525.Az

Sanksiya növbəsi Gürcüstana çatdı - Xəqani Cəfərli yazır


 

Sanksiya növbəsi Gürcüstana çatdı - <b style="color:red"> Xəqani Cəfərli yazır</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün şiddəti ilə davam etsə də, son günlər Gürcüstanda baş verənlər daha çox diqqət çəkməyə başlayıb. İsveçrənin aparıcı bankı "Credit Suisse" milyarder Bidzina İvanişviliyə məhdudiyyət qoyub. Bu məhdudiyyət nəticəsində Bidzina İvanişvili "Credit Suisse" bankındakı 2,7 milyard funt-sterlinqdən istifadə edə bilmir.

Bidzina İvanişvilinin vəkili Viktor Kipiani isə bildirib ki, "Credit Suisse" bankı Bidzina İvanişviliyə məxsus 2,7 milyard funt-sterlinqin Rusiya mənşəli ola biləcəyini əsas gətirərək dondurub. Tbilisdə isə fikirlər yayılıb ki, bütün bunlar Avropa Parlamenti Bidzina İvanişvilini Kremllə əlaqələrdə ittiham etdikdən və sanksiya tətbiqilə bağlı qətnamənin qəbulundan sonra baş verib. Bidzina İvanişvilinin vəkili Viktor Kipiani bildirib ki, onun müvəkkili martın 4-dən, Avropa Parlamenti "Gürcü Arzusu"nun yaradıcısının adı ilə bağlı qətnamə qəbul etməmişdən xeyli əvvəl "de-fakto" sanksiyalar altındadır.

Lakin belə görünür ki, bu, son deyil. Gürcüstan müxalifəti Qərb ölkələrinə milyarder Bidzina İvanişvilinin yaxın ətrafına daxil olan və iqtidarda yüksək vəzifə tutan şəxslərə qarşı da sanksiya tətbiq olunması ilə bağlı çağırışlar edir. "Droa" ("Vaxtdır") partiyasının lideri Elen Xoştariya bəyan edib ki, Gürcüstanda deoliqarxizasiya prosesinin həyata keçirilməsində beynəlxalq sanksiyalar əsas təsir vasitələrindən olmalıdır. Elen Xoştariya hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı sanksiyaların tətbiqini tələb edir.

"Droa"nın lideri bildirib ki, ilk sırada Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qriqol Liluaşvili və DTX-nin operativ texniki xidmətinin rəisi Koba Kobidzeyə sanksiya tətbiq edilməlidir. Elen Xoştariya deyib ki, Qriqol Liluaşvili Bidzina İvanişvilinin biznes işlərində çox mühüm şəxsdir. "Droa" liderinə görə, Koba Kobidze oliqarx sistemi qorumaq funksiyasını yerinə yetirməklə yanaşı, siyasi rəqiblərin təqib və şantaj işlərinə də rəhbərlik edir.

Elen Xoştariya DTX-nın yüksək vəzifəli iki rəsmisi ilə yanaşı, daxili işlər naziri Vaxtanq Qomelauriyə qarşı da sanksiya tətbiq edilməsinin vacibliyini bildirib. Bunun əsas səbəbi kimi isə Vaxtanq Qomelaurinin bu vəzifəyə Bidzina İvanişvili tərəfindən təyin edilməsini və daxili işlər nazirinin milyarderin yaxın ətrafına daxil olan şəxslərdən biri olmasını göstərib.

"Droa"nın lideri Baş prokuror İrakli Şotadzeyə də qarşı sanksiya tətbiqində israr edir. Müxalifət uzun müddətdir ki, Baş prokuroru milyarder Bidzina İvanişvilinin "kölə"si adlandırır.

