525.Az

Qurban Qurbanovun yuxusuna Aqil Abbasın münasibəti


 

Qurban Qurbanovun yuxusuna Aqil Abbasın münasibəti<b style="color:red"></b>

“Qurban Qurbanovun “köhlən atlar”ı “Lex”i tapdalayıb keçdi. 90 dəqiqə şahə qalxdılar”.

525.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında Millət vəkili, yazıçı-publisist Aqil Abbas deyib. O, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”inə Bakıdakı cavab matçında qalib gələrək (5:1, ilk matç - 0:1) növbəti mərhələyə adlaması barədə danışıb:

“Qarabağ” qoymadı ki, “Lex” gözünü açsın. Onlar bütün Azərbaycanı sevindirdilər. Qurban Qurbanov özü də dedi ki, mən oyunu Azərbaycana, Qarabağa həsr etmişəm. Onun zəhməti heç vaxt yerdə qalmayıb, qalmayacaq da. Uşaqlar özlərini öldürdülər. 90 dəqiqə yorulmadan Qarabağ atları kimi mübarizə apardılar”. 

A.Abbas Qurban Qurbanovun oyundan sonra təşkil olunan mətbuat konfransında onu gecə yuxusunda görməyi barədə verdiyi açıqlamaya da münasibət bildirib:

“İnanan inansın, inanmayan da özü bilər. Amma mən də həmin gecə eyni yuxunu görmüşdüm. Gördüm ki, Ağdamdan Şuşaya gedirik, Əsgərandan, Xankəndidən keçirik. Yuxudan oyandım, Allaha dua etdim, “Qarabağ”a da uğurlar arzuladım. Yadınızdadırsa, mən Ağdamda Mənsum İbrahimov oxuyarkən rəqs etmişdim. Tək oynayırdım, sonra “Qarabağ” komandası mənimlə birgə rəqs etdi. Bəlkə də onun bu yuxuya təsiri vardı. Dünyada belə şeylər olur. Təxminən Qurban Qurbanovla eyni yuxunu görmüşük. Oyananda ailəmə də danışdım ki, belə bir yuxu görmüşəm”.

A.Abbas “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”ini keçəcəyinə inandığını deyib:

“Qarabağ” “Sürix”i də tapdayıb keçəcək, ondan sonra gələnləri də və qrup mərhələsinə düşəcəklər. Amma bu, futboldur. Biz istəyirik ki, “Qarabağ” irəliyə getsin. Lakin futbolda udmaq da var, uduzmaq da. “Barselona”da məğlub olur, “Çelsi”də, digər məşhur komandalar da (gülür). Futbolda hər şey ola bilər. Mənə görə, komanda uduzursa, bütün azarkeşləri ona ürək-dirək verməlidir. Onu ruhdan düşməyə qoymamalıdır. Mən “Qarabağ” uduzanda da Qurban Qurbanova zəng vurub demişəm ki, ruhdan düşməyin. Bu, futboldur də. Yumru topdur də, belə də gedə bilər, elə də. Amma inanıram ki, “Qarabağ” bütün Avropanı tapdayacaq, keçəcək.

Mən bir dəfə qəzetdə yazmışdım ki, “Qarabağ” Azərbaycanı, Qarabağı Elmar Məmmədyarovdan (keçmiş Xarici İşlər naziri – red.) daha çox dünyaya tanıdıb. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşəndə hətta futbolun vətəni olan Braziliyanın mediası da Qurban Qurbanovdan, Ağdamdan, “Qarabağ”dan yazmışdı. Heç kəs inanmırdı ki, Azərbaycanda belə bir futbol oynayan komanda olacaq. Mən inanıram ki, “Neftçi”, “Qəbələ”, “Zirə” də “Qarabağ”ın oyunundan ilhamlanaraq Konfrans Liqasında daha yaxşı çıxış edəcəklər. Onlar da bu matçdan zövq aldılar, fərəhləndilər. Mən “Neftçi”, “Zirə” və “Qəbələ”yə də uğurlar arzulayıram. Qurban Qurbanov təkcə “Qarabağ”ı yox, bütün Azərbaycanı təmsil edir”. 

 





13.07.2022    çap et  çap et