŞINA

Bizim Aydın Tağıyev - <b style="color:red"> Nəcməddin Mürvətovun yubiley yazısı</b>

"Nağıl-adam" da adlandırırlar onu. Yaxın dostlarından biri, yazıçı-publisist Novruz Nəcəfoğlu qoyub ona bu adı. Çox, lap çox yaraşır bu ad ona. Təəssüf edirəm ki, uzun illər onu elə beləcə, "nağıl adam"  hesab etməyimə baxmayaraq, ona bu təxəllüsü mən verməmişəm. O vaxtlar yaxından tanıdıqlarımın arasında xeyli "şeir yazan", şair olsa da, nasir təkcə o idi. Xeyli maraqlı hekayələrini oxumuşdum. Doğrudan da, onun qələmindən çıxan nə varsa, şirin bir nağıla bənzəyirdi. O, sözün ən böyük və doğma mənasında bizim Aydın Tağıyevimiz oldu. Fəxr edirdi bütün bölgə onunla. Axı bir nəfərdi. Fərqlənən, adilikdən çıxan bir nəfər...

Onunla bir məclisdə olmaq, mükalimə qurmaq adama ləzzət verirdi. Mükalimə dedikdə, əslində bizim bir-iki kəlməmizdən sonra iş onluq olurdu. Öz "nağıllarını" danışırdı. Bizsə dinləyirdik. Ədəbiyyatımız, onun görkəmli nümayəndələri haqqında mükəmməl fikirləri çoxlarının olduğu kimi, mənim də diqqətimi çəkirdi. Şirin, çox şirin idi söhbətləri. Bax, elə buna görə də yaxınlığımız yavaş-yavaş dostluğa, doğmalığa çevrildi. Elə bir yaş fərqimiz olmasa da, çox-çox məsələlərdə onun məsləhətlərini dinləməyə ehtiyac duyuram. Həvəslə dinləyirəm onu. Daha doğrusu, dinləməyi xoşlayıram. Mütləq nəsə yeni bir fikir eşidəcəyəm, - düşünürəm. O qədər uyuram ki ona, söhbətlərimiz zamanı, xeyli müddət heç bir müdaxiləm olmur. Belədə hərdən: "Deyəsən, sən axı heç məni dinləmirsən? - soruşur. Mənsə tez-tələsik onun danışığının xülasəsini söyləyirəm və söhbətinə davam edir.

Sözə qarşı böyük tələbkarlığı ilə seçilən bu əsl ədəbiyyat adamı istedadlı şəxslərə böyük ürək genişliyi ilə öz köməyini, yardımını göstərib həmişə. Elə mənim də ilk mətbu yazım olan "Şuşa" şeirimi də o vaxt rayonumuzda redaktoru olduğu "Çıraq" qəzetində o çap etdirmişdi.

Unutmur münasibətlərimizlə bağlı heç nəyi. Hansı sözü nə vaxt, hansı şəraitdə dediyimi və ya dediyini elə dəqiqliklə söyləyir ki, adam lap mat qalır.

Yazılarına gəldikdə isə, onlar həmişə məzmun dolğunluğu ilə diqqətimi çəkib. Düşünürəm, hardan tapır o bu fikirləri, necə ustalıqla qurur süjet xəttini, bu qədər fərqli ideyalar necə gəlir onun ağlına?! Əslində cavabım da var özümün bu sualıma: sonsuz mütaliə. Klassik və çağdaş dünya, milli ədəbiyyatımıza dərindən bələdliyi, məlumatlılığı fərqləndirir onu başqalarından. Bunun üzərinə onun diqqətliliyini, hər kəsə, hər bir hadisəyə böyük diqqətliliyini, böyük səmimiyyətindən yaranan məsuliyyətini əlavə etsək, əsl Aydın Tağıyev obrazını alarıq.

Əslində mən bu yazımla həm də bizimlə münasibətdə olan çoxlarının fikirlərini ifadə etdim. Onun barəsində kimləsə söhbət etsəm, elə bu dediklərimi və həm də artıqlaması ilə eşidəcəyimə əminəm.

Qələm dostumuzun - Aydın Tağıyevimizin yetmiş yaşı tamam olur. Məncə, o, keçdiyi ömür yolundan çox razıdır. Axı onu sevənlər çox, lap çox-çoxdur. Bacarıb, o, "bizim Aydın Tağıyevimiz" olmağı bacarıb.  Elə beləcə də qal, Aydın müəllim!  Yüz il yaşa, yarat, qardaşım!

 

 

 

 





07.07.2022    çap et  çap et