Bundan başqa, müxalifət İvanişvilinin dayısı oğlu, iş adamı Uça Mamatsaşviliyə qarşı da sanksiya tətbiqini tələb edir. İş adamı Rusiyaya sanksiyalardan yayınmaqda köməklik etməkdə ittiham olunur. Mamatsaşvili isə sanksiyaya məruz qalan Rusiya neftinin Batumi limanı vasitəsilə daşınmasında hər hansı iştirakının olduğunu inkar edir. Lakin müxalifyönlü "Mtavari" telekanalı Bidzina İvanişvilinin dayısı oğlunu məhz Rusiya ilə işbirliyində suçlayır. Gürcü mediası uzun müddət Mamatsaşvilini İvanişvilinin hökumətindəki nüfuzundan və əlaqələrindən şəxsi məqsədləri üçün qeyri-məhdud şəkildə istifadə etməkdə günahlandırıb. İndi isə Mamatsaşvili daha ağır qanun pozuntusunda - Rusiyanın neft məhsulları ilə yüklənmiş tankerin Batumiyə daxil olmasını təmin etməkdə suçlandırılır. Bu ittihamın nə ilə sonuclana biləcəyindən əndişələnən iş adamı Mamatsaşvili yaxın qohumu Bidzina İvanişvili kimi sanksiyaya məruz qalacağından qorxur və ittihamlardan yayınmaq üçün media ilə əməkdaşlığa hazır olduğunu bildirir.

Mamatsaşvilinin sanksiyaya məruz qalmaq qorxusu isə əsassız deyil. Bidzina İvanişviliyə sanksiya tətbiqinə nail olan Ukrayna rəsmiləri indi də Gürcüstanın digər şəxslərinə qadağaların tətbiqini müzakirə edirlər.

Ukraynanın hakim partiyasının parlament fraksiyasının lideri David Araxamia bildirib ki, Gürcüstanın beynəlxalq tərəfdaşları Bidzina İvanişvilinin ən yaxın adamlarına qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirirlər.

Ukrayna Prezident Aparatında Rusiyaya qarşı qadağaları müəyyən edən Sanksiya Qrupunun koordinatoru, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mayk Makfol da bildirib ki, Bidzina İvanişvili və onun yaxın çevrəsinə qarşı qadağalar Qərbin gündəmindədir. Mayk Makfol deyib ki, Gürcüstanın Avropa İttifaqına daxil olmasının şərtlərindən biri deoliqarxizasiya olduğu üçün Bidzina İvanişvili və onun yaxın çevrəsinə qarşı sanksiyalar tətbiq edilməlidir.

İsveçrənin "Credit Suisse" bankının Bidzina İvanişviliyə məxsus 2,7 milyard funt-sterlinqin üzərinə sanksiya qoymasında Ukraynanın hakim partiyasının parlament fraksiyasının lideri David Araxamianın müstəsna rolu olub. Məhz David Araxamia milyarderə qarşı sanksiya qoyulmasını tələb edib. İndi isə vəziyyət daha ciddidir. David Araxamia ilə yanaşı, Mayk Makfol da Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqini təklif edir.

Gürcüstan rəsmiləri və hakim "Gürcü arzusu" partiyasının rəhbərləri isə Qərbin sanksiyalarından yayınmağa çalışırlar. Bunu ilk növbədə sanksiyanın zərərinin Gürcüstan vətəndaşlarına dəyəcəyi bəhanəsi ilə etməyə çalışırlar. "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ölkədə bir çox xeyriyyəçilik layihələrinin dayandırılmasına səbəb olacaq. "Bidzina İvanişvili 5 milyad dollarlıq sərvətindən ailəsinə cəmi 200 milyon dollar saxlamaq, yerdə qalanını xeyriyyə məqsədləri üçün istifadə etmək istəyir. Əgər onun "Credit Suisse"də və digər banklardakı sərvətinə sanksiya qoyulsa, xeyriyyə işlərini həyata keçirmək mümkün olmayacaq".

Ekspertlər hesab edirlər ki, Gürcüstan rəsmilərinin bütün çabalarına baxmayaraq, Bidzina İvanişviliyə və onun yaxın ətrafına sanksiyaların tətbiqi qaçılmaz olacaq. Çünki Gürcüstanda hakim partiyanın siyasətinə və onun qurucusu Bidzina İvanişviliyə qarşı etirazlar gündən-günə güclənir. Qərb isə bu dəfə Gürcüstanda demokratik dəyişikliyə nail olmaq üçün Bidzina İvanişvilinin zərərsizləşdirilməsinin vacibliyini anlayır. Aydın görünür ki, sanksiya növbəsi Gürcüstana çatıb və gürcü rəsmiləri bundan yayına bilməyəcəklər.

 





09.07.2022    çap et  çap et