525.Az

Şəhid polkovnik-leytenant


 

Şəhid polkovnik-leytenant<b style="color:red"></b>

Şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində canını fəda edən minlərlə igidlərimizdən biri də Nail Rəfail oğlu Orucov olub. O, 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində dünyaya gəlib, pak niyyətli ailədə boya-başa çatıb. Sağlam əqidəli, xalqa, dövlətli  sədaqətli  oğul kimi bütün həyatını Vətənə bağlayan Nail yağı düşmənin torpaqlarımızda törətdiyi  vəhşiliklərlə heç cür barışa bilmirdi.

Nail Orucov əvvəlcə Hərbi liseydə oxuyur. Burada hərbin sirlərinə bacarıqla yiyələnir və dərin zəkası, həyata baxışı onu çoxlarının sevimlisinə çevirir. Liseyi başa vura Nail  1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olur. Kökdən gələn  mənəvi zənginlik, nəcib əməllər uğrunda çalışmaq istəyi, Vətən yanğısı, onun xilasına yönələn mütərəqqi idealları, məqamında insanların köməyinə yetmək məharəti yeni təhsil ocağında da ona arzularına çatmaqda stimul verir. Vətəninə etibarlı müdafiəçi olmaq istəyi ilə o, məktəbi yüksək səviyyədə "Motoatıcı" ixtisası üzrə bitirib, leytenant rütbəsi  qazanır.

Həyatının dəyərini Vətəninə, xalqına ləyaqətli  xidmətdə görən Nail Orucov 1999-cu ildə leytenant rütbəsində ixtisası üzrə Milli Ordu sıralarda xidmətə başlayır. Birinci   taqım komandiri vəzifəsi ona həvalə edilir. Nümunəvi xidməti, insana qayğısı ilə əsgərlərin, zabitlərin dərin məhəbbətini qazanır. Sonra bölük komandiri,   tabor komandirinin maddi texniki təminat üzrə müavini, qərargah rəisi,  maddi texniki təminat bölməsinin rəisi və maddi-texniki təminat üzrə rəis vəzifəslərində çalışır. Pillə-pillə ucaldıqca, layiq olduğu rütbələri alır.  Polkovnik-leytenant kimi ehtiyata buraxılır...

Nəhayət,  polkovnik-leytenantın istədiyi gün gəlir. 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunur. Oktyabrın 6-dan etibarən Birinci  tabor komandiri vəzifəsində Qarabağ naminə odun-alovun içinə atılır.  Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində bir-birindən çətin əks-hücum əməliyyatlarında mərdliklə vuruşur, düşməni  ciddi itkilər verməklə geri çəkilməyə məcbur edir, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədin tam nəzarətə alır. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunur və düşmənin artilleriya atəşi nəticəsində polkovnik-leytenant Nail Orucov şəhadətə yüksəlir. 42 yaşında Vətən sevgisi ilə  vətənləşən Astaranın igid oğlu  şanlı zəfərimizin qalib şəhidi kimi milyonların qəlbinə köçür.

Zəfər ORUCOĞLU

 

 

 

 

 





07.07.2022    çap et  çap et