525.Az

Boris Consonu kim əvəz edəcək?


 

Boris Consonu kim əvəz edəcək?<b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası dünyanın diqqətini Londona yönəltdi. Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici mərhələsində Kiyevin əsas dəstəkçilərindən olan Londonda Baş nazir dəyişikliyinin mənfi nəticələrinin ola biləcəyi ilə bağlı narahatlıq dərhal özünü göstərdi. Lakin bu narahatlıq üçün ciddi əsas yoxdur. Birincisi, Böyük Britaniyada Baş nazirin dəyişməsi iqtidar dəyişikliyi anlamına gəlmir.

İqtidardakı Mühafizəkarlar Partiyası (The Conservative and Unionist Party) mövqelərini qoruyub saxlamaqdadır. Yeni Baş nazirin kimliyini də məhz partiyadaxili seçkinin nəticəsi müəyyənləşdirəcək. Boris Conson istefa versə də, oktyabr ayına kimi hökumətə başçılıq edəcək. Bu isə Ukrayna üçün həlledici əhəmiyyət daşıyan iyul, avqust və sentyabr aylarında Kiyevə Londonun dəstəyini azaltmayacaq.

Oktyabr ayında Böyük Britaniyaya yeni Baş nazir başçılıq edəcək. Boris Consonun "varis"ləri sırasında ilk növbədə müdafiə naziri Ben Uollesun adı çəkilir. Consonun istefasından sonra Ben Uollesun Mühafizəkarlar Partiyasının yeni lideri və Böyük Britaniyanın yeni Baş naziri olacağı ehtimalı ən yüksəkdir. Bu isə o deməkdir ki, Londonun Ukraynaya yönəlik dəstəyi azalmayacaq, əksinə artacaq. Çünki Ben Uolles Rusiyanın təcavüzkar siyasətinə münasibətdə Boris Consondan daha sərt mövqeyi ilə tanınır.

Boris Consonun xələfi kimi şansları yüksək hesab edilən şəxslərdən biri də Böyük Britaniyanın tarixində ilk müdafiə naziri olmuş, hazırda ticarət siyasəti üzrə kiçik nazir vəzifəsini tutan Meri Mordont hesab olunur. Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan Meri Mordontun Baş nazir olacağı halda da Londonun Kiyevə dəstəyi artacaq.

Böyük Britaniya hökumətinə başçılıq etməyə şansı olanlar arasında xarici işlər naziri Liz Trassın da adı çəkilir. Bir çox şərhçilər Liz Trassı Böyük Britaniyanın keçmiş Baş naziri, "dəmir qadın" ləqəbli Marqaret Tetçerlə müqayisə edirlər.

Consonun xələfi olacaq siyasətçilərin arasında adı çəkilənlərdən biri də keçmiş maliyyə naziri Rişi Sunakdır. Rusiya mediası Rişi Sunakı əsas namizəd adlandırsa da, əslində, hind əsilli siyasətçinin şansı çox da yüksək deyil. Ancaq hətta Rişi Sunak Baş nazir seçilsə belə, Böyük Britaniyanın Rusiyaya qarşı siyasətində yumşalma baş verməyəcək.

Boris Consonun bundan sonra gələcək karyerası ilə bağlı Rusiyanı şoka sala biləcək xəbər var. İddiaya görə, Vaşinqton Boris Consunu NATO Baş katibi vəzifəsində görmək istəyir. Belə məlumatlar var ki, oktyabrda NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsindən getdikdən sonra ABŞ bu vəzifəyə Boris Consunun namizədliyini irəli sürəcək. Boris Consonun NATO-nun rəhbərliyinə gətirilməsi isə Şimali Atlantika Alyansının daha fəal siyasət aparacağı anlamına gəlir.

Belə görünür ki, Moskvanın Boris Consonun istefası ilə bağlı şadyanalıq etməsi əbəsdir. Bu, təxminən Donald Trampın ABŞ-ın prezidenti seçildiyi zaman Rusiya Dövlət Dumasında təşkil olunan şadyanalıq məclislərini xatırladır. O zaman da Moskvada elə bilirdilər ki, Qərb Rusiyanın siyasətinə göz yumacaq. Moskva eyni reaksiyanı təkrar göstərir. Belə çıxır ki, Rusiya artıq hər bir hadisədə nicat axtarmağa başlayıb.

 





12.07.2022    çap et  çap et