525.Az

Əhsən Dadaşov günü - Əlisəfdər Hüseynovdan yeni yazı


 

Əhsən Dadaşov günü - <b style="color:red"> Əlisəfdər Hüseynovdan yeni yazı</b>

BİR NİSGİLİN TARİXİ

 

Son illər həm sənətkar, həm də şəxsiyyət kimi kəşf etdiyim insanlardan biri də tarzən Əhsən Dadaşovdur. Əslində onun təkrarsız sənətinə həmişə rəğbətim olub, ifalarını maraqla dinləmişəm. Amma musiqi mədəniyyətimizdə Əhsən Dadaşov fenomeni, təkrarsız sənətinin miqyası, sanbalı barədə fikirlərim son illər - onun əldə olan bütün ifalarını dinlədikdən, ayrı-ayrı insanlardan topladığım xatirələri saf-çürük etdikdən sonra formalaşmağa başladı və qərara aldım ki bu qüdrətli sənətkar, büllur kimi saf insan haqqında düşündüklərimi, eşitdiklərimi yazıya alım - çünki biz gəldi-gedərik, yazılanlar isə qalır.

Əhsən müəllimi mənə yenidən tanıdan insanlardan biri onun sənətinin qızğın pərəstişkarı Elşən Tahirovdur. Bu gənc, ustada həsr etdiyi səhifədə, yutub kanalında onun həyat və yaradıcılığı haqqında zəngin məlumat bazası - arxiv yaradıb və maarifçilik missiyasını böyük şövqlə davam etdirməkdədir.

Aşağıda öz təhkiyəmdə, yozumumda sizə təqdim etdiyim ürəktitrədən əhvalatı da mənə o danışıb.

...1963-cü ildə ustadın ilk övladı Ənvərin 9 yaşında leykoz (qan xərçəngi) xəstəliyindən dünyasını dəyişməsi  təbii ki, bir ata kimi Əhsən müəllimi sarsıdır. Bu faciə onun yaradıcılığına da təsirsiz ötüşmür, tar ifaçılığı qəmli bir nisgillə nəfəs alan yeni "Əhsən xalları", "Əhsən barmaqları" kimi bəzəklərlə süslənir.

Zaman hər yaranı sağaldır - deyiblər. Əhsən müəllim də sanki öz ağrısına, dərdinə qalib gələ bilir - qastrollara gedir, konsertlərdə, el şənliklərində çıxış edir, xarici ölkələrdə musiqimizə rəğbət, hörmət qazandırır. Və taleyin acı qismətinə bax ki, oğlunun vəfatından 13 il sonra özü də erkən - 51 yaşında dünyasını dəyişir.

Tarzən vəfat edəndən sonra heç kim, hətta atasının təkcə sevimli qızı yox, həm də dostu, sirdaşı olan Xanım da bir müddət onun içində  tarı olan futlyarına yaxın düşməyə ürək eləmir. Futlyarın içindəki tar - əslində Əhsən müəllimin bir parçası idi, sakitcə əbədi yuxuya getmişdi və  onu bu yuxudan oyatmaq ustadın həmin tarın pərdələrində, simlərində uyuyan ruhunu narahat etmək kimi bir şey idi. Amma Xanım sonda dözə bilmir, tar heç olmasa havasını dəyişsin deyə futlyarı açır, atasının tellərini sığallayırmış kimi simləri əzizləyir, adətən, içində ehtiyat sim və mizrab qoyulan balaca qutunun qapağını qaldıranda isə gördüklərindən elə heyrətlənir ki, donub yerində qalır... - Qutunun içində 9 yaşında dünyasını dəyişmiş Ənvərin bir vaxtlar boynuna doladığı şərfin səliqə ilə kəsilmiş bir parçası onun ruhunun nişanəsi kimi atasının ruhu ilə bir yerdə uyuyurdu.

Sən demə, ustad bu şərf parçasını 13 il imiş hamıdan gizlin qutunun içində gəzdirir, bununla təsəlli tapır, böhranlı anlarda oğlunun ətrini ondan alırmış...

Mən bu əhvalatı eşidəndən sonra "Segah", "Zabul-segah", "Şur" muğamlarımızın ifasına Əhsən müəllimim "şah" barmaqlarla gətirdiyi möcüzəli pıçıltıların ruhumu niyə bu dərəcədə riqqətə gətirməsinin səbəbini anladım.

Amma təəssüf ki, bunu sözlə təsvir etməyə acizəm.

   

SEVGİDƏN "UZANAN" BARMAQLAR...

 

Növbəti dəfə ustad tarzən Rövşən Zamanovu ziyarət etmişdim. Çay süfrəsi arxasında 4 saata yaxın maraqlı söhbət etdik. Arada Rövşən müəllim gözəl ifaları ilə bu söhbəti "bəzəməyi" də unutmurdu... 

