Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.
Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor
Aşıq Pəri
Bədii irsinin cüzi bir hissəsi gəlib bizə çatmış Aşıq Pəri XIX əsrin birinci yarısında yaşayıb-yaradıb, müasirləri arasında böyük şöhrət qazanıb. Onun şeirləri hələ sağlığında dillər əzbəri olmuş və həmin şeirlər ölümündən bir qədər sonra tərtib edilən təzkirə və məcmuələrə salınmışdı. Aşıq Pərinin şeirləri ilk dəfə 1856-cı ildə Mirzə Yusif Qarabağinin nəşr etdirdiyi "Məcmueyi-əşari-Vaqif və müasirini-digər" əsərində, daha sonra Adolf Berjenin 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi "Məcmueyi-əşari-şüərayi-Azərbaycan" kitabında verilib. Adolf Berjenin qeyd etdiyimiz əsərində Pəri haqqında verdiyi məlumata əsaslanaraq onun təxminən 1810-1811-ci illərdə Qarabağın Maralyan kəndində anadan olduğunu söyləyə bilərik. Şairənin 1839-1840-cı illərdə vəfat etdiyi təxmin olunur. Aşıq Pəri xalq şeiri üslubunda yazıb-yaradıb. Şair haqqında dövrün müxtəlif mənbələri, o cümlədən, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" (1978), Əlabbas Muznibin "Aşıq Pəri və müasirləri" (1928), Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" (1991) kitabında məlumat verilib. Buradakı şeir nümunələri həmin əsərlərdən götürülüb.
Qoşmalar
Murşidi-kamildən dərsimi aldım
Can götürüb bu meydana gəlmişəm.
Murği-səməndərin aşinasıyam,
Od tutuban yana-yana gəlmişəm.
Müxtəsər, nə deyim naşısan, naşı!
Tutubdur yaxanı eşqin ataşı,
Bu təriflər zənənə nə yaraşı,
Həq bilir ki, mən mərdanə gəlmişəm.
Punhanıda bir azarım var mənim,
Gözlər yolda, intizarım var mənim,
O kəlməndən xiridarım var mənim,
Sən sərrafsan, mən də kana gəlmişəm.
Zənbur olar şanda, belə məkanda,
Çox ariflər manda gənci-pünhanda,
Bülbül-abadanda, bayqu-viranda,
Əndəlibəm, gülüstana gəlmişəm.
Pərizadə əl götürməz canından,
Dərsin alıb sahibkamal yanından,
Külli-işin mərifətin kanından
Bəzm içində mən fəğana gəlmişəm.
lll
Şayistədir, ey murşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair olan ustadından dərs ala,
Ziddi cinsü rədifdə pərgar ola.
Sən ki, bizə namə yazdın ibtida,
Canı dost yolunda eylədim fəda.
Ovsafi-aləmdə yektadır, yekta
Mələk hicranında bərqərar ola.
Cəvabi-xəttindən olmuşam xoşhal,
Ərz eyləyim qulluğuna vəsfi-hal,
Şənilə şövkətin olsun bizaval,
Gərək xidmətində xidmətkar ola.
Mayiləm hüsnünün o xoş rənginə,
Yetə bilmən təcnisimin dənginə.
Sallam səni mən məhşərin çənginə,
Arif bu yerlərdən xəbərdar ola.
Pəri idim eşq içində aşikar,
Aralıqda yaxşı olur səbəbkar
Bu zəng meydanında eylərəm şikar,
Əgər Məhəmməd tək səd həzar ola.
lll
Katiblərin şahı dəftər içində
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli, fellisən, nazü qəmzəli,
Dəhanında şirin dillər oynaşır.
Eşqinin əlindən gedərəm dada,
Dərdim olur gündən günə ziyada,
Şiveyi-rəftarın düşəndə yada
Bağrımın başında millər oynaşır.
Dad elərəm, haray naşı əlindən,
Yandı cigər eşq ataşı əlindən,
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşır.
Adam var, dolanır məkrin içində,
Adam var, dolanır zikrin içində,
Sənin kamalında, fikrin içində
Əcayıb, qərayıb hallar oynaşır.
Pəriyəm, xəlqara olmuşam bacı,
Kimsənin kimsəyə yox ehtiyacı.
Bəlxü Buxaranın Hindin xəracı
Zənəxdanda siyah tellər oynaşır.
Gəraylılar
Zalım Şəcər dad əlindən,
Sən ha nahaq qan eylədin.
Zülmilə könlüm şəhrini
Gör neçə viran eylədin.
Saymadın sultanı, xanı,
Eyləyibsən nahaq qanı,
Badam kimi növcavanı,
Yer ilə yeksan eylədin.
Necə qıydın gülzarına,
Pünhan keçən iqrarına,
Saldın yollar kənarına,
Dörd yanı al qan eylədin.
Pərinin dərdi tüğyandı,
Sakin yer
i Maralyandı.
Gülüm qonçasında yandı,
Bülbüllər əfqan eylədi.
lll
Nə müddətdir bu qəflətdən
Oyanmırsan, qara baxtım
Çəkdirdiyin əziyyətdən,
Usanmırsan qara baxtım.
Atmısan ummanı-qəmə,
Gülünc etmisən aləmə,
Məni dərdə salıb, yenə
Dayanmırsan, qara baxtım.
Axıtdın sel tək qanımı,
Üzmüsən cavan canımı,
Almısan adü sanımı,
Utanmırsan, qara baxtım?
Yaşayıram zəhmət ilə,
Çətinliklə, zillət ilə.
Sən Pəriylə hörmət ilə,
Dolanmırsan, qara baxtım.
lll
Məni dilə salan qonşu,
Görüm uzun qara olsun.
Danışıbsan yalan qonşu,
Görüm üzün qara olsun.
Ömrün boyu gülməyəsən,
Şad-şirinlik bilməyəsən,
Ac olasan, ölməyəsən
Görüm üzün qara olsun.
Yalan deyilsin aduva,
Allah yetməsin daduva,
Lənət olsun ustaduva,
Görüm üzün qara olsun.
Evdə qalıb zay olasan,
Qarılara tay olasan,
Əzrayıla pay olasan,
Görüm üzün qara olsun.
Kimsə baxmasun sözünə,
Onda vurasan dizinə.
Görən tüpürsün üzünə,
Görüm üzün qara olsun.
Sən Pərini etdin dəli,
Pis qonşudan üzdüm əli.
Qənim olsun sənə Əli
Görüm üzün qara olsun.
lll
Uzaq yoldan gələn yarım,
Yoluna qurban olduğum,
Bircə danış tuti dillim:
Dilinə qurban olduğum.
Səni doğubdu mərd ana,
Can sənə qurban mərdana,
Gəl sarıl bəyaz gərdana
Qoluna qurban olduğum.
Pəriyəm, gəl xoş danışaq,
Könlünü alım, barışaq,
Dur bəri gəl qucaqlaşaq,
Belinə qurban olduğum.
lll
Nə durmusan, pirsiz aşıq
Qayıt, mən də sənə döndüm.
Al sualım, ver cavabım,
Mikirü nəkirə döndüm.
Sən mənim halım bilməzsən
Halı-zar edə bilməzsən.
Zərnigar edə bilməzsən,
Qalibi-Xeybərə döndüm.
Pərizadənəm, anaram,
Keçən günlərim sanaram.
Gecə sübhədək yanaram,
Çəkil ki, məşələ döndüm.