525.Az

Bir ömürlük faciə - Gülşən Nail yazır


 

Bir ömürlük faciə - <b style="color:red"> Gülşən Nail yazır</b>

17 yaşına yenicə qədəm qoyan məktəbli həyatda yerini tapmağa çalışaraq düşüncələr içərisində boğulurdu. Varlığını çulğamış qaranlıq onu dibsiz bir çuxura yuvarlamaqda idi. Sanki hər tərəfdən bir əl ona doğru uzanaraq boğazından, qolundan, saçlarından yapışaraq çəkişdirir, vücudunu parça-parça edirdi. Get-gəldə qalmış bu gənc yolunu seçməkdə Cırtdan kimi aciz idi. Lakin onun məsələsi daha ciddi olmaqla balaca odunçunu geridə qoyurdu. Qarşıda iki yox, yüzlərlə yol uzanırdı. Seçimi onun gələcək müqəddəratını həll edəcəkdi. Amma hansına üstünlük verməli? Hər ağızdan bir səs çıxır, beyni tutmadığından qulaqlarından axıb tökülən fikirlərə yeniləri əlavə olunurdu. Otağının hər bucağı bir qohumun, tanışın dilindən çıxan həyat barəsində düşüncəsizcəsinə söylənmiş cəfəngiyyatla dolu idi. O, şəhadət barmaqlarını qulaqlarına möhkəm sıxaraq üstünə şığıyan bu axmaqlıqlardan yaxa qurtarmağa çalışsa da, hər müvəffəqiyyətsizlik xatirəsi ildırım kimi beynini alovlandırırdı. Məktəblinin tək istəyi mənalı bir ömür yaşamaq, ən əsası, peşəsini sevərək seçiminən peşmanlıq duymamaq idi. Həyatını ali bir məqsədə xidmət etməklə keçirmək, bu qədər xoş bir istək insana əziyyət verməməlidir axı...

Lakin hər dəfə zindanına çevrilən yemək masasının ətrafında əyləşərkən ürəyi titrəmiş, barmaqlarını ayaqlarının altına bükmüş, gözlənilən qasırğadan yaxa qurtarmaq üçün uşaq kimi gözlərini xalçanın saçaqlarına dikmişdi. Həmin dəqiqələrdə təmizlikdən sonra ortaya çıxan toz kimi kilimin altına süpürülməyi elə çox istərdi ki... Ya da nağıllardakı kimi sehirli süpürgə açıq pəncərədən gecənin sonsuzluğuna doğru havalanarkən üstünə atılmağı... Təəssüf ki, bu mümkün deyildi. Zor-bəla ilə özündə güc tapıb az qala səs tellərini də titrətmədən könlündən keçəni fısıldayanda bütün çəngəllər yerə qoyulur, daşdan qorxan qurbağalar bir saniyəlik gölün qaranlığına çəkilirdilər. Özlərini ələ alan kimi isə çəngəllərini götürüb gəncin xəyallarına sancmaq üçün fürsət gözləyirdilər. Beləcə, bir yol çəkilməmiş çökür, bir arzu doğulmamış məzar altına girirdi. Getdikcə qəlbindəki qəbiristanlıq sayı durmadan artan qəbirlərə darlıq etməyə başlayırdı. Artıq hər kəsdən əvvəl o özü istəklərini tozlu kəndirdən asıb məhv edirdi. Yeni fikir, maraq, istək ona illərlə uzaqda qalmış mənasız yuxu kimi gəlirdi. Parlaq gözləri gəncliyinin xoş çağlarına şahidlik etməmiş ruhu sonsuz kainatda itkin düşmüşdü. Həyatda yerini tapmaq nə çətin iş imiş....

Gənc onu dibinə çəkən bataqlıqdan yaxa qurtara bilmirdi. Çünki düşdüyü çirkab özünə yox, başqalarına aid idi. "Bacarmazsan", "lazımsızdır", "mənasızdır", "sənə uyğun deyil"lərdən ibarət bir yığın iyrənclik. Heç kəs əslində həllin çox sadə olduğunu, seçdiyin iş nə olursa olsun, sevgi ilə gördüyün təqdirdə həyatını yaşamağa dəyər etdiyini demirdi. Əgər çayçısansa, havada qəribə şəkildə yüksələrək rəqs edən buxarın, tünd qırmızı rəngin, barmaqlarının ucunu yandıran qaynar stəkanlardan yayılan rayihənin, çəkməçisənsə, çəkici hər vurduqda dabanın içində irəli sürüşərək onu əsasına daha möhkəm bağlayan mismarın, iki tərəfi birləşdirərək dərini deşib çıxan bizin, ayaqqabı boyasının kəskin qoxusunun, bənnasansa, bir-birinin üstünə tam oturan kərpiclərin, boz divarların üzərində dığırlanan boya fırçasının, uzun əziyyətdən sonra yanında bapbalaca göründüyün uca tikililərə baxmağın sonsuz sevinc bəxş etdiyini bilmirdi o gənc. Ətrafdakılar sayəsində onun məna axtarışı rəqəmlərin üstə doğru dəyişməsi və dəri kreslonun varlığı ilə sərhədlənmişdi. Gözləri daima ofis otağı axtarır, qohum-qonşunun həsədlə baxacağı avtomobilə sahib olmağı mümkün edə biləcək variantlar üzərində baş sındırırdı. Beləliklə, səma kimi yaxın görünüb, əslində, çox uzaq olanlar sayəsində bir insan həyat sevgisini  illərlə arxasından qalxmayacağı masaya dəyişir və  şən başlayan film yanaqları qurumağa qoymayacaq ömürlük faciəyə çevrilirdi...

 





10.07.2022    çap et  çap et