Söhbət hərlənib-fırlanıb "Segah" muğamının üstünə gələndə fürsətdən istifadə edib ustad tarzən Əhsən Dadaşovun bu muğamı ifa edərkən vurduğu bir xalın, etdiyi bir barmağın sirrini açmasını, həmin xalın texnikasını mənə öyrətməsini Rövşən müəllimdən xahiş etdim. Rövşən müəllim dedi ki, bunu sözlə izah etmək mümkün deyil və sonra başladı həmin barmağın texniki incəliyini əyani nümayiş etdirməyə. İncəlik isə bunda idi ki, Əhsən müəllimin ifasındakı effekti almaq üçün 2-ci barmaq "fa" pərdəsində ola-ola 3-cü barmağı "sol" pərdəsinə toxundurub üzüyuxarı sürüşdürmək lazım idi. Bunu qaydasında, Əhsən müəllimin etdiyi tərzdə yerinə yetirmək isə sizə asan gəlməsin...

Rövşən müəllimin etdiklərini o qədər təkrarladım ki, nəhayət, barmaqlarım da, biləyim də yoruldu. Kiçik fasilə elan etdik və mən həmin "Əhsən xalı" ilə bağlı 2-ci sualı verdim:

- Rövşən müəllim, Əhsən Dadaşov qısaboylu, tökmərək bir adam olub. Televizorda görmüşdüm - gödək, toppuş barmaqları vardı. Necə olub ki, o, həmin gödək, toppuş barmağını "fa"dan kifayət qədər uzaqlıqda olan "sol"a çatdırıb bu gözəl xalı vura bilib?

Rövşən müəllim cavab üçün fikirləşmədi, sağ əlini ürəyinin üstünə qoyub dedi:

- Ürəkdən istəyəndə, ürək məcbur edəndə barmağı nəinki "sol"a, lap ondan sonrakı "lya"ya da çatdırmaq olar, əzizim! Əhsən müəllimin gödək barmağı da yəqin məhz bu istəyin, sevginin təsirindən "uzanıb".

Gözəl deyilib, elə deyilmi?

   

ƏHSƏNİN "ƏHSƏN" JESTİ

(Tarzən Rövşən Zamanovun "Xatirə dəftəri"ndən )

 

A.Zeynallı adına Musiqi Texnikumunun 2-ci kursunda oxuyurdum. Bir gün texnikumdan  Ə.Dadaşovun ansamblının məşq elədiyi mədəniyyət evinə, necə deyərlər, elçi qismində göndəriləndə sevincimin həddi-hüdudu olmadı - axır ki, sənəti, şəxsiyyəti haqqında az qala miflər dolaşan bu ustad tarzəni iş başında, əlində tar ansamblı idarə etdiyi yerdə görəcəkdim. 

Deyilən ünvana çatıb zalı tapdım. Qapını açıb içəri boylananda gördüm ki, bir dəstə adam səhnənin uzaq küncündə bir yerə toplaşıb  söhbət edir. Səhnənin qapıya tərəf olan hissəsində isə 2 nəfər kişi ayaq üstə dayanıb nəyisə müzakirə edirdi. Həyəcandanmı, hardansa gəlib içimə dolmuş sevinc qarışıq məsuliyyət hissinin təsirindən, ya başqa səbəbdənmi - bilmirəm - özümü itirən kimi oldum, boğuq səslə:

-  Əhsənin ansamblı burda məşq edir? - deyə soruşdum.

O tərəfdəki adamlar yəqin ki, məni eşitmədilər. Söhbət edən kişilərdən biri isə azacıq çevrilib ani alaraq məni süzdü, amma cavab verməyib yenidən həmsöhbətinə tərəf döndü.

Mən artıq başa düşmüşdüm ki, işləri korlamışam. O boyda sənətkarı adı ilə çağırmaq nə mənə yaraşırdı, nə də ustadın nüfuzuna. Amma söz ağızdan çıxıbsa, onu yenidən geri qaytarmayacaqsan ki?

Pərt vəziyyətdə keçib qabaq sıradakı oturacaqlardan birinə əyləşdim, sualımı daha mədəni tərzdə verib günahımı yumaq üçün məqam gözləməyə başladım. Qulaqlarım istər-istəməz həmin o 2 kişinin söhbətini tutdu. Belə başa düşdüm ki, onlardan biri hansısa bir müğənninin ansamlda oxuması üçün xahiş- minnətə gəlib. Arxası bir qədər zala tərəf dayanmış o biri kişi çox mədəni, sakit tərzdə onu bunun mümkünsüzlüyünə inandırmağa çalışır, minnətçi kişi isə dirəniş göstərib geri çəkilmək istəmirdi. Axırda "sakit" kişi səsini bir az qaldırıb dedi:

- Mən də bir neçə musiqi bəstələmişəm. İndi durum deyim ki, bəstəkaram? Hətta bir-iki dəfə oxumuşam da. Amma bu, mənim müğənni olmağım deyil axı!

...Nəhayət, söhbət bitdi və "minnətçi" kişi narazı halda səhnədən düşüb zalı tərk etdi. O biri kişi çevrilib səhnənin o biri başına tərəf gedəndə qəribə bir təbəssümlə, mehribanlıqla mənə tərəf baxdı. Bu dəfə onu işıqlı, mərhəm çöhrəsindən tanıdım - Əhsən Dadaşov idi.

...Sonralar hər dəfə bu əhvalatı xatırlayanda özümə təskinlik verirdim ki, o vaxt mən - dünənin uşağı böyük sənətkarı adı ilə çağıranda bəlkə də heç qəbahət iş tutmamışdım. Mən birbaşa ustadın özünə müraciət etsəydim, təbii ki, bu ehtiyatsızlığa yol verməzdim. Digər tərəfdən bu, bizim - tarzənliyin sirlərini öyrənən tələbələrin içindən gələn inersiyanın səsi idi. Biz öz bənzərsiz sənətləri ilə məktəb yaradan, mifləşən sənətkarkarı öz aramızda həmişə adları ilə yada salırdıq - məsələn, "Hacının "Orta mahuru", "Əhsənin "Şuru", "Ramizin "Segahı"...

Bu görüşün "ayağı" isə çox uğurlu oldu...

lll

Texnikumun 3-cü kursunda oxuyurdum. Tələbələrin filarmoniyada keçiriləcək böyük hesabat konsertinə hazırlaşırdıq. Bir neçə tələbəyə, o cümlədən də mənə konsertdə solo çıxış etmək xoşbəxtliyi nəsib olmuşdu - mürəkkəb muğamlarımızdan olan "Mahur-hindi"ni ifa edəcəkdim. Ciddi-cəhdlə, məsuliyyətlə hazırlaşırdım, amma düzü, tarım o qədər də döşümə yatmırdı, düşünürdüm ki, daha mükəmməl tarım olsaydı, muğamı da ürəyim istəyən kimi ifa edib, necə deyərlər, yaxşı mənada bir hoqqa çıxardardım. İxtisas müəllimimiz Akif Novruzov deyəsən, bunu hiss etmişdi. Bir gün dərsdən sonra məni kabinetinə çağırdı. Əlində sədəfli bir tar vardı. Mənə göstərib soruşdu:

- Hə, səncə, necə tardı?

Təbii ki, bu, bir yoxlama sualı idi və mən də o sualın elə ən yaxşı cavabını verdim:

- Akif müəllim, bunu yalnız tarı çalandan sonra bilmək olar.

Akif müəllim gülümsəyib dedi:

- Afərin! Onda götür bu tarda məşq elə. Bilmək olmaz, bəlkə elə konsertdə bu tarla çıxış edəsi oldun. Bu, adi tar deyil ha, Əhsənin (Dadaşovun - Ə.H.) tarıdır.

Bu sözləri eşidəndə boğazım qurudu - xoşbəxtlik quşu hardan gəlib başıma qonmuşdu bilmirəm. Sənətinə, şəxsiyyətinə pərəstiş elədiyimiz ustadın tarı ilə səhnəyə çıxıb muğam ifa eləmək hər adama, hər tələbəyə nəsib  olmurdu axı. Əhsən müəllim çox güman ki, təzə tar almış, köhnə tarını da "işsiz" qalmaması üçün Akif müəllimə etibar etmişdi. Akif müəllimin jesti isə sübut edirdi ki, bu inam, etibar sisiləsində növbəti etibarlı həlqə elə mənəm ki var...

Tarı götürüb evə gəldim. İlk günlər tar əlimə çətin yatırdı. Amma yada salanda ki, onun pərdələrində ustadın barmaqları gəzib, çanağına onun üzü dəyib, təbii ki, məsuliyyətim artır və buna uyğun ifamın səviyyəsi də yaxşılığa doğru dəyişirdi...

Nəhayət, konsert günü yetişdi və növbəm çatanda məni səhnəyə dəvət etdilər. Mikrofona yaxınlaşıb əyləşməzdən əvvəl gözucu zala nəzər salanda bir qədər arxa sırada əyləşmiş ustadları gördüm. Əhsən müəllim də onların arasında idi. Anladım ki, böyük imtahan qarşısındayam və bir halda ki, əlimdə Əhsən müəllimin tarını tutmuşam, mən nəinki bu imtahandan üzüağ çıxmalı, hətta nə isə bir hoqqa çıxartmalıyam.

"Mahur-hindi"ni ifa elədim, həmin hoqqanı isə lap sona saxladım: muğamı klassik yolla  - "Çahargah" ayağı ilə tamamladım.

Alqış sədaları altında özümü itirsəm də, gözucu ustadlar əyləşən tərəfə baxmağa macal tapdım - Akif müəllim də, Əhsən Dadaşov da baş barmaqlarını qaldırıb gülə-gülə mənə "əhsən" jesti göndərdilər.         

 





15.07.2022    çap et  çap et